Bu günlərdə Şuşada Beynəlxal Media Forum keçirilir. Azərbaycanın xəbər məkanında əsas hadisədir. Milli Mətbuatımızın 150 illik yubileyi ilə üst-üstə düşən bu tədbirdə xaricdən çox sayda jurnalist, siyasi analitik, qənaət öndəri də iştirak edir.
Azərbaycan Prezidenti İlham Əliyevin tədbirə qatılması hər il olduğu kimi, bu ildə foruma məxsusi çəki verdi. Prezidentimizin işğaldan azad olunan Xankəndidən verdiyi mesajlar dünyanın aparıcı media quruluşları tərəfindən geniş işıqlandırıldı. İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı açıqlaması diplomatik məharət, geopolitik tendensiyaları oxumaq və milli maraqları ifadə etmək, sərrast və çoxqatlı şəkildə bir çərçivəyə salmaq baxımından siyasi kommunikasıyanın zirvəsidir. Bunu şişirtmədən, bəlağətsiz yazıram.
Azərbaycanın dövlət başçısı, dediyim kimi, Milli Mətbuatımızın 150 illik yubileyi ərəfəsində keçirilən tədbirdə jurnalistikamızın ünvanına da xoş sözlər söylədi, həm də öz təbirincə desək, “xoş söz söyləmək məqsədi” ilə yox. Bu, əlbəttə, milli mətbuatımızda az-çox əməyi olan hər bir yaradıcı insan üçün böyük dəyər, ciddi motivasiyadır. Hadisələrin emosional təsirində, məlumat bolluğunda, bəzən də informasiya kirliliyində milli mediamızın fəaliyyəti kimlərinsə gözünə xor görünə bilər- qərəzli olmayan bütün mövqelərə sayğı duymaq gərəkdir. İstər yerli, istərsə də xarici median davamlı şəkildə izləyən, hər gün, hər saat xülasələr alan dövlət başçısının ifadə etdiyi bu fikirlər institutsional fəaliyyətimizə ən obyektiv qiymətdir:
“ (Azərbaycan mediası)… Azərbaycana qarşı olan əsassız ittihamları arqumentlərlə, ciddi təhlillərlə, faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib".
Cənubi Qafqazda öz fəaliyyət konsepsiyası müstəvisində lider resurs olan AzNews.az analitik-informasiya portalının baş redaktoru kimi, Prezidentin dəyərləndirməsində “ciddi təhlillər” ifadəsi xüsusi diqqətimi çəkdi. Bir neçə ildir ki, Azərbaycan mediasında analtik janrın yüksəlişdə olduğunu xüsusi vurğulayıram, bilirsiniz. Elə bu səbəbdən dövlət başçısının bu yöndə açıqladığı mövqe mənim üçün dərhal stimula çevrildi. Ölkənin ən informasiyalı və ən intellektual siyasətçisinin, cəmiyyətin institutsional yaddaşı kimi çıxış edən bir liderin, nəhayət Azərbaycanı mühüm geopolitik oyunçuya çevirmiş nəhəng dövlət adamının dilindən məşğul olduğu sahənin bu cür təqdir olunması kimlərə xoş olmaz ki?!.
Analitika- sadə dildə desəm, informasiyanın təqdimatı ilə kifayətlənməmək, hadisələrin arxa planını açmaq, səbəb-nəticə əlaqələrini izah etmək, strateji tendensiyaları müəyyənləşdirmək sənətidir. Bu janr bizim cəmiyyətimiz və media institutumuz üçün xüsusilə vacibdir ona görə ki:
- Ölkə müharibədən çıxıb və post-münaqişə dövründə informasiya cəbhəsi əsas mübarizə arenalardan biridir.
- Ermənistan və onun diasporası, o cümlədən ermənilərin ənənəvi himayədarları Azərbaycan əleyhinə sistemli dezinformasiya kampaniyaları aparır.
- Qərbdə və regionda baş verən geopolitik dəyişikliklər Azərbaycanın maraqlarına birbaşa təsir edir.
Belə bir şəraitdə Azərbaycanda analitik jurnalistika həm informasiya təhlükəsizliyi, həm də ictimai düşüncənin formalaşması baxımından strateji amilə çevrilir. Dövlət də bunun fərqindədir. Ona görə də çoxsaylı qurumlar, xüsusən də Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi öz rəsmi açıqlamaları ilə təhlil üçün zəngin materiallar verirlər. Prezidentin Xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevin media ilə pozitiv və funksional kommunikasiyası milli maraqlarımızın analitik planda təqdimatına çox ciddi yön verir- bunu ayrıca qeyd etməsəm, obyektivlikdən uzaqlaşmış olaram. Çətinliklərmiz, nöqsanlarımız, problemlərimiz də var, başqa cür inkişaf mümkün deyil. Amma ən önəmlisi budur ki, analitik mediamız gündən-günə daha proaktiv və daha sistemli fəaliyyət göstərir. “APA”, “Report” və Axar.az-da son dərəcə ciddi təhlillər yayımlanır, necə deyələr, oxumaq lazım.
Azərbaycanda analitik-informasiya resurslarının inkişafının ən bariz örnəklərindən biri də Caliber.az saytıdır. “Caliber”in kollektivindən, deyəsən, heç kimi şəxsən tanımıram. Baş redaktor Timur Hüseynovla da şəxsi tanışlığımız yoxdur. Odur ki, heç bir əlavə təəssübkeşlik etmədən səmimiyyətlə deyə bilərəm: keçmiş SSRİ məkanındakı hərbi yönümlü media platformaları içərisində Caliber.az analtik-informasiya portalı kimi cəmi bir neçə il ərzində zirvəni fəth edib. BDU-nun məzunu, Azərbaycan jurnalistika məktəbinin yetirməsi olan Timurun nəhəng bir arealda on minlərlə ekspert üçün mötəbər resurs ortaya qoymasının post-münaqişə dövründə nə qədər faydalı olduğunu izah etməyə, zənnimcə, ehtiyac yoxdur.
Elə bu məqamda daimi izlədiyim, təhlillərini maraqla oxuduğum müəllifləri də sadalamaq keçdi zehnimdən. Düzü, əvvəlcə bir balaca tərəddüd elədim. Çünki adının bu siyahıda keçməsini umanlardan kimlərisə rəncidə edə bilərəm. Bayram ərəfəsində isə, belə bir niyyətim yoxdur, təbii ki. Məsələn, yaxın dostum Müşfiq Ələsgərlinin analizlərini maraqla oxuduğum halda, onun "media eksperti" statusu mənim tərəzimin gözündə ağır basdığından adını qeyd etmədim. Bir daha deyirəm, çəkəcəyim adlar davamlı izlədiyim siyasi analitiklərdir, əgər rəyçilərdən (“opinion”) söz açsaydım, daha fərqli bir siyahı ərsəyə gələrdi- bu da jurnalistikada önəmli sahədir. İzlədiyim analtiklərin siyahısı uzun illər ərzində və 3 əsas meyarla formalaşıb: