EN

Bakının mərkəzində tarixi bina sökülür: Rəsmi qurumlardan ziddiyyətli AÇIQLAMA

Bakının mərkəzində yerləşən, 1896-cı ildə tikilmiş yerli əhəmiyyətli tarix-memarlıq abidəsi olan bina sökülür. Söhbət Səbail rayonu, Əbdülkərim Əlizadə küçəsində yerləşən yaşayış binasından gedir.

Far.Az Oxu.Az-a istindən xəbər verir ki, müraciət edən sakinlər bildirirlər ki, söküntü işləri bir neçə ay əvvəl başlayıb və bu proses onlarda ciddi narahatlıq yaradır.

Sakin Günay Kazımovanın sözlərinə görə, bu ilin aprelində binanın giriş hissəsinə müdaxilə edilib.

O bildirib ki, ərazidə söküntü işləri Səbail Rayon İcra Hakimiyyətinin göstərişi və kommunal idarənin müdiri Yadigar Əsgərovun rəhbərliyi ilə aparılır:

"Bu proses zamanı binanın domofonu və giriş qapısı sındırılıb. Biz onlara açar düymə təklif etdik ki, gün ərzində qapı açıq qalsın, axşam bağlansın. Çünki ərazi təhlükəlidir, tez-tez oğurluq hadisələri baş verir. Amma razılaşmadılar. Biz dəfələrlə qapını bərpa etsək də, yenə sındırırlar. İki mənzilə daxil olub, onların da qapı və pəncərələrini dağıdıblar. İndi dam hissəsinə keçiblər, ora da yararsız hala düşüb. Bu isə bizim mənzillərə də zərər vurur".

G.Kazımova deyib ki, binanın damı bir neçə il öncə baş verən yanğından sonra bərpa olunmuşdu:

"O zaman dam tam təmir edildi. Amma indi aparılan söküntü işləri nəticəsində yenidən zədələnir. Heç bir qurumdan məsul şəxs gəlib vəziyyətə baxmayıb. Ərazidə çalışan fəhlələrin də sənədi yoxdur, əllərində layihə yoxdur. Bizə isə heç bir rəsmi sənəd təqdim olunmayıb".

Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Əbdülkərim Əlizadə küçəsi, 3 ünvanında yerləşən yaşayış binası Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyi əsasında qəzalı vəziyyətdədir və istismara yararsızdır.

"16-25 aprel tarixlərində baş vermiş güclü külək nəticəsində qəzalı vəziyyətə düşmüş dam örtüyü ətrafdan keçən sakinlərin və turistlərin həyatı üçün təhlükəli vəziyyət yaradıb. Belə ki, mülkiyyətçilər tərəfindən hal-hazırda təmir-bərpa işləri aparılır", - deyə icradan verilən məlumatda qeyd edilib.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən isə bildirilib ki, bir müddət öncə Bakı şəhəri, Səbail rayonu, Məhəmməd Əmin Rəsulzadə küçəsi, 6 ünvanında (Əbdülkərim Əlizadə küçəsi ilə kəsişmədə - red.) yerləşən 3229 inventar nömrəli yerli əhəmiyyətli tarix-memarlıq abidəsinə müdaxilə olunduğu aşkar edilib:

"Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən abidəyə baxış keçirilən zaman tarixi tikilinin üçüncü mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində qanunsuz söküntü, təmir işlərinin aparıldığı müəyyən edilib. Aparılan icazəsiz təmir işləri sakinlərin də narazılığına səbəb olub. Müdaxilə faktı aşkar edilən kimi işlər dayandırılıb. Həmçinin aşkar edilən faktla bağlı aidiyyəti dövlət orqanlarına da müraciət edilib".

"Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.

Abidələrin üzərində bərpa, konservasiya, təmir və digər işlər onların layihələri dövlət xidməti tərəfindən təsdiq edildikdən sonra aparılmalıdır.

Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulması cinayət, inzibati, intizam və mülki məsuliyyət yaradır", - deyə məlumatda qeyd edilib.

Chosen
52
50
far.az

10Sources