EN

Prezident İlham Əliyevin III Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir

Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunda çıxışı, jurnalistlərin suallarına cavabları dünya mətbuatının diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, “Reuters” agentliyinin materialında Prezident İlham Əliyevin AZAL aviaşirkətinə məxsus təyyarənin Rusiya səmasında vurulması, bu insidentlə bağlı qarşı tərəfin hələ də heç bir məntiqli açıqlama verməməsi fikirləri yer alıb. Qeyd olunub ki, Azərbaycan dövlətinin başçısı Moskvanın həlak olanların ailələrinə və yaralanan şəxslərə, həmçinin AZAL-ın təyyarəsinə görə təzminat ödəməsi tələbini irəli sürüb. Agentlik dövlətimizin başçısının sözlərini sitat gətirir: “Biz artıq Rusiya tərəfini məlumatlandırmışıq ki, beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik. Biz müəyyən bir qovluq hazırlayırıq. Bilirik ki, buna vaxt lazımdır. On il lazım oldu ki, Malayziya hava yollarına məxsus “Boeing”lə bağlı təhqiqat başa çatsın. Ancaq biz bu ədalətə nail olacağıq. Biz bunu əldə edəcəyik. Təəssüf ki, bugünkü vəziyyət ikitərəfli münasibətlərimiz baxımından heç də məqbul deyil”.

İtaliyanın “Agenzia Nova” xəbər portalının yaydığı materialda Azərbaycan Prezidentinin müxtəlif ölkələrdən olan jurnalistlərin suallarına verdiyi ətraflı cavablar diqqət mərkəzində saxlanılıb.

Yazıda Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinə dair Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərdən sitatlar gətirilib: “Bəli, mətn paraflana bilər və Azərbaycan tərəfi artıq Əbu-Dabidə bu təkliflə çıxış edib. Lakin bildiyiniz kimi, paraflanma heç də imzalanma demək deyil. Yəni, biri var ki, tərəflər arasında şifahi razılıq əldə olunur, biri də var ki, tərəflər sənədin hər səhifəsinin sonunda öz imzalarını qoyaraq onu paraflayır. Məncə, biz sülh müqaviləsinin imzalanmasına çox yaxınıq”.

Materialda, eyni zamanda, Azərbaycan Prezidentinin sülh müqaviləsinin Ermənistan konstitusiyasına dəyişiklik edilən və ATƏT-in Minsk qrupunun buraxılan kimi imzalana biləcəyini vurğuladığı qeyd olunub.

İspaniyanın geniş oxucu kütləsinə malik “Europapress”, “Democrata”, Teleprensa”, “Upday” mətbuat orqanlarında dərc olunan materiallarda Prezident İlham Əliyevin Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması, Zəngəzur dəhlizinin açılması ilə bağlı fikirlərinə geniş yer ayrılıb. İspan mediası diqqətə çatdırıb ki, Azərbaycanın dövlət başçısı ölkəsinin Ermənistan ilə sülhə yaxın olduğunu bildirib, amma İrəvanın bu prosesdə daha konstruktiv rol oynamasının, eyni zamanda, kommunikasiyaların açılması istiqamətində müsbət addımlar atmasının zəruriliyini vurğulayıb.

Qardaş Türkiyənin aparıcı xəbər agentlikləri, telekanalları, xəbər saytları və qəzetləri də Azərbaycan Prezidenti İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxışını geniş işıqlandırıb.

Rəsmi Anadolu agentliyinin geniş materialında qeyd olunur ki, tədbirdə Azərbaycanın dövlət başçısı Ermənistanla münasibətlərin normallaşdırılması perspektivləri, regional kommunikasiyaların açılması, AZAL-ın təyyarəsi ilə bağlı insident, Ukraynadakı müharibə və digər mühüm məsələlərə toxunub.

