EN

Ramil İskəndərli: “Qlobal Cənub QHT Platforması COP29-un mirası kimi tarixə düşəcək”

Bu gün Bakıda “Fransanın müstəmləkəçilik siyasəti və bu ölkədə insan haqlarının vəziyyətinə dair ictimai dinləmələr” mövzusunda keçirilən beynəlxalq hibrid konfransda Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli çıxış edib.

QHT.az xəbər verir ki, Ramil İskəndərli çıxışında COP29 tədbiri çərçivəsində Qlobal Cənub QHT Platformasının yaranması təşəbbüsünü, bu təşəbbüsün reallaşmasında Azərbaycanın fəal mövqeyini və Bakı Təşəbbüs Qrupunun rolunu xüsusi vurğulayıb: 

“Bu gün burada COP29-un mirası olaraq Qlobal Cənub QHT Platformasının əhəmiyyətindən danışmaq istərdim. Platformanın formalaşması və təşəbbüsünün irəli sürülməsi məhz Bakı Təşəbbüs Qrupunun fəallığı ilə mümkün olub. Bu prosesin əsas məqsədi müstəmləkəçilikdən əziyyət çəkmiş xalqların səsinin beynəlxalq tribunalardan eşidilməsinə nail olmaqdır. Fransa parlamentində yeni konstitusiya dəyişiklikləri, referenduma çıxarılan qərarlar və Fransa Prezidentinin daxili və xarici siyasətinə dair mövqeyi ölkənin yeni müstəmləkəçilik siyasətinin iflasa uğradığını göstərir. Bu baxımdan, Qlobal Cənub QHT Platformasının təşəbbüsü bu prosesi izləyən və onunla mübarizə aparan mühüm struktur kimi meydana çıxır. Biz bu platformanı COP29-un mirası kimi qəbul edirik. 2025-ci ilin aprelində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq forumda platforma rəsmən təsis olundu. Bu forumda 116 ölkədən QHT nümayəndəsi iştirak edib. Bu, Azərbaycan diplomatiyasının, inklüzivlik və beynəlxalq həmrəylik prinsipinə sadiqliyinin bariz nümunəsidir.”

Ramil İskəndərli bildirib ki, Qoşulmama Hərəkatının 120 üzvü olduğu halda, artıq 116 ölkənin QHT nümayəndəsinin platformaya qatılması onun nüfuzunun və əhatəsinin genişliyindən xəbər verir. “Azərbaycan hər zaman Qlobal Cənubun səsinin beynəlxalq arenada eşidilməsi üçün mühüm addımlar atıb və bu istiqamətdə ardıcıl siyasət yürüdür,” – deyə o yekunlaşdırıb.

 

Pərvanə Fərhadqızı

Chosen
50
qht.az

1Sources