EN

“Sabah” işini Bakıya saxlamadı

“Sabah” Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Moldovada “Petrokub”a qalib gəlib. “Bayquşlar” ikinci hissədə vurduğu qollarla mərhələ keçmək şanslarını ciddi şəkildə artırıb. 2:0-lıq üstünlük yaxalayan “bayquşlar”ın Bakıda turu əldən verəcəyi inandırıcı görünmür.

Oyuna daha yaxşı başlayan tərəf “Petrokub” olsa da, “Sabah”ın qapıçısı Stas Pokatilov ilk hissədə inamlı oyunla komandasının xilaskarına çevrildi. Təxminən oyunun yarımsaatından sonra üstünlüyü ələ almağı bacaran və daha təhlükəli epizodlar yaradan “Sabah” fasiləyə qədər iki qol şansı yaxalasa da fərqlənmək mümkün olmadı.

İkinci hissəyə də moldovalılar yaxşı başladı. Müdafiədəki etibarlı oyun və Pokatilovun seyvləri komandanı oyunda saxladı. Əvəzində uzun ötürmələrlə rəqibini səhvə məcbur edən “bayquşlar” bundan maksimum yararlandı. “Petrokub”un qolkiperi Silviu Smalenea səhv çıxışları “Sabah”ın “çörəyinə yağ sürtdü”. “Bayquşlar” son dəqiqələrdəki səhvləri ilə oyunda “açar” rolunu oynayan qolkiperin səhvlərini bağışlamadı.

“Sabah” Moldovada turun qapısını araladı. Valdas Dambrauskasın kollektivi növbəti oyunlar üçün ümid verir. Komanda “Petrokub”u keçəcəyi halda, Avropa Liqasında “Levski” – “Braqa” cütünün məğlubu ilə üz-üzə gələcək. Tərəflərin ilk dueli qolsuz başa çatıb. Favorit “Braqa”dır və “Sabah” böyük ehtimalla növbəti turda “Levski” ilə münasibətlərinə aydınlıq gətirəcək. Bolqarıstan təmsilçisi “Petrokub”dan daha keyfiyyətli komandadır və Dambrauskas moldovalılarla cavab görüşünü bir növ növbəti mərhələyə hazıqlır kimi də düşünə bilər.

Şahin Cəfərov

Chosen
19
futbolpress.az

1Sources