EN

İranın diplomatik oyunu: Rusiya və Çinlə strateji müttəfiqlik

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib ki, sabah Tehranda İran, Rusiya və Çin nümayəndələrinin iştirakı ilə mühüm üçtərəfli görüş keçiriləcək. 
Nazirlik rəsmisinin sözlərinə görə, görüşün əsas gündəm mövzusu İranın nüvə proqramı və BMT Təhlükəsizlik Şurasının sanksiyalarının yenidən tətbiqini nəzərdə tutan “snapback” mexanizminin aktivləşdirilməsi ilə bağlı Avropa üçlüyünün (Böyük Britaniya, Fransa və Almaniya) artan təhdidləridir.

 

Sfera.az-a açıqlama verən politoloq Oqtay Qasımov Çin, Rusiya və İran nümayəndələrinin Tehrandakı görüşünün bu üç ölkə arasında əlaqələrin güclənməsinin göstəricisi olduğunu bildirib.

 

“Nəzərə alsaq ki, həm İran, həm də Rusiya Çinin tərəfdaşlarıdır. Rusiya isə iqtisadi baxımdan Çindən asılı vəziyyətdədir. Bir çox analitiklər bu münasibətləri “böyük və kiçik tərəfdaş” modeli kimi qiymətləndirirlər”, - deyə politoloq qeyd edib.

 

O.Qasımov bu kontekstdə Çinin İranla da iqtisadi əməkdaşlığı genişləndirməyə maraqlı olduğunu və təxminən 400 milyard dollarlıq investisiya razılaşması əldə edildiyini əlavə edib:

 

 

“Hər iki ölkə Çin üçün həm geosiyasi baxımdan önəm daşıyır, həm də ucuz xammal mənbəyi kimi əhəmiyyətlidir. Son dövrlərdə Pekin qlobal arenada ambisiyalarını artırır və dünyanın ikinci güc mərkəzinə liderlik etməyə çalışır. Çin iqtisadi gücü ilə yanaşı, siyasi təsir imkanlarını da genişləndirmək niyyətindədir.
Bütün bu cəhdlər Pekinə ona görə lazımdır ki, Rusiya, İran və digər ölkələrlə münasibətləri normallaşdıraraq gələcəkdə Tayvan məsələsinin həllində qarşısına çıxacaq maneələri asanlıqla aşsın”.

 

 

Politoloq vurğulayıb ki, Tehrandakı görüş bu ölkələr arasında artan əməkdaşlığın göstəricisidir:

 

“Lakin yaxın perspektivdə regionda ciddi dəyişikliklər baş verəcəyini düşünmürəm. Çünki hər bir ölkənin fərdi maraqları mövcuddur və bu maraqlar çox zaman üçtərəfli əməkdaşlıqdan daha üstün tutulur. Hər bir halda, İsrail-İran müharibəsi ehtimalından sonra Tehran üçün Rusiya və Çinlə əlaqələri genişləndirmək xüsusi əhəmiyyət daşıyır. İran gələcəkdə təhlükəsizliyini təmin etmək, xüsusilə hava hücumlarına qarşı müdafiə sistemlərini qurmaq üçün bu ölkələrdən dəstək almağa çalışır”.

 

Fidan Hacızadə
Sfera.az

Chosen
23
50
sfera.az

10Sources