Azərbaycanda sənədsiz ev problemi həll olunacaq. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin İdarə Heyətinin sədri Nigar Alimova jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda daşınmaz əmlak obyektləri üzərində hüquqların rəsmiləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin iyulun 16-da imzaladığı fərman 100 minə yaxın vətəndaşa sənədsiz evlərini qeydiyyatdan keçirmək imkanı yaradacaq:
“Bu sənəd əslində amnistiya xarakteri daşıyır. Əvvəllər hüquq müəyyənedici sənəd hesab edilməyən bəzi arayış və sənədlərə bu status verilməklə, vətəndaşlara əmlaklarını rəsmiləşdirmək imkanı yaradılır. Bu dəyişikliklər 100 minə yaxın ailəyə hüquqi qeydiyyatla bağlı imkanlar təqdim edəcək”.
Qeyd edək ki, qanuna dəyişkilik sənədsiz ev sahiblərinin ümidlərini xeyli artırıb. Sənədsiz ev sahibləri, nəhayət ki, əmlaklarının dövlət reyestrində qeydiyyata alınacağına ümid edir.
Ramil Osmanlı: “Fərdi yaşayış evlərinin sənədləşdirilməsi istiqamətində konkret, real, ciddi əsaslandırılmış addımlar atılmalıdır”
Əmlak məsələləri üzrə eskpert Ramil Osmanlı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, sənədsiz evlər məsələsi illərdir ki, müzakirə olunur: “Belə məlumatlar səsləndirilir ki, ölkədə 10 minlərlə, hətta 100 minə yaxın fərdi evin sənədləşməsi həll olunacaq. Amma mən bu fikirdə deyiləm. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 yanvar 2015-ci l tarixli 439 saylı fərmanında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə dəyişikliyi tələb edən müvafiq istiqamətlər vardı. Ora müəyyən əlavələr edilib. Zənnimcə, bununla biz uzun illərlə yığılıb qalmış bu problem – sənədsiz 100 minlərlə evin qeydiyyat problemini həll edə bilək. Burada torpaq sahəsindən istifadəyə dair dəyişiklikdə ciddi problemlər ortaya çıxacaq. Bir halda ki sənədi olan, şəxsin daimi istifadəsində, icarəsində olan torpaq sahələri ilə bağlı elektron baza məlumatlarında fərqlər ortaya çıxır, illərlə məhkəmə mübahisələri davam edir, sənədi olmayan evlərlə bağlı müsbət olmayan cavabları daha çox eşidəcəyik. Bu baxımdan elə də böyük ümidlər bəsləmirəm”.
Ekspert hesab edir ki, fərdi yaşayış evlərinin sənədləşdirilməsi istiqamətində konkret, real, ciddi əsaslandırılmış addımlar atılmalıdır”.
Elnur Fərzəliyev: “Fərmana dəyişiklik sayəsində ölkə üzrə 100 minə yaxın daşınmaz əmlakın hüquqi qeydiyyata alınmasına şərait yaradılacaq”
Əmlak eksperti Elnur Fərzəliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ölkə üzrə ümumilikdə 100 minlərlə, yalnız Bakı və Abşeron ərazisində isə təxminən 500 minə yaxın çıxarışı olmayan daşınmaz əmlak, fərdi yaşayış evi və torpaq sahəsi mövcuddur: “Həmin əmlakların bir qismi qadağan olunmuş ərazilərdə inşa edildiyindən, digər bir hissəsi isə təyinat uyğunluğu baxımından xüsusilə kənd təsərrüfatı, əkin və biçin təyinatlı torpaqlarda yerləşdiyindən hüquqi rəsmiləşdirilmə mümkün olmayıb. Prezident İlham Əliyev tərəfindən imzalanmış fərmana edilən dəyişikliklər nəticəsində sənədləşmə prosedurlarında müəyyən yumşalmalar nəzərdə tutulub ki, bu da ölkə üzrə 100 minə yaxın daşınmaz əmlakın hüquqi qeydiyyata alınmasına şərait yaradacaq. Qısa müddət ərzində daşınmaz əmlak bazarında bu qədər əmlakın çıxarışla təmin olunması qiymət səviyyəsində enmələrə səbəb olacaq. Uzun müddətdir ki, daşınmaz əmlak bazarında müşahidə olunan qiymət artımlarının əsas səbəbi hüquqi sənədləşməsi olan əmlakların üstünlük təşkil etməsi və onların müxtəlif kredit mexanizmləri ilə satışa çıxarılmasıdır”.
Günel CƏLİLOVA