Fransa çempionu PSJ-nin braziliyalı dayaq yarımmüdafiəçisi Qabriel Moskardo bundan sonra “Braqa”nın uğurları üçün çalışacaq.
Arena.az bu barədə Portuqaliya klubunun rəsmi saytına istinadən məlumat verir.
Sözügedən klub 19 yaşlı futbolçunu 2025/2026 mövsümünün sonunadək icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.
Xatırladaq ki, Qabriel Moskardo Braziliyanın “Korintians” klubunun yetirməsidir. O, PSJ-yə 2024-cü ilin yanvarında 20 milyon avro müqabilində keçib. Yarımmüdafiəçinin Paris klubu ilə 2028-ci ilin 30 iyununa qədər müqaviləsi var. Amma ona PSJ-nin əsas komandasında debüt etmək hələ qismət olmayıb. Yarımmüdafiəçi ötən mövsümü də Fransanın “Reyms” klubunda icarədə keçirib.
Gənc futbolçu Braziliyanın U-20 və U-23 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.
“Transfermarkt” internet-portalı 19 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.
