EN

SÖZÜN YUBİLEYİ

"ƏKİNÇİ"NİN AD GÜNÜNDƏN SONRAKI DÜŞÜNCƏLƏR

"Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. Azərbaycana qarşı əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib. Bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda lazım gəldikdə hücuma da keçir. Bu da lazımdır. İdmanda bəzən deyirlər ki, ən yaxşı müdafiə hücumdur. Mən bu tezisə şərh vermək istəmirəm. Amma fakt odur ki, bu gün Azərbaycan mediasını bir çox ölkələrdə müxtəlif səviyyələrdə oxuyurlar, mediada gedən yazıları, məqalələri təhlil edirlər. O məqalələrin Azərbaycanın rəsmi mövqeyinə nə dərəcədə uyğun olub-olmaması ilə bağlı da fərziyyələr irəli sürülür. Bu, deməyə əsas verir ki, mediamız doğrudan böyük inkişaf yolu keçib".

İlham ƏLİYEV

Milli mətbuatımızın yaranmasının 150 illiyini geniş şəkildə bayram etdik.

Həsən bəy Zərdabinin "Əkinçi"sinin 150 yaşını yubiley kimi keçirdik.

Artıq Azərbaycan milli mətbuatının 150 yaşı var!

Cəmi 2-3 il ömür sürən "Əkinçi" hansı yollardan keçib, hansı maneə və çətinlikləri dəf edib, hansı uğur və problemlərdən yazıb, xalqına necə xidmət göstərib...

Bütün bunları bir məqaləyə sığışdırmaq mümkün deyil!

* Xoş olan odur ki, bu gün "Əkinçi" olmasa da, onun davamçıları var!

* Xoş olan odur ki, bu gün keçilən yola müstəqil Azərbaycandan baxa bilirik!

* Xoş olan odur ki, bu gün geriyə həm də 44 günlük Zəfər müharibəsinin zirvəsindən baxırıq!

Mətbuat üçün isə həmişə uğurlar da, qayğılar da, problemlər də olub və olacaqdır.

***

Həsən bəy mülkədar oğlu idi.

Varlı ailənin övladı kimi mükəmməl təhsil də almışdı.

Həsən bəy dövlət qulluğunda işləyərək yaxşı məvacib alırdı.

Müasirlərindən birinin söylədiyi kimi, əgər həmin məvacibdən hər ay Bakı ətrafındakı boş sahələrdən bir desyatin torpaq alsaydı, yəqin ki, o da neftxudalardan birinə çevrilər, ömrünü firavanlıqla başa vurardı...

Lakin...

Digər müasirlərindən birinin dediyi kimi, Həsən bəy bu yolu tutmadı, "Bakıya yoxsul gəlib, yoxsul da getdi".

Çünki Həsən bəy qazancını millət yolunda, onun gələcəyi üçün xərcləyirdi.

Həsən bəy maarifpərvər insan idi!

Xalqını savadlı görmək, mövhumat və cəhalətdən uzaqlaşdırmaq istəyirdi...

İstəyirdi ki, Azərbaycan gənci elmi biliklərə yiyələnsin, xalqına müasir dünyagörüşlü insan kimi xidmət etsin, onu irəli aparsın.

Həsən bəy bütün bunların yolunu qəzet yaratmaqda görürdü.

Yana-yana yazırdı: "Hər kəsi çağırıram gəlməyir, göstərirəm görməyir, deyirəm qanmayır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri əlac yoxdur".

Çağırmaq, inandırmaq, gözünü açmaq üçün isə qəzetə ehtiyac vardı.

Ancaq həmin qəzeti necə, nə ilə buraxasan: "Bəs qəzetəni necə çıxardım? Pul yox, yazıçı yoldaşı yox, çapxana yox, hürufat yox, əmələ yox. 1-2 yüzdən artıq oxuyan da olmayacaq. Dövlət tərəfindən izin almaq da ki, bir böyük bəladır".

Amma Həsən bəy ruhdan düşən, geri çəkilən insanlardan deyildi!

***

Qəzet açmağın ən böyük maneəsi senzura idi.

Çar Rusiyası əyalətlərdəki qeyri-rusların qəzet buraxmalarına, maariflənmələrinə heç vəchlə yol vermək istəmirdi.

