EN

Məktəbli formalarında yenidən dəyişiklik valideynləri narazı saldı...


Kamran Əsədov: “İstehsal və satışın monopoliyada cəmləşməsi qiymətlərin süni şəkildə yüksək saxlanmasına səbəb olur”

Yeni dərs ili ərəfəsində məktəbli formalarında dəyişiklik edilməsi planlaşdırılır. Bu isə valideynlər arasında narazılığa səbəb olub.

Onların fikrincə, yeni formaların qiyməti baha, keyfiyyəti isə yüksək səviyyədə deyil. Valideynlər qeyd edir ki, bu dəyişikliklər ailə büdcəsinə əlavə yük salır və bu, xüsusilə bir neçə məktəbli övladı olan ailələr üçün ciddi problemə çevrilə bilər. Onu da qeyd edək ki, son illər ərzində məktəbli formaları bir neçə dəfə dəyişib.

Maraqlıdır, bu dəyişikliklər hansı məqsədlə edilir və onların təhsil mühitinə real təsiri nə olacaq?

Təhsil eksperti Kamran Əsədov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, məktəbli formalarının dəyişdirilməsi məsələsi təkcə geyim dəyişikliyi deyil, həm sosial bərabərlik, həm də iqtisadi ədalət baxımından ciddi nəticələr doğuran qərardır: “2025-ci ilin yeni dərs ili ərəfəsində tətbiqi planlaşdırılan formaların qiyməti, keyfiyyəti və məcburi tətbiqi ictimai narazılığın əsas səbəbləri sırasındadır. Bu qərarın rəsmi izahı şagirdlər arasında vahidlik, nizam-intizam və estetik görünüşün təmin olunması olsa da, reallıqda bir çox ailə üçün bu dəyişiklik maddi yük və sosial gərginlik yaradır. “Azərbaycan Respublikasının “Ümumi təhsil haqqında” Qanununun 19.2-ci maddəsində qeyd olunur ki, “şagirdlərin geyim formaları ümumi təhsil müəssisələrinin nizamnaməsinə uyğun olaraq təyin edilir və bu zaman təhsilalanların ailələrinin maddi vəziyyəti nəzərə alınmalıdır”. Lakin formaların qiymətləri və satış mexanizmi bu qanuni prinsipə uyğun həyata keçirilmir. Hazırda təqdim olunan yeni formaların qiyməti 70–100 manat aralığında dəyişir. Bir ailədə iki və daha artıq məktəbli varsa, bu xərc 150–200 manatı ötür və bu, xüsusilə minimum əməkhaqqı (345 manat) ilə yaşayan ailələr üçün ciddi maddi yükdür.

Valideynlərin ciddi narazılığı formaların məcburən tətbiq olunması və alternativ geyim variantlarına icazə verilməməsi ilə bağlıdır. Halbuki, bəzi inkişaf etmiş ölkələrdə – məsələn, Finlandiya, Almaniya və Estoniyada məktəbli forması anlayışı ümumiyyətlə mövcud deyil və geyim azadlığı şəraitində belə şagirdlər arasında sosial narahatlıq və intizamsızlıq müşahidə edilmir. Digər tərəfdən, Yaponiya və Cənubi Koreya kimi ölkələrdə vahid məktəbli formaları olsa da, dövlət bu geyimləri subsidiyalaşdırır və aşağı gəlirli ailələr üçün xüsusi güzəştlər tətbiq edir. Azərbaycanda isə nə dövlət tərəfindən maddi dəstək mexanizmi hazırlanıb, nə də qiymətə nəzarət mexanizmi tətbiq olunur. Bu da sübut edir ki, qərar hazırlanarkən sosial bərabərlik və ailə büdcəsinin imkanları nəzərə alınmayıb.

Formaların dəyişdirilməsi addımı eyni zamanda təhsildə estetik görüntü ilə mahiyyət arasında qarışıqlıq yaradır. Əgər məqsəd şagirdlərdə nizam-intizam yaratmaqdırsa, bu yalnız geyimlə mümkün deyil. Nizam-intizamı formalarla yaratmağa çalışmaq, təhsilin keyfiyyət göstəricilərini forma ilə ölçmək anlayışının kökündən yanlış olduğunu göstərir. Təhsil keyfiyyəti müəllimin səriştəsi, tədris metodikası, məktəbin idarəetməsi və mühitin sağlamlığı ilə ölçülür, şagirdin geyimi ilə yox.

Bu qərarın daha bir problemli tərəfi onun tətbiq mexanizmidir. Formanın hazırlanması və satışının hansı şirkətlərə həvalə olunduğu, tender prosesinin necə keçirildiyi, keyfiyyət standartlarının nə olduğu barədə cəmiyyətə heç bir məlumat təqdim olunmayıb. Bu da şəffaflıq və korrupsiya ehtimalları ilə bağlı narahatlıqları artırır. Sosial mediada minlərlə valideyn formaların cırıq, köhnə model və keyfiyyətsiz materialla hazırlandığını bildirir. İstehsal və satışın monopoliyada cəmləşməsi isə qiymətlərin süni şəkildə yüksək saxlanmasına səbəb olur.

Elm və Təhsil Nazirliyi bu məsələdə kifayət qədər passiv davranır. Qərarın səbəbi, mexanizmi və ictimaiyyətlə məsləhətləşmə prosesi barədə heç bir məlumat verilmir. Nazirlik bu məsələdə nə sosial təsir qiymətləndirməsi aparıb, nə ailələrin maliyyə yükünü öyrənib, nə də ictimai rəy sorğularına əsaslanıb. Onların planı yoxdur, proqnozları yoxdur, ictimai etirazlara cavab verəcək strategiyaları da görünmür. Yalnız məktəblərə göstəriş göndərmək və icra tələb etmək bu qədər həssas məsələyə doğru yanaşma deyil.

Əgər dəyişikliklərin təhsilə real müsbət təsir göstərməsi nəzərdə tutulursa, formaların dizaynı və qiyməti ilə yanaşı, onun tətbiqi də çevik və sosial ədalətli olmalıdır. Maddi imkanı zəif olan ailələrə dövlət büdcəsindən subsidiya ayrılmalı, aztəminatlı ailələrə forma pulsuz təqdim olunmalı, valideynlərə seçim azadlığı tanınmalı və yerli istehsalçılar üçün rəqabətli şərait yaradılmalıdır. Məcburilik yox, könüllülük və izah əsaslı model tətbiq edilməlidir.

Əks təqdirdə, məktəbli forması ətrafında yaradılan bu süni “nizam” təhsilin mahiyyətinə zərbə vuracaq və ailələrlə təhsil sistemi arasında etimad uçurumu daha da dərinləşəcək. Təhsil formaya görə yox, məzmuna görə dəyər qazanmalıdır. Hazırkı dəyişikliklər isə daha çox kosmetik xarakter daşıyır, struktur və mahiyyət baxımından heç bir keyfiyyət artımı vəd etmir”.

Günel CƏLİLOVA

Chosen
47
baki-xeber.com

1Sources