“BTC Co. şirkətinə Bakı-Tbilisi-Ceyhan (BTC) ilə nəql olunan xam neft yüklənmiş bəzi daşımalarda üzvi xloridlərlə bağlı potensial keyfiyyət məsələsi olduğu haqda məlumat daxil olub”.
Bunu “BP-Azərbaycan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı deyib.
Onun sözlərinə görə, BTC Co. dərhal boru kəməri boyunca yerləşən bütün obyektlərdə xam neftin keyfiyyətinin hərtərəfli qiymətləndirilməsi işlərini həyata keçirib:
“Bu qiymətləndirmələrin nəticəsi göstərdi ki, Ceyhan terminalınadək boru kəməri boyunca yerləşən bütün obyektlərdə xam neftin keyfiyyəti qəbul olunmuş spesifikasiyaya uyğundur. Əlavə olaraq, Ceyhan terminalındakı çənlərin içərisindəki xam neftin keyfiyyətinin qiymətləndirilməsi işləri də aparılıb. Nəticədə bəzi çənlərdə xam neftin tərkibində üzvi xloridlərin mövcudluğu müəyyən edilib. Dərhal müvafiq tədbirlər görülmüş və həmin çənlər təcrid edilib. Məsələnin araşdırılması və tam aradan qaldırılması üçün işlər aparılır”, – Tamam Bayatlı qeyd edib.
Onun sözlərinə görə, hazırda Ceyhan terminalında xam neftin tankerlərə yüklənməsi əməliyyatları davam edir və bu əməliyyatlar yalnız keyfiyyəti qəbul olunmuş spesifikasiyaya uyğun kimi qiymətləndirilmiş çənlərdən həyata keçirilir.