Təsviri sənət istiqamətinin Təsviri incəsənət müəllimliyi (13) komissiyası üzrə imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 23 iyul 2025-ci il tarixindən etibarən onlayn (telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək və bununla bağlı abituriyentlərə elektron ərizələrindəki əlaqə nömrəsinə zəng olunacaq.
Bu barədə “Cebheinfo.az”-a DİM-dən məlumat verilib.
Bildirilib ki, apellyasiya komissiyasına müraciət etmək istəyənlər 21 iyul saat 10:00-dan 22 iyul saat 17:00-dək apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya komissiyasına müraciət edə bilməyəcəklər. Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər imtahan nəticələri, “tapşırıq çəkilmiş rəsm vərəqi”nin fotosurəti, yerinə yetirilən tapşırıq üzrə qiymətləndirmə meyarları və qiymətləndirmə şkalası ilə tanış olmalıdırlar.
Əvvəlki illərin təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların əhəmiyyətli bir hissəsi qiymətin yenidən araşdırılması ilə bağlı komissiyaya müraciət etsələr də, ünsiyyət zamanı qiymətlərindən razı olduqlarını bildirir, komissiya üzvlərindən bu və ya digər səbəblə əlaqədar onlara güzəşt edilməsini xahiş edirlər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmır. Apellyasiya müzakirəsində abituriyentin iştirakı vacibdir.
Muraciətlərə telefon əlaqəsi vasitəsilə baxılır. Bir abituriyentin müraciəti üzrə 10 dəqiqə müzakirə aparılması nəzərdə tutulub. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Elektron ərizələrindəki əlaqə nömrəsi aktiv olmadıqda, daxil olan zəngə cavab verilmədikdə müraciətə abituriyentin iştirakı olmadan baxılır. Əlaqə yaradılmasından imtina edən abituriyentlər üçün ikinci dəfə komissiya yaradılması nəzərdə tutulmur.
Qeyd edək ki, apellyasiya prosesinin qaydalara uyğun təşkilinə dair daxili nəzarəti həyata keçirmək məqsədilə namizədlərin komissiya üzvləri ilə danışığının səsyazısı aparılır.