EN

Azərbaycan mediasının yüksəliş yolu

Azərbaycan cəmiyyəti mötəbər bir tarixi – milli mətbuatın yaranmasının 150 illiyini ümumxalq bayramı kimi qeyd edir. Bu təntənənin bir səbəbi milli mətbuatın əsryarımlıq fəaliyyətinin tamam olmasıdırsa, digər səbəbi belə bir əlamətdar hadisənin öz ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa etmiş, regionun yeni güc mərkəzi kimi qəbul olunan Azərbaycan reallığında qeyd edilməsidir.

Təbii ki, dövlət müstəqilliyimiz kimi, milli mətbuatımız da bu günə heç də asan gəlib çıxmayıb. Azərbaycan mətbuatı 150 il ərzində çətin və şərəfli inkişaf yolu keçib. XIX əsr çar Rusiyasında yaşayan xalqlar üçün istibdadla yanaşı, həm də milli oyanış dövrü idi. Azərbaycan milli mətbuatının banisi Həsən bəy ərdabi milli mətbuat orqanını təsis etmək üçün 15 ilə yaxın mübarizə aparmışdı. 1861–1865-ci illərdə Moskva Universitetinin fizika-riyaziyyat fakültəsində təhsil aldığı illərdə belə, Azərbaycan dilində qəzet nəşr etmək istəmişdi. Lakin onun təşəbbüslərinin qarşısı hər dəfə müxtəlif vasitələrlə alınmışdı.

Nəhayət, uzun və gərgin mübarizədən sonra 1875-ci ildə ərdabi öz arzusuna çatdı və istədiyi qəzetin nəşri üçün Bakı qubernatorundan icazə aldı. Təbii ki, bu icazədə kifayət qədər ağır şərtlər vardı. Çünki çar hökuməti milli mətbuatın formalaşmasında maraqlı deyildi. na görə də Həsən bəy ərdabiyə ictimai-siyasi qəzet yox, əkin-biçin məlumatları yaymaq hüququ verilmişdi. Bu səbəbdən də qəzetin adı “Əkinçi” adlandırıldı.

Maraqlıdır ki, qəzetin nəşrinə icazə verilməsində ərdabinin peşəsi xüsusi rol oynamışdı. Təbiət elmləri üzrə təhsil aldığı üçün Həsən bəyin qəzetdə əkin-biçin məlumatlarını yaymaq proqramı hakim dairələri narahat etməmişdi. “Əkinçi” qəzetinin ilk nömrəsi 1875-ci ilin 22 iyulunda işıq üzü gördü. Qəzet ərəb əlifbası ilə Azərbaycan dilində yayımlanan ilk milli qəzetdir. “Əkinçi” iki dəfə 300–400 tirajla yayımlanıb, ümumilikdə, 56 sayı işıq üzü görüb.

“Əkinçi” Azərbaycanda qəzetçilik ənənəsini yaratmaqla yanaşı, ilk jurnalist nəslini formalaşmasına yol açdı, peşə prinsiplərini müəyyənləşdirdi. Azərbaycan dilinin rəsmi statusda fəaliyyətinə imkan verən bu qəzet milli təfəkkürlü ziyalılar nəslinin yetişməsində tarixi xidmətlər göstərdi. Mirzə Fətəli Axundov, Nəcəf bəy Vəzirov, Seyid Əzim Şirvani və digər Azərbaycan mütəfəkkirləri qəzetin ilk yazarlarından idilər. Bundan başqa, Azərbaycan dilində ilk dəfə durğu işarələrindən istifadə edən “Əkinçi” qəzet dil islahatlarına da töhfə verdi. Ən əsası, qəzet milli oyanışda əvəzsiz rol oynadı.