Lakin Həsən bəy bu maneəni şəxsi yolla, Bakının ozamankı general-qubernatoru Staroselski ilə xoş münasibətləri sayəsində aradan qaldıra bildi.

Qəzet buraxılışının texniki çətinliklərinin də öhdəsindən birtəhər gəldi. İstanbula gedib oradan 10 pud şrift alıb gətirdi.

Qəzet işi təzə olduğundan onun yığılması, səhifələrin bağlanması və çapını da bilən yox idi.

Bir erməni Minasov tapdı.

O da bacısı oğlunu bu işə cəlb etdi.

Gücləri az olduğundan Həsən bəy qəzet çıxan günlərdə qolunu çırmalayaraq mətbəədə də çalışırdı.

Erməni öz xislətindən əl çəksə, o, daha erməni ola bilməzdi ki...

Minasov "Əkinçi"də işləyərək çörəyini ondan çıxarsa da, Həsən bəydən jandarm idarəsinə çuğulluq etməklə də məşğul idi.

Qəzetin başqa bir həllolunmaz problemi isə maliyyə məsələsi idi.

Həsən bəy qapı-qapı düşüb gəzdi, dostlarına, tanıdıqlarına, imkanlı insanlara müraciət etdi.

HEYHAT!

Bir müsibətlə qəzetin 56 nömrəsini buraxdı...

"Dost"ları, sapı özümüzdən olan baltalar da bir yandan imkan vermirdilər.

Donos dalınca donos...

Staroselskinin Bakının general-qubernatorluğundan getməsi vəziyyəti daha da gərginləşdirdi.

Ondan sonra senzor funksiyasını "Tolstıy" ("Yoğun") ləqəbli vitse-qubernator yerinə yetirməyə başladı və senzuranın bütün sərtliyini tətbiq etdi.

Nəhayət, Minasovla əlbir olaraq "Əkinçi"nin fəaliyyətinə son qoydular.

Ancaq "Əkinçi" ziyasını heç kim söndürə bilmədi!

Həsən bəyin açdığı tək cığır sonradan yola çevrildi,  getdikcə genişləndi.

Artıq o yolun başlanğıcından 150 illik bir məsafə keçib.

Lakin xalqımız bu görkəmli maarifpərvəri, fədakar insanı heç zaman unutmayır!

İlk qəzetin, Azərbaycan dilində ilk mətbu sözün banisi kimi daim hörmət və ehtiramla xatırlayır!

Həsən bəy Zərdabinin Azərbaycan mədəniyyətinə və mətbuatına "Əkinçi" töhfəsi əbədiyaşar, müəllifinə və xalqımıza daim başucalığı gətirən bir ərmağandır.

***

Azərbaycan mətbuatına ikinci ən dəyərli və əvəzolunmaz töhfəni isə Ulu Öndər Heydər Əliyev verdi.

Mətbuatla birgə yaranan senzura daim onu izləmiş, fəaliyyətinə zaman-zaman əngəllər törətmiş, böyük həvəslə cəzalandırmışdır.

Bu cəza çox halda mətbu orqanın nəşrinin dayandırılmasına səbəb olmuşdur.

Mətbu sözə qoyulan senzura, əslində, azad və müstəqil düşüncəyə, insanın düşündüyütək danışmasına qoyulan qadağa funksiyasını daşıyırdı.

Mətbuatla bərabər, bəlkə də ondan da qabaq yaranan senzura heç zaman qəzet və jurnallardan əl çəkməyib, ən yaxşı halda iti qayçıya çevrilərək cəsarətli və ifşaedici söz və ifadələri kəsib doğrayıb.

Ta o vaxta qədər ki, insanlar azad yaşamaq, azad düşünmək uğrunda mübarizədə qalib gəldilər.

Bununla da demokratiyanın qayda və prinsiplərini, insan azadlığının çərçivəsizliyini müəyyən etdilər.

Bu, kapitalizmdə baş verdi.

"Xalqın hakimiyyəti" adlandırılan sosializmdə mətbuat "milyonların tribunası", "azad söz meydanı" adlandırılsa da, senzura nəzarəti əvvəlkilərdən də sərt şəkildə mövcud idi.

Doğrudur, daha köhnə termindən - "senzura" sözündən istifadə olunmurdu.

Müttəfiq respublikaların nazirlər sovetləri yanında yaradılan "Mətbuatda Dövlət Sirlərini Mühafizə edən Baş idarə" adlandırılırdı.

