EN

Azərbaycan hazırda 20-dən çox ölkəni neftlə, 12 ölkəni qazla təchiz edir

Şuşa qlobal media forumları regionumuzu və dünyanı düşündürən məsələlər ətrafında müzakirələr aparılaraq beynəlxalq informasiya məkanında rəy formalaşdıran platformaya çevrilib.  Həm də bu forumların açılış mərasimində Prezident İlham Əliyevin forum iştirakçılarının suallarına cavab verərək, əhəmiyyətli məsələlərə münasibət bildirməsi ənənə halı alıb. 

Bu il keçirilən forumda 52 ölkədən 140 qonağın, o cümlədən 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələrinin bir araya gəlməsi və hər il iştirakçıların sayının artması bu tədbirə qlobal marağın artdığını göstərir. 2 saat yarım davam edən forumun açılış mərasimində ekspertlərin suallarını çox ətraflı və diplomatik şəkildə cavablandırması Prezident İlham Əliyevin regionun və böyük bir coğrafiyanın siyasətinin formalaşmasına təsir göstərə bilən bir lider olduğunu bir daha təsdiq edir. 

Milli Məclisin deputatı Azər Badamov qəzetimizə açıqlamasında bildirib ki, artıq ənənə halını alan və sayca üçüncü olan budəfəki Şuşa Qlobal Media Forumu bir çox xüsusiyyətləri ilə olduqca maraqlı bir platforma, dünya mediasına səs salan tədbir kimi yaddaşlarda qaldı: "Prezident İlham Əliyevin forum boyu verilən suallara yüksək peşəkarlıqla, pozitiv ruhda cavab verməsi dövlət başçımızın həm lider, həm də insan olaraq müsbət xüsusiyyətlərindən xəbər verir. Suallara verilən cavabları izlədiyimiz zaman məntiqi ardıcıllıq qədər, qətiyyətin də şahidi oluruq. Bu qətiyyət ondan ibarətdir ki, əsrlər boyu qançanağı olan Cənubi Qafqaz bundan sonra sabitlik məkanı olacaq. Qeyd etdiyim məntiqi ardıcıllıq ABŞ və Qərblə münasibətlərdə də özünü büruzə verir. ABŞ-nin bundan öncəki administrasiyası zamanında korlanan münasibətlərin əksinə olaraq indi müsbət dinamikanın müşahidə olunduğunun şahidiyik. Bir fövqəl dövlət üçün son dərəcə mənfi haldır ki, ölkələrin ərazi bütövlüyü və suverenliyi kimi prinsipial məsələdə beynəlxalq hüququn norma və prinsipləri, eyni şərt və amilləri diktə etdiyi halda selektiv yanaşma ortaya qoyulur. Lakin dövlətimizin başçısı gözləntilərdən söz açarkən onların böyük olduğunu bildirdi və yaxın gələcəkdə ABŞ-Azərbaycan münasibətlərini yüksək səviyyəyə qaldıracaq mühüm hadisələrin proqnozunu verdi. Azərbaycan lazımi məqamda müraciət edilən, lazım olmayanda geri çevrilən aktor olmadığını yürütdüyü qətiyyətli siyasətilə sübut etməyi bacardı".

Deputat qeyd edib ki, digər dəyişən məqam Avropa təsisatları ilə bağlıdır. Onun sözlərinə görə, Azərbaycan-Avropa İttifaqı gündəliyinə yenidən başlanılacaq: "Əlavə olaraq bundan öncəki Avropa Komissiyası rəhbərliyi ilə mənfi məqamlar olsa da, yeni rəhbərlikdən sonra alınan və qarşılığında verilən müsbət cavablar bu təsisatla da münasibətlərdə yeni səhifənin açılacağından xəbər verir. Xarici siyasətimizin formasının dəyişməsi Azərbaycanın münaqişəyə son qoyan təcrübəli tərəf kimi artıq vasitəçilik missiyasını öz üzərinə götürməsində də görünür.  Forumda diqqətçəkən məqamlardan biri Latın Amerikası ölkələri ilə olan münasibətlərdir ki, Prezident sözügedən regionun bəzi ölkələrində səfirliklər açıldığını, rəsmi səfərlərin intensiv xarakter aldığını vurğuladı. Lakin genişlənən xarici siyasətimizdə Latın Amerikası ilə münasibətlərimiz arzu etdiyimiz səviyyədə deyil".

Azərbaycan-Çili parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi A.Badamov bildirib ki, son illər Latın Amerikasında sürətlə inkişaf edən ölkələrdən biri olan Çili əhalisi olduqca fəal iqtisadi əhali hesab edilir: "Bu faktın özü dövlətimizin başçısının da bildirdiyi kimi, çox böyük regionun potensialından hərtərəfli yararlanmaq üçün əsas yaradır. Burada söhbət sadəcə siyasi əlaqələrdən getmir, kənd təsərrüfatı, biznes, ticarət, potensial sərmayələr və mədəniyyət sahələrində ümumi bazislər üzərində işləmək lazımdır. Məhz bu məsələnin vacibliyi üzərində dayanan ölkə rəhbərinin nitqində bunun şahidi olduq ki, istiqaməti və mahiyyəti deyil, sadəcə forması dəyişən xarici siyasətimiz uzaq regionlara ayaq açıb".