Onu da qeyd edək ki, “Əkinçi” Bakıda çap olunsa da, o, ümumrusiya müsəlmanlarının qəzetinə çevrilmişdi. Onu Dağıstanda, Volqaboyunda, Mərkəzi Asiya və Sibirdə oxuyurdular. Məhz bu səbəbdən hökumətin məmurları qəzetin nəşrinin dayandırılmasına qərar verdilər və 29 sentyabr 1877-ci ildə qəzetin fəaliyyəti dayandırıldı. Amma cəmi 2 il ərzində “Əkinçi” öz toxumunu düşüncələrə əkmişdi. Zaman keçdikcə həmin toxumlar cücərdi və milli mətbuatın yeni və daha güclü inkişafına zəmin yaratdı.

Nəzərə almaq lazımdır ki, XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakı təkcə Qafqazın iqtisadi deyil, həm də mədəni mərkəzinə çevrilmişdi.  zamankı Bakıda çoxsaylı rus, gürcü, erməni və digər xalqların xeyriyyə cəmiyyətləri və qəzetləri fəaliyyət göstərirdi. Bu qədər qarşıdurma və rəqabət şəraitində milli mətbuatı formalaşdırmaq və inkişaf etdirmək çox çətin idi. tiraf etməliyik ki, o dövrdə “Əkinçi” milli mətbuatın yeni nəsli üçün bir mayak, bələdçi oldu.

Təsadüfi deyil ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqda onun qurucularının demək olar ki, əksəriyyəti yazarlar və mətbuat cameəsinin nümayəndələri idilər. Sovet dönəmində mətbuat yalnız texniki baxımdan inkişaf etdi. Çünki 70 il ərzində bir dənə də olsun müstəqil mətbu orqanı fəaliyyət göstərmədi. Daha doğrusu, müstəqil mətbuatın fəaliyyətinə imkan verilmədi.

Buna görə də bütün media subyektləri partiya təşkilatlarının və dövlət qurumlarının orqanı kimi fəaliyyət göstərdi. Lakin senzuranın pik həddə olduğu SSRİ dönəmində belə əzmkar jurnalistlərimizin səyi ilə Zərdabi ənənələri unudulmadı.

Mediamızın əsas inkişaf dövrü ikinci dəfə müstəqillik qazandığımız illərə təsadüf edir. Müstəqilliyimizin ilk illərindən etibarən çoxsaylı qəzet və jurnallar nəşr olundu, sovet dönəmindən qalmış stereotiplər dağıdıldı. Müstəqilliyimizin bərpasından sonra ölkəmizdə mətbuatın inkişafı, ilk növbədə, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət yalnız mətbuata qayğı göstərmirdi, həm də media ilə fəal əməkdaşlıq edirdi. nun bütün səfərlərinə, görüşlərinə müxtəlif mətbuat nümayəndələri dəvət olunurdu. Heydər Əliyev hakimiyyətdə olduğu illərdə jurnalistlərlə hər il geniş tərkibdə görüşlər keçirirdi. Bununla da mətbuatın dövlətçilik və cəmiyyət üçün əhəmiyyəti xüsusi şəkildə vurğulanırdı.

Ulu öndərin hakimiyyəti dövründə mətbuatın davamlı inkişafı üçün hüquqi baza yaradılmasına xüsusi diqqət yetirilirdi. 1995-ci ildə mummilli liderin rəhbərliyi ilə hazırlanan ilk Milli Konstitusiyada mətbuata xüsusi yer ayrıldı. Konstitusiyada qeyd olunub: “Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir”.

Bu, mətbuatın rəsmən “dördüncü hakimiyyət” kimi tanınması demək idi. Azad mətbuatın inkişafını demokratik cəmiyyətin əsası kimi görən dahi öndər 1998-ci ildə “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” fərman imzaladı. Bu fərman ölkə mətbuatının inkişaf tarixində mühüm hadisə hesab olunur. Həmin fərmanla mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə – senzura təsisatı ləğv edildi.

