Sfera.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Azərbaycanda son iki il ərzində orta ümumtəhsil məktəblərinin sayı 76 ədəd azalıb. Proseslər göstərir ki, məktəblərin sayında azalma davam edə bilər.
Bəs məktəblərin sayının azalması nə ilə bağlıdır və növbəti illərdə də azalma davam edəcəkmi?
Sözügedən məsələ ilə bağlı Sfera.az-a açıqlama verən fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov qeyd etdi ki, son illərdə Azərbaycanda kənd yaşayış məntəqələrindən şəhərlərə köçün davam etməsi bəzi məktəblərin bağlanmasına səbəb olub.
Onun sözlərinə görə, bu yaxınlarda Lerik və Yardımlı rayonlarının bir neçə kəndinə səfəri zamanı da belə halların şahidi olub:
"Şahid oldum ki, həmin bölgələrdə əhalinin sayı nəzərəçarpacaq dərəcədə azalıb. Yerli sakinlərlə apardığım söhbətlər zamanı aydın oldu ki, artıq bir çox kənd tamamilə tərk olunub. Vaxtilə 450 şagirdin təhsil aldığı məktəblərdə bu gün 150 şagird belə oxumur. Bu isə onu göstərir ki, insanlar kənd mühitini sürətlə tərk edir və nəticədə təhsil ocaqlarında şagird çatışmazlığı yaranır".
Ekspertin qənaətincə, kəndlərdə əhalinin azalması yalnız indiki dövrə aid olan məsələ deyil. O bildirdi ki, bu, müəyyən bir tendensiyanın davamıdır. İ.Orucovun sözlərinə görə, belə vəziyyətdə Elm və Təhsil Nazirliyi tərəfindən təhsil müəssisələrinin “optimallaşdırılması” siyasəti həyata keçirilir.
Təhsil ekspertinin fikrincə, kənd varsa, orada məktəb mütləq fəaliyyət göstərməlidir:
“Lakin məsələyə yalnız emosional yox, eyni zamanda praktiki yanaşmaq lazımdır. Əgər əhali sayı kifayət qədər azdırsa, həmin kənddə məktəbin saxlanması dövlət büdcəsi üçün əlavə maliyyə yükü yaradır. Bununla belə, unutmaq olmaz ki, məktəb yalnız tədris yeri deyil. O, həm də kəndin mədəni, sosial və intellektual həyatının mərkəzidir.
Buna baxmayaraq, bəzi hallarda başqa çıxış yolu qalmır və struktur dəyişikliklərinə ehtiyac yaranır. Məsələn, səfər etdiyim kəndlərdə çoxsaylı müasir və iri məktəb binalarının tikildiyini gördüm. Lakin bu təhsil ocaqlarının yalnız 30 faizi istifadə olunur. Bu isə dövlətin sərmayəsinin nə dərəcədə səmərəli xərcləndiyinə dair suallar doğurur”.
İ.Orucov belə halların qarşısını almaq üçün kənd sakinlərinin yaşayış səviyyəsinin yüksəldilməsi və regionlarda məskunlaşmanı stimullaşdıracaq güzəştlərin tətbiq edilməsinin vacibliyini qeyd edib.
O bildirib ki, əgər bu tədbirlər görülərsə, kənddən kütləvi köçün və nəticədə məktəblərin bağlanmasının qarşısı alınmış olar:
“Son iki ildə 76 təhsil müəssisəsinin bağlanması kifayət qədər ciddi rəqəmdir. Əgər bu proses bu templə davam edərsə, növbəti illərdə də azalma müşahidə ediləcək. Mən bu məsələdə düşünülmüş və mərhələli şəkildə aparılan optimallaşdırmanın tərəfdarıyam. Əgər müəyyən bir kənddə cəmi 50 nəfər qalıbsa və məktəb fəaliyyətsizdirsə, bu halda onun saxlanılması mümkün deyil”.
Ekspert əlavə edib ki, belə vəziyyətlərdə daha məqsədəuyğun addımın məktəblərin birləşdirilməsi və şagirdlərin yaxın məsafədəki təhsil müəssisələrinə daşınmasının təmin olunmasıdır:
“Qeyd etməliyik ki, hər bir uşağın keyfiyyətli təhsil almaq hüququ Konstitusiyada təsbit olunub. Bu isə onu göstərir ki, məsələyə kompleks yanaşmaq və yalnız bir qurumun deyil, aidiyyəti dövlət strukturlarının birgə araşdırması əsasında qərarların verilməsi vacibdir. Əsas hədəfimiz ondan ibarət olmalıdır ki, məktəb yaşında olan heç bir uşaq təhsildən kənarda qalmasın”.
Fidan Hacızadə
Sfera.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.