EN

Dənizdə boğulmaların sayı niyə artıb?

Dənizdə boğulma halları demək olar ki, hər gün baş verir. Bəs bu faciələrin kökündə nə dayanır – insanların ehtiyatsız davranışları, yoxsa müvafiq nəzarətin olmaması? Təhlükəsizlik eksperti Orxan Musayev Metbuat.az-a açıqlamasında bildirib ki, çimərlikdə baş verən faciələrin böyük əksəriyyəti insan amili ilə bağlıdır. Yəni qarşısı alına biləcək səhvlər ucbatından insanlar təhlükəli vəziyyətlə üz-üzə qalırlar: “Dəniz istirahəti insanların diqqətini cəlb edən əsas istirahət növlərindən və məkanlarından biri hesab olunur. Amma bu gözəllik bəzən çox tez və qəfil şəkildə insanların həyatı üçün təhlükə yarada bilər. Bəzən insanlar dənizdə istirahət edərkən onun təhlükəli tərəflərinin olduğunu unudurlar. Təəssüf ki, spirtli içki qəbul edərək suya girmək, uşaqları nəzarətsiz buraxmaq, qadağan olunmuş ərazilərdə çimmək hələ də bəzi insanlar tərəfindən adi davranış kimi qəbul olunur. İnsanlar yalnız nəzarət olunan və rəsmi şəkildə fəaliyyət göstərən çimərliklərdən istifadə etməlidirlər. Bu məkanlarda Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasedici heyətləri fəaliyyət göstərir və hər hansı bir fövqəladə hal baş verdikdə, çevik şəkildə müdaxilə etmək imkanı mövcuddur. Nəzarətsiz çimərliklərdə belə xidmətlər olmadığına görə, fövqəladə hal zamanı insan həyatını xilas etmək mümkün olmur”.Ekspertin sözlərinə görə, nəzarət olunan çimərliklərdə suyun dərinlik dərəcəsi əvvəlcədən müəyyən edilir, eləcə də ayaq altında insanlara xəsarət yetirə biləcək daşlar, qaya parçaları və digər maneələr təmizlənir: “Dənizə girməzdən əvvəl hava şəraiti, küləyin gücü və dalğanın hündürlüyü nəzərə alınmalıdır. Hətta peşəkar üzgüçülər belə meteoroloji faktorların təsiri altında özlərini itirə bilərlər. Maarifləndirici və təbliğat xarakterli tədbirlər daha da genişləndirilməlidir. İnsanlar sadəcə “dalğa var, üzmək olmaz” xəbərdarlıqlarını deyil, bu dalğaların insan bədəninə necə təsir etdiyini də bilməlidirlər. Axına düşəndə nə baş verdiyini, boğulma zamanı bədəndə hansı proseslərin getdiyini bilmələri vacibdir. Çimərliklərdə qaydaların pozulması hallarında, məsələn, qadağan olunmuş ərazilərdə çimmək və ya alkoqollu halda suya girmək kimi davranışlara qarşı həm ictimai qınaq, həm də inzibati cərimə tədbirləri tətbiq olunmalıdır ki, insanlar belə hərəkətlərdən çəkinsinlər”. O.Musayev qeyd edib ki, boğulma hadisələrinin əksəriyyəti saniyələr içində, səssiz və xəbərdarlıqsız baş verir. Yəni insanlar qışqırmır, sadəcə olaraq suyun altında yoxa çıxırlar. Hər il baş verən faciələrin təkrarlanmasının əsas səbəbi isə ehtiyatsızlıq və “heç nə olmaz” düşüncəsidir. Bu düşüncə tərzindən qurtulmaq vacibdir.

Sevinc İbrahimzadə / Metbuat.az

Chosen
12
2
metbuat.az

10Sources