Prezident İlham Əliyevə ünvanlanan sualların içində ABŞ-nin Beynəlxalq Siyasət İnstitutunun nümayəndəsi Paolo Liebl von Şiraxın "Sizcə ən əsas əhəmiyyətli inkişaf vektorları həm ölkəniz, həm regionunuz üçün nədən ibarətdir?" sualı daha da diqqəti çəkib. Çünki bu sual həm Azərbaycanın iqtisadi inkişafı perspektivində investisiyaların yatırılması üçün daha əhəmiyyət verdiyi sahələrin, həm də regionda əməkdaşlığın möhkəmlənməsi üçün baxışların nədən ibarət olduğunu geniş auditoriyaya çatdırılması baxımından çox əhəmiyyətlidir. A.Badamov bununla bağlı söyləyib ki, dövlət başçısı investisiyaların yatırılması üçün prioritet sahələr  IT, aparıcı texnologiyalar sektoru olduğunu qeyd edərək süni intellektlə bağlı aparıcı şirkətlərlə artıq əməkdaşlıq etdiyimizi bildirdi. Prezident İlham Əliyev siyasətçi kimi uzaqgörəndir. Məhz ona görə də ölkəmiz zamanı qabaqlayaraq qlobal çağırışlara vaxtında adaptasiya olur. Ölkələrin elmi inkişafı süni intellektin hansı səviyyədə qavranılmasından və tətbiqindən asılı olacaq.  Ölkəmiz indidən süni intellektə və qabaqcıl texnologiyalara üstünlük verir. Son vaxtlar ərsəyə gələn bütün istehsal sahələrimiz innovativ  texnologiyalar üzərində qurulur. Bu da bizə beynəlxalq standartlara uyğun məhsulları istehsal etməyimizə və dünya bazarında rəqabətqabiliyyətli iqtisadiyyatı qurmağımıza imkan verir. Dövlət başçısı Orta dəhlizin genişləndirilməsi üçün tranzit marşrutu boyu infrastrukturun və sahələrin yaradılması, əlavə sərmayə cəlb edilə biləcəyini bildirdi. Bunun üçün bir neçə əsas şərtin təmin edilməsinin vacib olduğunu qeyd etdi. Birincisi, sabitlik və təhlükəsizlikdir. Azərbaycan Qarabağ müharibəsini sonlandırmaqla regional təhlükəsizlik üçün əsaslar yaratmış oldu. Mərkəzi Asiya regionu, Cənubi Qafqaz, ondan Şərqdə və Qərbdə yerləşən ölkələr sabit dövlətlərin olması və Qarabağ münaqişəsinin başa çatması layihələrin təşviqi baxımından mühüm amildir. Prezident İlham Əliyev ikinci amilin qonşularla və qonşularımızın qonşuları ilə xoş münasibətlərin olmasının vacib olduğunu bildirdi. Azərbaycan sözü imzası qədər möhkəm olduğuna görə, etibarlı tərəfdaş imicini formalaşdırıb. Bu da ölkəmizin ərazisindən keçən beynəlxalq tranzit layihələrin daha da perspektivli olmasına yol açır". 

 A.Badamov qeyd edib ki, regional gündəlikdən danışan dövlət başçısı "yaşıl enerji" layihələrinə üstünlük verdiyimizi qeyd edib: "Reallıq odur ki, ölkəmiz "yaşıl gündəliy"i müəyyənləşdirərək bu sahəyə böyük sərnmayələr cəlb edir və 2030-cu ilə qədər 6 qiqavat gücündə "yaşıl enerji" istehsal etməyi hədəfləyir. Azərbaycan istehsal etdiyi "yaşıl enerji" ilə yanaşı, Mərkəzi Asiya ölkələrində də istehsal olunacaq alternativ enerjinin Avropaya ixrac olunması istiqamətində birgə layihələrin üzərində işləyir. Bu, həm də Azərbaycanın regionun lokomotiv ölkəsi olduğunu təsdiq edir". 

Deputat hesab edir ki, Prezidentin açıqlamaları regiona qlobal marağı artıracaq və əlavə investisiyaların cəlb olunmasına yeni impuls verəcək: "Bir çox fikirlərin ilk dəfə səsləndirilməsi də daxil olmaqla son dərəcə səmimi ortamda baş tutan sual-cavab, ümumilikdə III Şuşa Qlobal Media Forumu dövlətimizin başçısının dünyamiqyaslı siyasətçi olduğunu bir daha sübut etdi". 

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

1Sources