EN

Ürəyin müalicəsi üçün inqilabi yenilik ediblər - Foto

Ürəyin

ABŞ-nın İllinoys ştatındakı Şimal-Qərb Universitetinin alimləri ənənəvi kardiostimulyatorlarla müqayisədə ürək xəstəliklərinin müalicəsində inqilabi yenilik sayılan cihaz hazırlayıblar.

Reyting.az
xəbər verir ki, düyü dənəsindən kiçik olan yeni nəsil kardiostimulyator şprisdən istifadə etməklə, əməliyyat olmadan birbaşa ürək toxumasına yeridilə bilər.

Simsiz cihaz qan və digər bədən mayeləri ilə qarşılıqlı əlaqədə öz enerjisini yaradır. Öz funksiyasını yerinə yetirdikdən sonra orqanizm tərəfindən sorulur və tullantı kimi xaric olur.

Yeni cihaz sinə üzərində xaricdən yerləşdirilmiş kiçik sensorla birlikdə işləyir. Ürəkdə nizamsızlıq aşkar edildikdə, bu sensor infraqırmızı işıqdan istifadə edərək kardiostimulyatoru aktivləşdirir, ürək ritmini normal vəziyyətə gətirir. Lazım olduqda isə yenidən yandırıla və söndürülə bilər.



Tədqiqat qrupuna rəhbərlik edən professor Con Roker yeni cihazı dünyanın ən kiçik kardiostimulyatoru kimi təqdim edib.

Professor xüsusilə körpələrin ürək əməliyyatlarında müvəqqəti kardiostimulyatorlara ehtiyacın belə bir həll yolunun axtarışına səbəb olduğunu bildirib.

“Nature” jurnalında dərc edilən araşdırmaya görə, yeni cihaz heyvanlar üzərində araşdırmalar zamanı uğur qazanıb. İnsanlar üzərində sınaqların bir neçə il ərzində başlayacağı gözlənilir. Ürək böhranı, aritmiya və ya əməliyyatdan sonra sağalma zamanı həyati əhəmiyyət kəsb edən kardiostimulyatorlar naqilli təbiəti və batareyanın dəyişdirilməsi və ya çıxarılması ehtiyacı səbəbindən fəsadlara səbəb ola bilər. Bu riskləri aradan qaldıraraq, yeni cihazın xəstələr üçün kardiostimulyatordan istifadənin həm təhlükəsizliyini və rahatlığını artıracağı gözlənilir.

V. QULİYEV
Chosen
22
1
reyting.az

3Sources