EN

III Şuşa Qlobal Media Forumu: Azərbaycanın informasiya suverenliyi və regional liderliyi - ŞƏRH

Bakı, 21 iyul, AZƏRTAC

Şuşa Qlobal Media Forumu Azərbaycan üçün mühüm siyasi və informasiya hadisəsidir. Bu Forum ölkədə və regionda informasiya suverenliyinin qorunması baxımından strateji imkan hesab edilir. Prezident İlham Əliyevin Xankəndidə Forum iştirakçıları ilə görüşməsi bir daha Azərbaycanın bu sahədə liderliyini göstərir. Dövlətimizin başçısı çıxışında dezinformasiyaya qarşı dövlətin prinsipial mövqeyini, informasiya təhlükəsizliyinin beynəlxalq gündəmdə ön plana çıxarılmasını xüsusi vurğuladı. Bildirdi ki, müasir dövrdə yanlış narrativlər və dezinformasiya dövlətlərin reputasiyasına, iqtisadi münasibətlərə və ictimai rəyə birbaşa təsir göstərir.

Azərbaycanın informasiya siyasəti, xüsusilə Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Forumda müxtəlif xarici ölkələrdən gələn media və ekspertlərin iştirakı Azərbaycanın informasiya diplomatiyasında yeni mərhələyə qədəm qoyduğunu göstərdi. İştirakçılar regionda baş verən hadisələrlə bağlı ilk mənbədən obyektiv məlumatlar əldə etdilər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Tural İsmayılov söyləyib.

O bildirib ki, Azərbaycan rəqəmsallaşma və texnoloji inteqrasiya sahəsində ciddi addımlar atır. Forum süni intellektin informasiya məkanına təsirini, fakt yoxlama mexanizmlərinin təkmilləşdirilməsini gündəmə gətirdi. Postmünaqişə dövründə Azərbaycan informasiya məkanında səmərəli fəaliyyət göstərir. Media Forumu Qarabağın beynəlxalq informasiya axınında yenidən mərkəzə çevrilməsi meyli kimi dəyərləndirilə bilər. Prezident İlham Əliyevin Forumdakı çıxışında Azərbaycanın mövqeləri bir daha bəyan edildi.

Müasir beynəlxalq münasibətlərdə informasiya müharibələrinin, təsir məqsədli kampaniyaların önəmli yerə malik olduğunu söyləyən politoloq qeyd edib: “Azərbaycan bu prosesdə reaktiv və proaktiv strategiyalar həyata keçirir. Forumun Xankəndidə keçirilməsi rəmzi baxımdan dövlətin real suverenlik gücünü aydın şəkildə təsdiqləyir. Xarici media nümayəndələri Azərbaycanın inkişafına və postmünaqişə dövründə quruculuq prosesinə şahidlik edirlər. Bu, ölkənin reputasiyasının beynəlxalq səviyyədə möhkəmləndirilməsinə xidmət göstərir”.

T. İsmayılov vurğulayıb ki, tədbir Azərbaycanın informasiya müstəvisində ictimai cəmiyyətləri bir araya gətirməkdə uğurlu platforma olduğunu nümayiş etdirdi. Forum, həmçinin regional media siyasətinin və informasiya təhlükəsizliyinin təminində yeni model kimi çıxış edir.

Azərbaycan Prezidentinin Forumun nəticəsinin beynəlxalq mediada obyektiv informasiya axınının gücləndirilməsinə təkan verəcəyinə əminliyini ifadə etdiyini xatırladan politoloq deyib ki, bu tədbir ölkəmizin media sahəsində müstəqil və dayanıqlı aktor kimi formalaşdığını nümayiş etdirdi. Rəqəmsal dövrün çağırışlarına uyğun olan bu platforma dünya mətbuatı üçün də yeni imkanlar açır. Beləliklə, Azərbaycan regionda və beynəlxalq aləmdə media və informasiya təhlükəsizliyi strategiyalarının icraçısı kimi çıxış edir.

Şuşa Forumu informasiya sahəsində yeni əməkdaşlıq təşəbbüsləri və problemlərin birgə həll yolları barədə ətraflı fikir mübadiləsinə şərait yaratdı. Forum çərçivəsində informasiya axınında yeni yanaşmalar irəli sürüldü.

“Azərbaycan beynəlxalq informasiya sistemində öz yerini və rolunu daha aydın şəkildə bəyan edir. Qlobal çağırışlar fonunda Azərbaycanın informasiya siyasəti regionun sabitliyinə və inkişafına töhfə verir. Forum yeni texnologiyaların informasiya təhlükəsizliyi və sosial proseslərə təsirinə dair vacib platforma oldu. Dövlətin informasiya suverenliyi və innovativ yanaşması Azərbaycanın gələcək üçün mövqeyini daha da gücləndirəcək. Forum Azərbaycanın dinamik inkişafı və medianın transformasiyası prosesində yeni müzakirələr və təkliflərlə yadda qaldı”, - deyə T.İsmayılob qeyd edib.

Chosen
26
48
azertag.az

10Sources