Amma funksiya eyni idi: ya keçəl Həsən, ya Həsən keçəl.

Bir qəzet, jurnal, kitab, tele-radio verilişi belə həmin baş idarənin nəzarətindən kənarda qala bilməzdi.

Maraqlıdır ki, həmin idarə Azərbaycanın "Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olunduqdan sonra da yaşayır və fəaliyyət göstərirdi.

Hətta AXC-Müsavat cütlüyünün iqtidarı dövründə belə!

"Bəylər" özlərini "demokrat", "insan hüquqlarının qoruyucuları" saysalar da, senzuranı ləğv etmək cürətində deyildilər!

Çünki elə əməllər törədirdilər ki, onların mətbuat səhifələrinə çıxmasından ehtiyatlanır və qorxurdular.

Beləliklə, "bəylər" hakimiyyətləri dövründə nəinki mətbuata senzura nəzarətini ləğv etmədilər.

Əksinə!

Ölkədə müharibə getdiyini bəhanə gətirərək ikinci bir senzura - "hərbi senzura"nın tətbiqi barədə də sərəncam verərək mətbuata dövlət nəzarətini ikiqat artırdılar!

Mətbuatı əsrlərboyu davam edən senzura buxovlarından yalnız Ulu Öndər Heydər Əliyev xilas etdi! 

6 avqust 1998-ci ildə imzaladığı fərmanla "mətbuatda dövlət sirlərinin mühafizəsi" adlı senzura funksiyasını yerinə yetirən idarəni ləğv etməklə mətbu sözü qadağa buxovundan tamamilə qurtardı, eyni zamanda insanlara düşündüklərini sərbəst şəkildə yazmaq və demək imkanı yaratdı!

Bəli, Həsən bəy Zərdabi Azərbaycanda ilk qəzetin, mətbu sözün banisidir!

Ulu Öndər Heydər Əliyev isə azad sözün, müstəqil və senzurasız mətbuatın banisidir!

Mətbuatı yaradan, yaşadan, onun bütün əziyyətlərini çəkən jurnalistlərdir.

Bu peşə insanlardan təkcə zəruri bilikləri yox, həm də vətənpərvərliyi, zəhmətə qatlaşmağı da tələb edir.

Bəzən jurnalistləri bal arısına bənzədirlər: hər çiçəyə qonaraq şirə toplayan, sonra onu şirin bala çevirən arıya.

Jurnalist həqiqətən bal arısı kimi fərqli peşə sahibidir.

Bütün günü fakt toplayır, yenilik axtarır.

Jurnalist əməyinə də ən gözəl, ən əhatəli, ən mükəmməl tərifi məhz Ulu Öndər Heydər Əliyev vermişdir.

Dünyada bənzəri və bərabəri olmayan tərifi!

Hər dəfə bu bənzətmələri qürurla oxuyur, Ulu Öndər Heydər Əliyevə minnətdarlıq hissi ilə rəhmət diləyirik:

"Jurnalist əməyi qeyri-adi əməkdir, olduqca böyük, zəhmətli əməkdir, çox səylər göstərilməsini, hətta cəsurluq, hünər, fədakarlıq tələb edən əməkdir, öz peşəsinə vurğunluq tələb edən əməkdir".

***

Ulu Öndər Heydər Əliyev qəzetçilərə və jurnalistlərə daha bir dəyərli töhfə bəxş etmişdir.

Milli Mətbuat və Jurnalistika Günü hər beş ildən bir yubiley kimi keçirilir, bu sahədə fərqlənənlər mükafatlandırılır, dövlət təltiflərinə layiq görülürlər.

***

Qəzetlər bu gün tarixlərinin ən çətin dövrlərindən birini yaşayır.

Reklam bazarı bağlanmış, tiraj az qala Zərdabi dövründəki səviyyəyə enmiş, qəzetçilik ən yaxşı halda "paytaxt peşəsi"nə çevrilmişdir.

* Kimlərsə belə hesab edirlər ki, qəzetin dövranı bitmişdir.

* Kimlərsə belə hesab edirlər ki, elektron media varsa, print media arxivə verilməlidir.

Bəlkə də milli mətbuatın 155 illiyini qəzetsiz qeyd edəsi olduq...

Amma qəzet təkcə xəbər yayımı ilə məşğul olmur ki, deyəsən sosial şəbəkə daha çevik və operativdir.

