EN

Nazir: TDT-yə üzv olan ölkələrin müdafiə sənayesi sahəsində böyük potensialı var

Bakı, 23 iyul, AZƏRTAC

Türkiyənin İstanbul şəhərində keçirilən “IDEF 2025” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində iyulun 23-də Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələrin müdafiə sənayesi qurumlarının rəhbərlərinin birinci iclasında iştirak edib.

Nazirlikdən AZƏRTAc-a verilən məlumata görə, tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan təmsil olunub.

İclasda çıxış edən nazir V. Mustafayev Azərbaycanın TDT-nin əhəmiyyətini yüksək qiymətləndirdiyini və bu platformanın yalnız siyasi və iqtisadi deyil, eyni zamanda, hərbi-texniki əməkdaşlığın dərinləşdirilməsi üçün strateji fürsət olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, türk dövlətləri arasında müdafiə sənayesi sahəsində qurulacaq möhkəm əməkdaşlıq mexanizmləri ortaq təhlükəsizlik maraqlarını təmin etməklə yanaşı, milli müdafiə potensialının da gücləndirilməsinə xidmət edəcək.

Nazir TDT-yə üzv olan ölkələrin müdafiə sənayesi sahəsində birgə elmi-tədqiqat layihələrinin təşkili, texnoloji biliklərin mübadiləsi, mühəndis və texniki kadrların hazırlanması, qarşılıqlı təcrübə proqramları, həmçinin birgə istehsal kimi istiqamətlərdə böyük potensialının olduğunu vurğulayıb. Bu təşkilatın müdafiə sənayesi sahəsində türk dövlətlərinin texnoloji asılılığını minimuma endirmək üçün zəruri platforma olduğunu bildirən V. Mustafayev ölkələrimiz arasında strateji əməkdaşlığın, həm də qlobal miqyasda sülhün və sabitliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını deyib.

İclasda müdafiə sənayesi sahəsində tərəfdaşlığın önəmindən danışılıb, hərbi-texniki sahədə əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Chosen
100
4
azertag.az

6Sources