İndoneziya Amerika məhsullarına tətbiq edilən gömrük rüsumlarını və faydalı qazıntıların ABŞ-a ixracına qoyulmuş məhdudiyyətləri aradan qaldıracaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp sosial şəbəkə Truth Social-da məlumat verib.
O bildirib ki, Vaşinqton və Cakarta arasında əldə edilmiş razılaşmaya əsasən, İndoneziya gömrük baryerlərinin 99%-ni ləğv edəcək və ABŞ-ın sənaye, texnologiya və kənd təsərrüfatı məhsulları üçün açıq bazara çevriləcək. ABŞ bundan sonra öz məhsullarını İndoneziyaya gömrük rüsumu olmadan sata biləcək, İndoneziya isə ABŞ-a ixrac etdiyi məhsullara görə 19% rüsum ödəyəcək.
Tramp əlavə edib ki, İndoneziya ABŞ-a əsas strateji faydalı qazıntıların tədarükünü həyata keçirəcək və Boeing təyyarələri, kənd təsərrüfatı məhsulları və enerji daşıyıcıları üzrə on milyardlarla dollar dəyərində sazişlər bağlayacaq.