Üstəlik, “Hərbi senzura yaradılması haqqında” 16 aprel 1992-ci il tarixli fərman və “İnformasiya yayımı üzərində nəzarət haqqında” 15 aprel 1993-cü il tarixli sərəncam ləğv edildi. Bununla da azad sözün və demokratik medianın inkişaf yolundakı bütün əngəllər aradan qaldırıldı. 1999-cu ildə qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” yeni qanun mətbuat sahəsində demokratik prinsiplərin daha da möhkəmlənməsinə xidmət etdi. Bu sənəd bir sıra bürokratik əngəllərin aradan qaldırılmasına və yeni mətbuat orqanlarının daha asan qeydiyyatına imkan yaratdı.

Ümummilli lider Heydər Əliyev çalışırdı ki, ölkənin demokratikləşməsi yolunda əsas sahələrdən biri də mətbuat olsun. Bu istək davamlı fəaliyyətlə həyata keçirilirdi. 2000-ci ilin martında imzalanan sərəncamla “2000–2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiqləndi.

Demokratik və sivil dövlət quruculuğuna sadiqliyini əyani şəkildə sübut edən Azərbaycan Prezidenti İlham Əliyevin mediaya xüsusi yanaşması hər zaman göz önündə olub. Onun həyata keçirdiyi siyasət birbaşa müstəqil mətbuatın formalaşmasına və inkişafına xidmət edir. Azərbaycan hökuməti söz və mətbuat azadlığı, kütləvi informasiya vasitələrinin inkişafı üçün bütün zəruri addımları atıb və atmağa davam edir.

Prezident İlham Əliyev, ümumiyyətlə, media azadlığının təmin olunması və hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasət yürüdüb. 2005-ci ildə qəbul olunmuş “İnformasiya əldə etmək haqqında” qanun vətəndaşların informasiyaya çıxış hüququnu genişləndirdi. 2010-cu ildə qəbul edilən “Elektron media haqqında” qanun isə müasir texnologiyaların tətbiqi ilə medianın daha çevik və effektiv fəaliyyət göstərməsinə imkan yaratdı.

Dəyişən zaman və texnoloji mühit digər sahələrdə olduğu kimi, mətbuat sahəsində də islahatları zəruri edirdi. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərmanı bu baxımdan çox əhəmiyyətli bir addım oldu. Bu fərman əsasında Medianın İnkişafı Agentliyi (MDİA) publik hüquqi şəxs kimi yaradıldı. MDİA müasir dövrün çağırışlarına uyğun şəkildə mətbuat sahəsində çevik və e ektiv fəaliyyət göstərməyə başladı. Bununla yanaşı, sonrakı dövrdə “Media haqqında” Qanun qəbul edildi. Bu qanun müasir tələbləri və beynəlxalq hüquqi standartları nəzərə almaqla hazırlanaraq və milli mətbuatın davamlı inkişafını təmin etmək məqsədi daşıyır.

44 günlük Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə Azərbaycan mətbuatı sözün əsl mənasında müsəlləh əsgər kimi dövlətin, ordunun və Ali Baş Komandanın yanında dayandı. Hərbi-siyasi sahədə əldə edilən uğurlar ideoloji sahədə də medianın fəaliyyəti ilə ən yüksək səviyyəyə çatdırıldı. Mətbuat-hakimiyyət münasibətlərində milli maraqlara əsaslanan qarşılıqlı inam və etimad formalaşdı. Bu birlik və həmrəylik nəticəsində Azərbaycan mətbuatı xalqımızın operativ şəkildə doğru informasiyaya çıxışını təmin etdi. Nəticədə, feyk məlumatların informasiya məkanımızda yayılmasının qarşısı alındı.

Bu gün Azərbaycanın milli mətbuatı 150 illik yubileyini dövlət və xalqın birgə bayramına çevirməklə həm tarixi mirasına sahib çıxır, həm də gələcək nəsillərə örnək olacaq bir jurnalistika mədəniyyətini yaşadır. Qarşıda duran vəzifə isə bu ənənəni qorumaq, inkişaf etdirmək və müasir dünyanın çağırışlarına uyğun şəkildə daha da gücləndirməkdir.

Anar TAHİROV, 

“Bizim Media” xəbər portalının baş redaktoru

Chosen
2
10
xalqqazeti.az

10Sources