EN

Kilsəsiz siyasət: Ermənistanın gələcəyi dəyişə bilərmi? - ÖZƏL

Ermənistanın Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginin devrilməsi ilə bağlı fəaliyyət planını açıqlayıb. O, yeni katolikos seçkilərinin yalnız müasir erməni dilində hazırlanmasını və Milli Kilsə Şurası tərəfindən təsdiqlənəcək yeni Nizamnamədən sonra keçirilməsini təklif edir. Paşinyan həmçinin namizədlərin dürüstlüyünün yoxlanılması və seçki prosedurunun da bu sənəddə əks olunmasını istəyir. Hökumət və kilsə arasında gərginlik  birincinin sosial şəbəkədə kəskin fikirlərindən sonra daha da artıb.

Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar az-a açıqlama verib. Siyasi şərhçi qeyd edib ki, əgər Paşinyan kilsəni siyasətdən uzaqlaşdıra bilsə, Ermənistan sivil dövlətə çevrilə  və regionda sülh üçün real imkanlar yarana bilər:

" Paşinyanın katolikos məsələsindəki mövqeyi  Ermənistanın siyasi sistemində əslində köklü dəyişikliklər vəd edir. Buraya qədər Paşinyanın öz iqtidarı, baxmayaraq ki, 2018-ci ildə formalaşıb, üzərindən keçən 7 il ərzində - yəni 2025-ci ilə qədər və ondan əvvəlki bütün müstəqil Ermənistan dövləti tarixi ərzində - kilsə siyasətçilərdən daha hakim olub.
Ermənistanın dövlət olaraq formalaşmasını onların tarixən törətdiyi terror addımlarından ayıra bilmərik. Həmin terror hadisələrinin ideoloji mərkəzi məhz erməni kilsəsi olub. Ona görə də bu günə qədər erməni kilsəsi Ermənistanda siyasətin əsas aktoru kimi çıxış edib. Siyasətçilər atdıqları hər addımda kilsənin nə düşünəcəyini nəzərə alıblar və ona uyğun davranıblar.
"Böyük Ermənistan", "dənizdən dənizə Ermənistan", bütün bu anti-türk addımlar - bunların hamısı kilsənin başının altından çıxan planlar idi. Bu, həm regionun sülh və sabitliyinə ciddi zərbə vurdu, həm də Ermənistanın dövlət kimi məhvinə səbəb oldu. Bugün faktiki olaraq "Ermənistan adlı dövlətdən danışmaq" mümkün deyil. Niyə? Paşinyana qədər bu, Rusiya layihəsi formasında icra edilən bir şirkətə bənzəyirdi. İndi isə Paşinyan gəlib qərb layihəsinə bənzər bir dövlət-şirkət modeli qurub.
Ona görə də əgər Paşinyan həqiqətən də kilsəni siyasətdən uzaqlaşdıra bilsə - təbii ki, insanların inanc azadlığına qarışa bilməz, bu başqa məsələdir, amma əgər siyasətdə kilsəni aradan qaldıra bilsə, Ermənistan dövlət siyasətində kilsə öz nüfuzunu itirərsə, bu halda Paşinyan iddia etdiyi dünya ilə inteqrasiya, sivil dövlət quruculuğu, regional sülh və sabitlik kimi məsələlərdə əgər səmimidirsə, daha uğurlu addımlar ata bilər.
Amma kilsənin hələ də güclü olduğu bir situasiyada Paşinyan nə qədər səmimi olsa da, o sadaladığımız dəyərləri - sivil cəmiyyət, dünyaya inteqrasiya, sivil dövlətçilik və.s  həyata keçirə bilməz. Çünki kilsə buna imkan verməyəcək.
Bəllidir ki, Paşinyanın kilsəyə qarşı açdığı bu savaş ağrısız-acısız ötüşməyəcək. İlk günlərdən anti-Paşinyan hərəkatlarının başlanması, keşişləri dəstəkləyənlərin küçələrə axışması bunun ilkin göstəriciləri idi.
Proses radikallaşdıqca, yəni Paşinyan daha qəti addımlar atdıqca, biz bu prosesdə daha ağrılı hadisələrin şahidi ola bilərik. Paşinyana qarşı kütləvi aksiyalar da təşkil oluna bilər, üsyançılar ön plana çıxa bilər. Yəni bir şəkildə artıq Paşinyanın susdurulmasına və mövqeyindən geri çəkilməsinə doğru addımlar atıla bilər. Bu da Ermənistanın daxili siyasətində və vətəndaş cəmiyyətində parçalanmalara gətirib çıxara bilər.
Amma regional mövqeyə gəldikdə, mən dəyişiklik gözləmirəm. Onsuz da Ermənistanın regional və ya beynəlxalq siyasətdə mövqeyi o qədər də güclü deyil. Ermənistan sadəcə tərəfdaş olduğu və Cənubi Qafqaza müdaxilə etmək istəyən dövlətlərin vasitəsilə görünür. Ermənistanın Cənubi Qafqazda pozucu aktorlarla müəyyən əlaqələri var və bu qüvvələr Ermənistanı öz forpostları kimi gördükləri üçün, daxildə nə baş verməsindən asılı olmayaraq, onlara dəstək verməyə davam edəcəklər. Bu səbəbdən regional və beynəlxalq mövqelərdə ciddi dəyişiklik gözləməyə dəyməz.
Əgər həqiqətən Paşinyan  kilsəni devirməyi və onun gücünü qırmağı bacararsa, o halda sivil Ermənistan dövləti quruculuğu, bayaq da qeyd etdiyim kimi, əgər səmimidirsə, həyata keçə bilər. Bu proses baş verərsə, o zaman Azərbaycan-Ermənistan münasibətlərində də səmimiyyət artar və hələ ki, həlli mümkün olmayan bəzi məsələlərin çözümünə doğru daha uğurlu, daha effektiv addımlar atıla bilər". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
40
olaylar.az

1Sources