Azərbaycanın strateji valyuta ehtiyatları 2025-ci ilin ilk yarısında 9,4 faiz artaraq 77,4 milyard ABŞ dollarına çatıb.
Mərkəzi Bankın məlumatına görə, təkcə AMB-nin valyuta ehtiyatları 11,2 milyard dollara bərabər olub.
Bu fonda ölkənin 36 aylıq mal və xidmətlər üzrə idxalını qarşılayacaq qədər ehtiyat toplaması yüksək qiymətləndirilir.
Bəs valyuta ehtiyatlarının artımı manatın məzənnəsinə, inflyasiya və kredit siyasətinə necə təsir edə bilər?
Məsələ ilə bağlı Valyuta.az-a danışan bank məsələləri üzrə ekspert Əkrəm Həsənov qeyd edib ki, valyuta ehtiyatlarının artması manatın məzənnəsinin sabitliyinə birbaşa təsir göstərən amillərdəndir:
“Valyuta ehtiyatlarının artması o deməkdir ki, bu il ən azı devalvasiya üçün təhlükə yoxdur. Manat sabit olaraq qalacaq. Çünki valyuta ehtiyatlarının artması birbaşa pul siyasətinə təsir edən amildir”.
Ekspert əlavə edib ki, manatın məzənnəsi yaxın dövürdə hər hansı təhlükə ilə üz-üzə deyil:
“Manatın dollara bağlı olması və valyuta ehtiyatlarının əsasən dollarda saxlanılması səbəbindən, ehtiyatlar nə qədər çoxdursa, manat da o qədər sabitdir”.
Valyuta ehtiyatlarının artmasının inflyasiya və kredit siyasətinə təsirlərini də şərh edən ekspert bildirib ki, bu artım qısa müddətdə inflyasiya və kredit siyasətinə ciddi təsir göstərməyəcək:
“Manatla verilən kreditlərin və əmanətlərin həcmi arta bilər ki, bu da bank sektorunun aktivliyinə müsbət təsir edə bilər”.
Günay