EN

Azərbaycan futbolu üçün avrokubok həftəsi

Azərbaycan Premyer Liqası klubları növbəti həftə avrokuboklarda ilk oyunlarına çıxacaq.

“Sabah” Avropa Liqasında I təsnifat mərhələsində mübarizəyə ötən həftə başladı və bir neçə gün öncəki cavab görüşündən sonra yarışla vidalaşdı. Sloveniyanın “Çelye” komandası ilə duellərdən məğlub ayrılan (2:3, 3:3) “bayquşlar” yoluna Konfrans Liqasında davam edəcək.

“Sabah” sözügedən turnirdə II təsnifatda Moldovanın “Petrokub” komandası ilə üz-üzə gələcək. İlk oyunu səfərdə keçirəcək “futuristlər” bu cəhətdən az da olsa üstünlük qazanıb. Eyni zamanda “Sabah” fərdi oyunçu keyfiyyəti baxımından moldovalılardan daha yaxşıdır. Azərbaycan təmsilçisi cütün favoritidir. “Sabah” xüsusilə “Çelye” ilə səfər matçındakı performansını davam etdirə bilsə, Moldovadan da yaxşı nəticəylə dönməyinə ümid etmək olar. “Petrokub” avrokuboklar mübarizəsində Konfrans Liqasından başlayıb. Komanda I təsnifatda Maltanın “Birkirkara” klubunu üstələyib – 1:0, 3:0. Moldova komandasının indiki məqamda lehinə olan durum çempionatlarının başlamasıdır. Moldovada artıq 4 tur oynanılıb və “Petrokub” daha hazırlıqlıdır.

Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Qarabağ” mövsümün ilk rəsmi matçına çıxacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv İrlandiyanın “Şelburn” komandasının qonağı olacaq. Təcrübə və keyfiyyət “Qarabağ”ı favorit edir. Son illərdə ölkəni avrokuboklarda layiqincə təmsil edən “atlılar”ın I təsnifatdan büdrəyəcəyi gözlənilmir. “Qarabağ”da əsas sıxıntı hücum xətti ilə bağlıdır. “Qarabağ”ın qol ümidləri Nəriman Axundzadə və Musa Qurbanlıdır. Nəriman yay toplanışını məhsuldar keçirib, Musa isə ötən mövsüm aldığı ciddi zədədən sonra formasını bərpa etməkdə çətinlik yaşayır. Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə hədəfləyən “Qarabağ”ın təcrübəli azı iki hücumçuya ehtiyacı var.

Tarixində ilk dəfə avrokuboklarda mübarizə aparacaq “Araz-Naxçıvan” Konfrans Liqasının II təsnifat mərhələsində Yunanıstanın “Aris” komandasını qəbul edəcək. Cütün favoriti yunanlardır. Yay transfer dönəmində heyətini keyfiyyətli legionerlərlə gücləndirən “Aris”lə ilk oyunda heç-heçə yaxşı nəticə hesab olunacaq. Lakin komandanın təcrübəsizliyi şansları azaldır. Lakin futbol meydanda oynanılır və Elmar Baxşıyevin komandası ötən mövsümü “bürünc” medalla bitirərək proqnozları alt-üst edib və avrokubok səhnəsində də hansısa sürpriz gözləməyə dəyər.

“Zirə” isə Xorvatiyanın köklü klublarından “Hayduk”la üz-üzə gələcək. Split təmsilçisi cütün favoritidir. Lakin “Zirə” asan təslim olmayacaq. Ötən mövsüm Xorvatiyanın “Osiyek” komandası ilə duellərdən qalib ayrılan “qartallar” bu dəfə də xorvatları məyus etməyə çalışacaq. İlk oyun Bakıdadır və qol buraxmadan qələbə qazanmaq vacibdir. Əks halda, “Zirə” üçün Xorvatiya səfəri çətin keçəcək.

“Qarabağ” “Şelburn”la, “Zirə” isə “Hayduk”la iyulun 23-də qarşılaşacaq. “Sabah” və “Araz-Naxçıvan”ın oyunu isə 24-də olacaq. “Qarabağ” və “Sabah” səfərə yollanacaq, “Zirə” ilə “Araz-Naxçıvan” isə Bakıda rəqiblərini qəbul edəcək.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Chosen
18
7
futbolpress.az

10Sources