Azərbaycan milli komandasının və "Neftçi"nin sabiq futbolçusu, ötən mövsümü II Liqa təmsilçisi "Hypers Guba"da (indiki "Quba") keçirmiş Cavid İmamverdiyevin Offsideplus.az saytına müsahibəsi

- İşləriniz necə gedir?

-Hər şey yaxşıdır. İstirahətdəyəm.

- İstirahətdən sonrakı planlarınız necədir? Yeni komandanız bəllidirmi?

- Hazırda bir neçə təklifim var. Bu yaxınlarda dəqiq qərar verəcəm.

- Karyeranızı II Liqada davam etdirməyi düşünürsünüz, yoxsa daha yüksək liqalardan təklifləriniz var?

- Həm I, həm də II Liqadan təkliflər almışam.

- Bəs Premyer Liqa? Məsələn, sizinlə eyni futbolçu nəslindən olan Araz Abdullayev, Elvin Yunuszadə Premyer Liqaya qayıdır.

- Düzü, hazırda Premyer Liqa variantı yoxdur. Əlbəttə, olarsa, heç kim “yox” deməz.

- Sizcə, niyə yoxdur? 

- Yəqin ki, yaşa və çəkiyə görə. Ancaq nəzərə almaq lazımdır ki, futbolçu istəyəndə çəkini sala bilir.

- Çəkiniz nə qədərdir ki?

- Əgər yazmayacaqsınızsa, deyim.

- Yazacam. 

- Onda sirr qalsın (gülür).

- Karyeranızı bitirmək haqqında düşünmürsünüz?

- Yox. Nə qədər bacarıramsa, oynayacağam. Baxıram ki, hələ aşağı liqalarda oynaya bilərəm. Hazırda yaş amili o qədər də təsir etmir. Məsələn, ötən mövsüm II Liqada 30 qol vurmuşam. Ondan öncəki mövsüm isə hesabımda 19 qol var idi. Əgər komandaya xeyir verə bilirəmsə, oynamaq lazımdır. Karyeranı bitirmək hələ tezdir. Kənarda biznesim olsa belə yenə də futbolun içində olacağam. İnanıram ki, bundan sonra 3-4 il də oynaya bilərəm.

- Bu istək futbol sevgisindən irəli gəlir, yoxsa maddi tələbatdan?

- Açığı, maddi olaraq heç nəyə ehtiyacım yoxdur. Şükürlər olsun ki, qazandığımı qazanmışam, öz biznesimi də qurmuşam. Futbolla yaşayan insanlarda bu sevgi heç vaxt bitmir. Mən istəsəm belə, futboldan uzaqlaşa bilmərəm. Bu, xəstəlik kimi bir şeydir.

- Hansı bizneslə məşğul olursunuz? 

- Bunu açıqlamaq istəmirəm.

- Bəs futbolçu karyeranızı bitirdikdən sonra nə etməyi düşünürsünüz?

- Yəqin ki, ya futbol məktəbi açaram, ya da hansısa klubun akademiyasında işləyərəm. Belə bir təcrübəm də var. Ötən il Elvin Həsənovla birgə “Sabah” Futbol Akademiyasında çalışırdım. Sonra elə alındı ki, “Hypers Guba”ya gəlib məşqçi-futbolçu olduq.

-Yeri gəlmişkən, “Hypers Guba”dakı çıxışınızı necə dəyərləndirirsiniz?

- Çox sevinirəm ki, orada oynadım və qubalıları tanıdım. Sırf mənim çıxışıma gəlincə, çox mükəmməl olduğunu düşünürəm. Komanda mövsüm ərzində 60 qol vurdu, onun yarısı mənim payıma düşür. “Şəmkir”in oyunçusu Vidadi Cəfərov 30 qolla 2-ci Liqanın bombardiri oldu. Sonra onu zəng edib təbrik elədim. Özümə də xoş gəldi ki, belə gənc futbolçu ilə maraqlı rəqabət apardıq. 

- Mübarizə demişkən, II Liqanın səviyyəsi sizi qane edir?

- Keyfiyyət o deyil. I Liqada vəziyyət nisbətən yaxşıdır. Burada oynayan qardaşlarımızı da aşağılamaq istəmirəm. Ancaq həqiqətən də, keyfiyyət çox aşağıdır.  

- Sizcə, niyə?

- Çox güman ki, maliyyənin azlığı ucbatından. I Liqada çempion olmaq istəyirsənsə, əlin cibində olmalıdır. Ən azından altı-yeddi yaxşı futbolçu gətirib oynatmalısan ki, nəticə görə biləsən.

- Bəs futbolumuzun ümumi durumu haqqında nə düşünürsünüz? Məsələn, 10 il öncə ilə müqayisə etsəniz, hansı fərqləri qeyd edərdiniz?

- Bizim vaxtımızda futbol indiki kimi sürətli deyildi. Ancaq sizi əmin edə bilərəm ki, keyfiyyət baxımından bizim dövrümüzün futbolçuları daha üstün idi. Heç kim məndən inciməsin. Düzdür, indi də “Qarabağ”, “Neftçi”, “Sabah”, “Zirə”də keyfiyyətli futbolçular var. Ancaq təəssüf ki, sayları çox deyil. Ümumiyyətlə, bu gün ölkədə keyfiyyətli azərbaycanlı futbolçular çox-çox azdır. 

- Bəs bunun səbəbini nədə görürsünüz?

- Bu suala cavab verəcək yaşda deyiləm. Ancaq məsələyə ümumi baxdıqda uşaq futbolunu qeyd edə bilərəm. Bizim vaxtımızda tək “Neftçi” Futbol Akademiyasının yetirmələrinə baxın: Mirhüseyn Seyidov, Tərlan Quliyev, Elvin Yunuszadə, Amit Quluzadə, Araz Abdullayev, Cavid İmamverdiyev... adını qeyd etdiklərim az da olsa, Azərbaycan futbolunda öz sözünü deyib. Hamısı da bir yerdə oynayıb. Ancaq bu gün istənilən Premyer Liqa klubuna baxanda maksimum yaxşı oynayan üç yerli futbolçu adı çəkə bilərsiniz.

- Cavid bəy, vaxtilə atdığınız hansı addımların bu gün yanlış olduğunu düşünürsünüz? Təbii ki, söhbət futbol karyerasından gedir.

- Mən elə insanam ki, peşman olsam da, demərəm bunu. Keçmiş keçmişdə qalıb. Həmişə qabağa baxmaq lazımdır. Necə deyərlər, dünəninə bərəkallah, bu günündən danış. Səhvi ilə, düzü ilə bu həyatı mən yaşamışam. Ona görə də, səhvlərimdən çıxış edib, kimsə mənə ağıl verəndə xoşuma gəlmir. 

- Yaxşı, onda sualı belə verim: səhvləriniz daha çox olub, yoxsa düz qərarlarınız?

- Əgər 31 yaşımda Premyer Liqa ilə vidalaşmışamsa, deməli, səhvlərim çox olub.