EN

Türkiyənin yeni pilotsuz dəniz dronu - Talay Alman mediasında

BAKI, TurkicWorld

Alman mediası Türkiyənin yeni pilotsuz döyüş sisteminin Qara dənizdə strateji balansı dəyişə biləcəyini yazıb.

TurkicWorld xəbər verir ki, Almaniyanın nüfuzlu media orqanları Türkiyənin yeni nəsil pilotsuz kamikadze dronu “Talay”a geniş yer ayırıb.

“T-online” portalında yayımlanan materialda Talayın Qara dənizdə geosiyasi balansı dəyişə biləcək strateji mesaj daşıdığı vurğulanıb. Məqalədə qeyd olunur ki, bu sistemin əsas xüsusiyyəti “yer effekti” fenomenindən istifadə edərək su səthinə yaxın uçması və radarlarda aşkarlanmasının çətinləşməsidir.

“Talay” dronu İstanbulda keçirilən IDEF 2025 sərgisində təqdim olunub. “Solid Aero” tərəfindən istehsal edilən bu PUA 30 santimetr hündürlükdə uçaraq 200 km/saat sürətə və 300 kilometr uçuş məsafəsinə malikdir. Onun 60 kiloqramlıq çəkisinin yarısı – 30 kiloqramı partlayıcı başlıqdan ibarətdir. Dron həm su səthinə paralel, həm də yüksəlib yuxarıdan hücum edən iki fərqli əməliyyat ssenarisi ilə işləyə bilir.

Alman nəşrləri “Talay”ın mövcud dəniz müdafiə strategiyalarını ciddi şəkildə dəyişə biləcəyini yazır. Xüsusilə Qara dənizdə artan gərginlik fonunda bu cür texnologiyanın Ankaradan verilən strateji siqnal kimi qəbul edildiyi bildirilir. Müdafiə ekspertləri bu inkişafı pilotsuz sistemlər sahəsindəki qlobal tendensiyanın bir hissəsi kimi dəyərləndirir və qeyd edirlər ki, belə yüksək sürətli və görünməz hücum sistemləri gələcəkdə münaqişələrin dinamikasını dəyişə bilər.

Qeyd edək ki, “Talay”ın kütləvi istehsalına 2026-cı ilin oktyabrında başlanması planlaşdırılır. İlk bölmələrin isə 2027-ci ilin əvvəlində Türkiyə Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi gözlənilir. Ekspertlər bu texnologiyanın digər sahilyanı və təhlükəli dəniz sərhədləri olan ölkələr üçün də cəlbedici ola biləcəyini bildirirlər.

Chosen
92
10
turkic.world

9Sources