* Qəzet həm də dövrünün salnaməsini yaradır!

* Qəzet həm də bu günün ən doğru və etibarlı mənbəyi, sabahın arxividir!

Bu gün Azərbaycan yeni tarix yaradır!

Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Zəfər müharibəsindəki hərbi möcüzəsini Qarabağda və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri formasında yenidən təkrar edir!

Qəzetsiz bu tarixi kim yazacaq, harda saxlanacaq, gələcək nəsillər bu möcüzələr haqqındakı həqiqi və ən doğru faktları, hadisələri haradan tapıb oxuyacaqlar?!

Elektron və sosial media çap mediasını udub yox etməlidirmi?!

 Zaman ən gözəl təbibdir demişlər!

 Bu dəfə təbib öldürəcək, yoxsa xilas edəcək?

 İndidən söyləmək çətindir!

 Yaşasaq görəcəyik!

***

Bəşəriyyət yaranandan, insan ictimai varlığa çevriləndən daim sözlə bir olub, sözlə yoldaşlıq edib.

* İnsanlar fikir və mövqelərini sözlə bildirirlər.

* İnsanlar hiss, həyəcan və duyğularını bir-birlərinə sözlə çatdırırlar.

* İnsanlar dostluqlarını, yaxud düşmənçiliklərini sözlə bəyan edirlər.

Müharibələr sözlə başlayır, sülh müqaviləsi sözlə bağlanır.

Sözün dəyəri var!

Sözün kəsəri var!

Mənasız söz də olur!

Boş danışıq da olur!

Bütün bunlar sözün kimin ağzından çıxması, kimin deməsi ilə müəyyənləşir.

* Sözü qiymətli etmək də olar, sözü dəyərsizləşdirmək də mümkündür!

* Söz həm də insanın mahiyyətini üzə çıxarır.

* Sözü ilə əməli bir olan insan dəyərli insan sayılır!

* Sözü ilə əməli bir olan insan mərd və cəsarətli hesab olunur.

* Sözünün ardında duran insan daima sevilir və yüksək qiymətləndirilir.

Dünyada bir çox kəşf olub, nəyisə nə iləsə əvəz ediblər.

Söz isə əvəzsizdir!

Sözü nə iləsə dəyişmək mümkün deyil!

Ürəklər də bir-biri ilə səssiz danışanda sözdən istifadə edirlər.

Süni intellekt də sözsüz keçinə bilmir.

Sözə xidmət edənlər insanlığa, bəşəriyyətə xidmət etmiş olurlar.

Sözün qədrini bilmək, onu qorumaq, dəyərləndirməyi bacarmaq hər oğulun işi deyil.

Artıq üçüncü dəfədir ki, dünya söz eşitmək üçün Şuşa Qlobal Media Forumuna toplaşır!

Bu foruma ağıllı, sözün qədrini bilən, dəyərini dərk edən insanlar gəlirlər.

Dünyanın sabahı üçün narahatlıq keçirən insanlar gəlirlər.

Dünyanın ağıllı, müdrik, uzaqgörən, xeyirxah və fərqli liderindən nəsə eşitmək, nəsə öyrənmək, onları düşündürən suallara cavab almaqdan ötrü gəlirlər.

* İlham Əliyevə müasir dövrün bilicilərindən biri kimi sual verirlər!

* İlham Əliyevə Azərbaycanın Prezidenti kimi sual verirlər!

* İlham Əliyevə Müzəffər Ali Baş Komandan kimi sual verirlər!

* İlham Əliyevə Cənubi Qafqazın söz sahibi kimi sual verirlər!

* İlham Əliyevə adı böyük hərflərlə yazılan şəxsiyyət kimi sual verirlər!

İngilis dilində sual verirlər.

Rus dilində sual verirlər.

Azərbaycan dilində sual verirlər.

Hərə sual verdiyi dildə də cavabını alır!

İlham Əliyevin özü kimi, gördüyü işlər kimi sözü də, şəxsiyyəti də hamı üçün çox əziz və dəyərlidir!

Bunu təkcə biz yox, Azərbaycan xalqı deyil, dünyanın sayılan, seçilən insanları, söz xiridarları, əmələ qiymət verməyi bacaran insanlar da söyləyir.

Sözün mübarək, Azərbaycan milli mətbuatı!

Bəxtiyar SADIQOV

1Sources