Türkiyənin xəbər agentlikləri, həmçinin “TRTHaber”, NTV, “HaberGlobal”, HaberTürk” telekanalları dövlətimizin başçısının çıxışından sitatlar gətirib, o cümlədən Ermənistan konstitusiyasına dəyişiklik edilməsi və Zəngəzur dəhlizinin açılması, İrəvanın özünü nəinki nəqliyyatda, hətta siyasi müstəvidə təcridə sürükləyən yanlış siyasəti ilə bağlı onun ifadə etdiyi fikirləri vurğulayıb.

Bir sıra qəzetlər və telekanallar Prezident İlham Əliyevin Rusiyanın qəza nəticəsində həlak olanların ailələrinə və yaralananlara, eləcə də AZAL-ın təyyarəsinə görə təzminat ödəməli olması ilə bağlı sözlərini önə çıxarıb. Həmçinin dövlətimizin başçısının işğalın qəbuledilməzliyi və dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı sözlərinə xüsusi diqqət yetirilib.

Ukraynanın “Ukrinform”, “RBK-Ukrayna”, “İnterfaks-Ukrayna”, “UNİAN”, “Azadlıq” radiosunun Ukrayna redaksiyası, “Qordon” nəşri, “Korrespondent”, “Tsensor” informasiya agentlikləri, xəbər portalları və digər media orqanlarında Azərbaycanın dövlət başçısının çıxışından əsas məqamlar dərc edilib.

Məqalələrdə Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Rusiya-Ukrayna münaqişələrinə, “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Rusiya ərazisində vurulmasına dair fikirləri yer alıb. Dövlətimizin başçısına istinadla qeyd olunur ki, Azərbaycan yeddi aydır Rusiya tərəfdən heç bir aydın cavab almayıb. Azərbaycanın baş prokuroru Rusiya Təhqiqat Komissiyasına sorğular göndərir, lakin cavab olaraq yalnız “istintaq davam edir” ifadəsi alınır. Azərbaycan beynəlxalq ədliyyə sisteminə müraciət etmək niyyətindədir.

Məqalələrdə qeyd olunur ki, Prezident İlham Əliyev Malayziyaya məxsus “Boeing”in qəzaya uğraması ilə bağlı araşdırmanın 10 ildən artıq davam etdiyini də xatırladıb. Azərbaycan da nə qədər lazımdırsa, gözləməyə hazırdır. Azərbaycan təqsirin etiraf edilməsini, təyyarəni vuranların cəzalandırılmasını, həlak olanların ailələrinə təzminat ödənilməsini və AZAL-a dəymiş ziyanın ödənilməsini tələb edir.

Ukrayna mediası, həmçinin dövlətimizin başçısının Azərbaycanın işğalda olan ərazilərinin azad edilməsinə, Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə dair fikirlərinə yer ayırarkən vurğulayıb ki, Prezident İlham Əliyev Ukraynaya heç vaxt işğalla razılaşmamağı tövsiyə edib.

“İndi verdiyim cavab əvvəlki cavabımdan fərqli olmayacaq və düşünürəm ki, bu, Ukrayna xalqının istəkləri ilə də səsləşir – heç vaxt işğalla barışmamaq. Bu, əsas tövsiyədir. Bizim etdiyimiz də bu idi. Daha doğrusu, biz bu prosesi belə görürdük”, - deyə məqalələrdə Prezident İlham Əliyevin çıxışından sitat gətirilir.

Materiallarda dövlətimizin başçısının Birinci Qarabağ müharibəsi dövründə Azərbaycanın çoxsaylı qurbanlar verməsinə dair fikirləri də qeyd edilib. “Postmünaqişə dövrü də mənəvi və iqtisadi baxımdan az ağır deyildi. Bizim bir milyona yaxın insanımız var idi ki, onlar yaşamaq imkanlarından məhrum olmuşdular. Onlardan 700 min nəfəri Qarabağ regionundan, 250 min nəfəri isə Ermənistandakı azərbaycanlılar idi ki, onlar oradan deportasiya olunmuşdu. O zaman bizim ölkəmizin əhalisi 8 milyon idi. Yəni bu, adambaşına düşən qaçqınların sayı baxımından ən yüksək göstəricilərdən biri idi.

Chosen
69
50
aznews.az

10Sources