EN

Yaxın zamanlarda sülhlə bağlı xoş xəbərlər ola bilər - MÜSAHİBƏ

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli Teleqraf-a müsahibəsində ABŞ Prezidenti Donald Trampın Azərbaycanla Eürmənistan arasında sülh prosesi, Zəngəzur dəhliz ətrafında artan müzakirələrdən danışıb.
 
Moderator.az onunla müsahibəni təqdim edir.
 
- Mətin bəy, Əbu-Dabi görüşündən sonra ABŞ tərəfindən Azərbaycan və Ermənistan arasında sülhə dair açıqlamalar verilir. Trampın birbaşa səsləndirdiyi sülh ritorikası var. Qısa zamanda sülh əldə edilə bilər deyə açıqlamalar verilir. Proses hansı səviyyədədir?
 
- Azərbaycan Prezidentinin, eyni zamanda ABŞ liderinin və Ermənistan rəsmilərinin səsləndirdiyi fikirlərdən də aydın olur ki, yaxın zamanlarda sülhün əldə olunması mümkün görünür. Xüsusi ilə də, Birləşmiş Ərəb Əmirliklərində, Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli formatda baş tutan görüşdən sonra Bakı və İrəvandan sülhlə bağlı müsbət mesajlar verilir. Xankəndidə keçirilən forumda Prezident İlham Əliyev də bildirdi ki, yaxın zamanlarda sülhlə bağlı xoş xəbərlər ola bilər. Azərbaycan sülhün əldə olunmasında maraqlıdır. Bu mənada verilən mesajlar, açıqlamalar Azərbaycanla Ermənistan arasında davamlı sülhün əldə olunması istiqamətində ciddi addımlar atılacağı ehtimalını gücləndirir. Eyni zamanda regionda və qlobal miqyasda cərəyan edən proseslər də Bakı ilə İrəvan arasındakı sülh prosesi perspektivinə inamı artırır.
 
 
- Tərəflərin sülhə yaxın olduğuna dair verilən mesajlar var. Bakı və İrəvanın sülh hazırlıqlarını necə dəyərləndirirsiniz? Hər iki tərəfdən verilən təmkinli açıqlamalar nədən xəbər verir?
 
- Azərbaycan regionda daimi sülhün təmin olunmasında maraqlıdır. II Qarabağ müharibəsindən sonra iki ölkə arasında başlanan sülh prosesinin də təşəbbüskarı məhz Azərbaycan olub. Rəsmi Bakının təklif etdiyi prinsiplərlə iki ölkə arasında sülh gündəliyi formalaşıb. Bu mənada Azərbaycanın sülhlə bağlı mövqeyi dəyişməz olaraq qalır. Təbii ki, sülhün əldə olunması üçün Ermənistan tərəfi də konkret addımlar atmalıdır. Yalnız ritorika ilə deyil, praktik addımlarla fundamental sülhə nail olmaq mümkündür. Azərbaycanın sülh prosesi ilə bağlı irəli sürdüyü haqlı, legitim şərtlər Ermənistan tərəfindən qəbul edilməlidir. Prezident İlham Əliyev Xankəndidəki forumda da bir daha bəyan etdi ki, iki məsələdə Ermənistan konstruktiv mövqe sərgiləməlidir. Yalnız bundan sonra Ermənistanla sülh müqaviləsi imzalamaq mümkün ola bilər. Bu Ermənistan konstitusiyasından Azərbaycana qarşı olan iddiaların aradan qaldırılması və ATƏT-in Minsk qrupundan imtina ilə bağlıdır. Görünən isə odur ki, əvvəlki illərlə müqayisədə Ermənistan hakimiyyəti bu şərtlərin icrası ilə bağlı pozitiv görünməyə çalışır.
 
 
- Zəngəzur dəhlizinin ABŞ tərəfindən icarəyə götürülməsi ilə bağlı açıqlamalar var. Rəsmi İrəvan bunu indiki halda təkzib etsə də, Paşinyan bundan öncə hansısa şirkətin nəzarəti ilə bunun mümkünlüyünü qeyd etmişdi. Dəhlizin bu mexanizmlə açılması mümkün ola bilərmi?
 
- Ermənistan hakimiyyəti son zamanlar, xüsusi ilə də, Əbu-Dabi görüşündən sonra Zəngəzur dəhlizi ilə bağlı ziddiyyətli açıqlamalar verir. Onlar bir tərəfdən bunun mümkün olmadığını bildirirlər və s. Amma Ermənistanın Baş naziri bir müddət öncə bəyan etmişdi ki, hansısa bir şirkət yaradıla və o Zəngəzurdan keçən kommunikasiya xəttlərinin idarəçiliyini üzərinə götürə bilər. Azərbaycan tərəfi üçün vacib olan odur ki, Zəngəzurda maneəsiz keçid prinsipi təmin edilsin. Yəni, Azərbaycandan-Azərbaycana maneəsiz və təhlükəsiz gediş- gəlişə şərait yaradılsın. Sözsüz ki, Zəngəzurdan keçən kommunikasiya xəttinə nəzarətlə bağlı Ermənistanın kiminlə razılığa gələcəyi onların daxili işidir. Bu məsələnin Azərbaycana aidiyyatı yoxdur.
 
 
- Dəhlizin açılmasına dair səslənən əsas arqumentlərə qarşı hansı prinsiplər əsas götürülə bilər?
 
- Sözsüz ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı da ümidlər xeyli artıb. Azərbaycanın bu məsələdə nümayiş etdirdiyi prinsipial mövqe və Ermənistan hakimiyyətinin verdiyi müəyyən açıqlamlar da buna dəlalət edir. Konkret hansısa bir şirkətin idarəçiliyi ilə Zəngəzur dəhlizinin açılması mümkündür. Paşinyan hansısa şirkətin idarəçiliyi ilə dəhlizin açılmasını Ermənistan daxilində olan bəzi buna oxşar nümunələrlə fikirlərini əsaslandırmışdı. Qeyd edilmişdi ki, hansısa şirkətin yaradılması və kommunikasiya xəttlərinin onun idarəçiliyində açılması Ermənistanın suverenliyini pozmur.
Chosen
10
26
moderator.az

10Sources