EN

Türkiyə enerji donanmasını yeni qazma gəmiləri ilə gücləndirir

Türkiyə dənizdə neft və təbii qaz axtarışları və hasilatı sahəsində fəaliyyətlərini yeni mərhələyə çıxarır. Ölkə enerji donanmasına iki yeni nəsil dərin qazma gəmisi əlavə etməklə, enerji sahəsində müstəqilliyə doğru mühüm addım atır.

Prezident Rəcəb Tayyib Ərdoğanın açıqlamasına görə, yeni gəmilərin əlavə olunması ilə birlikdə Türkiyənin enerji donanmasındakı gəmi sayı doqquza çatıb. Donanmaya artıq mövcud olan qazma gəmiləri Fatih, Yavuz, Kanuni və Abdülhamid Han, seysmik araşdırma gəmiləri Barbaros Hayrettin Paşa və MTA Oruç Reis, eləcə də ilk üzən təbii qaz hasilatı platforması Osman Gazi daxildir.

Yeni qazma gəmiləri ötən il Cənubi Koreyada inşa edilib. Onların hər biri 228 metr uzunluğa və 42 metr enə malikdir. Bu gəmilər 12 min metrədək dərinlikdə qazma işləri apara bilir, 200 nəfərlik heyət üçün yaşayış şəraiti ilə təchiz olunub və helikopter meydançasına sahibdir. Gəmilərin 2029-cu ilə qədər fasiləsiz işləməsi nəzərdə tutulur.

Türkiyə bu addımı ilə dərin sulara nəzarətini gücləndirməklə yanaşı, dənizdə enerji ehtiyatlarının axtarışı və hasilatı sahəsində dünyanın ən müasir və böyük dörd enerji donanmasından birinə sahib olmağı hədəfləyir.

//Samir Qurbanov, Editor.az

Chosen
23
editor.az

1Sources