Daha çox regionlarda inkişaf edən fərdi sahibkarlığın iqtisadiyyatda rolu və perspektivləri genişdir
Müasir iqtisadi sistemdə sahibkarlıq, özəl sektor hər bir dövlətin sosial-iqtisadi inkişafının əsas dayaqlarındandır. Bu fəaliyyət növləri içərisində sadəliyi, çevikliyi və geniş fəaliyyət imkanları ilə seçilən fərdi sahibkarlıq xüsusi yer tutur.
Fərdi sahibkar hüquqi şəxs yaratmadan qısa müddət ərzində fəaliyyətə başlaya bilir ki, bu da bürokratik maneələri minimuma endirir, sahibkara öz ideyalarını sərbəst həyata keçirmək, gəlir əldə etmək və bazarda mövqeyini formalaşdırmaq imkanı verir. O, istədiyi sahədə işləyə, imkanlarını sərbəst idarə edə və lazım gəldikdə öz adından müqavilələr bağlaya bilir. Bu sahibkarlıq növü xüsusən kiçik və orta biznes üçün əlverişlidir. Çünki çevikdir və cəmiyyətin gündəlik ehtiyaclarını tez bir zamanda qarşılayır. Fərdi sahibkarlar bazar şəraitinə tez uyğunlaşa bilir, yeni trendlərə və müştəri tələblərinə sürətlə reaksiya verirlər. Onların fəaliyyət sahələri genişdir, kiçik ticarətdən tutmuş xidmət sahələrinə, kənd təsərrüfatından sənətkarlığa qədər müxtəlif istiqamətlərdə işləyə bilirlər. Bu da cəmiyyətin hər təbəqəsindən olan insanların ehtiyaclarını ödəməyə qapı açır.
Azərbaycanda fərdi sahibkar olmaq üçün mürəkkəb proseslərə ehtiyac yoxdur - bu, onun birinci üstünlüyüdür. İkinci üstünlüyü sərbəst qərarvermə imkanlarının olmasıdır. Çünki bu fəaliyyət növünün qeydiyyat və idarəetmə prosesi sadədir və az vaxt tələb edir. Fərdi sahibkar fəaliyyətini sərbəst şəkildə planlaşdırır, gəlirlərini və xərclərini özü idarə edə bilir ki, bu da bazara daha tez uyğunlaşmağa şərait yaradır. Üçüncü mühüm üstünlük aşağı vergi yüküdür. Azərbaycanda sadələşdirilmiş vergi sistemi çərçivəsində fəaliyyət göstərən fərdi sahibkarlar digər sahibkarlıq subyektlərinə nisbətən daha az vergi ödəyirlər.
Bu qədər üstünlüklərə malik olan fərdi sahibkarlığın ölkəmizdə nə qədət geniş yayıldığını göstərən statistik rəqəmlərə müraciət edək: Dövlət Vergi Xidmətinin məlumatına görə, 2025-ci il iyulun 1-nə kimi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1 milyon 416 mini ötüb. Bu rəqəm ölkədə fərdi sahibkarlığa marağın artdığına dəlalət edir. Belə yüksək göstərici həm də insanların öz işini qurmağa, fərdi şəkildə qazanc əldə etməyə və təşəbbüskar fəaliyyətə meyilli olduqlarını göstərir. Bu artım eyni zamanda dövlətin sahibkarlıq fəaliyyətinin sadələşdirilməsi, vergi yükünün azaldılması və elektron qeydiyyat sistemlərinin tətbiqi kimi islahatlarının real nəticəsidir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, hər dörd fərdi sahibkardan üçü “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Nəqliyyat və anbar təsərrüfatı” və “Digər sahələrdə xidmətlərin göstərilməsi” sahələri üzrə qeydiyyatdan keçib. Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (26,2 faiz), Lənkəran-Astara (10,3 faiz), Qazax-Tovuz (7,9 faiz) və Mərkəzi Aran (7,2 faiz) iqtisadi rayonlarında qeydiyyata alınıb. Fərdi sahibkarların 76,5 faizini kişilər, 23,5 faizini qadınlar təşkil edib.
Elə buradaca əlavə edək ki, son illər Azərbaycanda qadınların da fərdi sahibkarlıq sahəsində fəallığı artmaqdadır. Xüsusən fərdi sahibkarlıqda xanımların iştirakı sosial-iqtisadi inkişafa mühüm töhfə verir. Xanım sahibkarlar əsasən xidmət, təhsil, qida, turizm, gözəllik və əl işləri kimi sahələrdə uğurlu nəticələr əldə edirlər. Onların fərdi şəkildə iqtisadi təşəbbüslər göstərməsi təkcə ailə büdcəsinə təsir etmir, həm də qadınların cəmiyyətdəki iqtisadi rolunu gücləndirir. Dövlət və qeyri-hökumət təşkilatları tərəfindən qadın sahibkarlara yönəlik təlim proqramları, mikromaliyyə dəstəyi və mentorluq təşəbbüsləri onların biznes fəaliyyətini genişləndirməyə şərait yaradır. Qadınların bu sahədə fəallığı həm də regionlarda yeni imkanların açılmasına və sosial sabitliyin möhkəmlənməsinə səbəb olur.
Qadın sahibkarların fəlaiyyəti ilə bağlı Dövlət Statistika Komitəsinin məlumatında yer alan rəqəmlərə nəzər salaq: qadınlar “Digər sahələrdə xidmətlərin göstərilməsi” fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 37,3, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” fəaliyyət sahəsində 26, “Ticarət; nəqliyyat vasitələrinin təmiri” fəaliyyət sahəsində 22 faizini təşkil edir. Sahibkar qadınların 28,4 faizi Bakıda, 10 faizi Lənkəran-Astara, 9,6 faizi Qazax-Tovuz, qalanları digər iqtisadi rayonlarda qeydiyyatdan keçib. Fərdi sahibkarların kişi və qadın nisbətinə, eləcə də regionlar üzrə bölgüsünə baxdıqda aydın görünür ki, bəzilərində qadın sahibkarların sayı ölkə üzrə orta göstəricidən daha yüksəkdir. Məsələn, Qazax-Tovuz iqtisadi rayonunda qadın sahibkarların payı 28,5, Naxçıvanda 27,6, Gəncə-Daşkəsən bölgəsində 26,1, Bakıda isə 25,4 faizdir. Bu rəqəmlər göstərir ki, qadınlar yalnız paytaxtda deyil, regionlarda da öz işlərini qururlar və iqtisadi həyatda fəal iştirak edirlər.
Qeyd olunan statistik göstəricilər fərdi sahibkarlığın ölkə üzrə geniş yayılmasını və onun iqtisadi sistemdə mühüm yer tutduğunu ortaya qoyur və göstərir ki, fərdi sahibkarlıq həm şəxsi təşəbbüsün bir formasıdır, həm də ölkə iqtisadiyyatının daha çevik və dinamik işləməsinə kömək edən mühüm vasitədir. Bu növ sahibkarlığın inkişafı ölkənin sosial-iqtisadi sabitliyinin təmin olunmasında mühüm əhəmiyyət kəsb etdiyi üçün gələcəkdə də həmin istiqamətdə islahatların davam etdirilməsinin vacibliyini ortaya qoyur.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”