EN

“Krasnodar”ı bu dəfə ÇSKA superkuboka həsrət qoydu - İCMAL

Rusiyada adəti üzrə yeni futbol mövsümünə superkubok matçı ilə start verildi.

"Football-plus.az" xəbər verir ki, Kazan şəhərində yerləşən “Ak Bars Arena”da son çempion “Krasnodar”la kubokun son qalibi ÇSKA üz-üzə gəldi. ÇSKA yeni məşqçi Fabio Çelestininin rəhbərliyi altında ilk rəsmi oyununa çıxmışdı.

Ötən mövsüm komandaya həm ölkə kubokunu, həm də bürünc medalları qazandıran Marko Nikoliç iyunun ortalarında gözlənilmədən istefa verdi. Serbiyalı mütəxəssis Yunanıstan nəhəngi AEK-in başına keçdi. “Hərbçilər” onu isveçrəli Çelestini ilə əvəzlədilər. 49 yaşlı bu mütəxəssis ötən mövsüm vətənində “Bazel” ilə həm çempionluğu, həm də ölkə kubokunu qazanmaqla diqqəti çəkmişdi.

ÇSKA bu superkubokun iştirakçısı olmaqla artıq Rusiya futbolunda yeni rekord müəyyənləşdirmişdi. Çünki bu, komandanın 13-cü superkubok matçı idi. Son 5 ildə superkuboku heç kimə verməyən “Zenit” 12 dəfə bu titul uğrunda oyunda iştirak edib.

“Krasnodar” az da olsa, favorit sayılırdı. Üstəlik komanda ötən yay superkubok uğrunda matçda “Zenit”ə uduzduğundan bu dəfə titulu qazanmaq üçün ikiqat həvəsli olacağı güman edilirdi. Amma proqnozlar doğrulmadı. 30 dərəcə istidə keçirilən qarşılaşma qol vəziyyətləri baxımından zəngin olmadı. “Krasnodar” ilk yarıda müəyyən üstünlüyə malik oldu, iki təhlükəli vəziyyət yaratdı. Amma heç birində Akinfeyevi məyus etmək mümkün olmadı. Ümumiyyətlə, oyunun məhsuldar keçməyəcəyini əvvəldən də proqnozlaşdırmaq olardı.

Bu komandalar arasındakı son 6 duelin 4-də qapılara cəmi 1 qol vurulmuşdu. Qəribə tendensiya bu dəfə də davam etdi. ÇSKA yeganə qolu 2-ci hissənin əvvəllərində vurdu. Özü də mərkəz müdafiəçilərinin sayəsində. Son illər Rusiya futbolunda ən məhsuldar müdafiəçilərdən olan və ötən mövsüm bütün turnirləri nəzərə alsaq, 6 qol vuran Diveyev künc zərbəsi zamanı qapıçını qabaqlayaraq qarşısına düşən topu tora göndərdi. Özü də ona başla ötürməni digər mərkəz müdafiəçisi Roşa verdi. Bu qol Murad Musayevin komandasına psixoloji cəhətdən pis təsir etdi.

“Öküzlər” qalan vaxtda heç nə edə bilmədilər. Musayevin əvəzetmələri də işə yaramadı. Üstəlik 90-cı dəqiqədə Kobnan rəqibin üzünə zərbə endirdiyinə görə qırmızı vərəqə aldı. Beləliklə, ÇSKA-da Çelestini dönəmi titulla başladı. “Hərbçilər” 2018-dən bəri ilk, tarixlərində 8-ci dəfə superkubokun qalibi oldular. Komanda bu göstəricidə yalnız “Zenit”dən (9) geri qalır. Akinfeyev bu 8 zəfərin hər birində heyətdə yer alıb! O, Sergey İqnaşeviçlə Mixail Kerjakovu geridə qoyaraq Rusiya superkubokunu ən çox qazanan futbolçuya çevrildi.

ÇSKA həm də 2014-dən bəri ilk dəfə təqvim ilini iki titulla tamamladı.

Krasnodar – ÇSKA 0:1
Diveyev, 48.
Krasnodar: Aqkatsev, Qonsales (Petrov, 67), Tormena, Kosta, Olasa, Çernikov (Lenini, 67), Krivtsov (Kozlov, 78), Batçi (Furtado, 67), Spertsyan, Sa (Kobnan, 76), Kordoba.
ÇSKA: Akinfeyev, Qayiç, Diveyev, Roşa, Moyzes, Kislyak, Qlebov (Kellven, 83), Oblyakov, Kruqovoy (Koyta, 65), Şumanski (Alerrandro, 79), Musayev (Fayzullayev, 79).

Chosen
24
20
football-plus.az

10Sources