EN

Bakıda çəyirtkələrin çoxalmasına ilahiyyatçıdan REAKSİYA:“Əti halaldır”

Bir neçə gündür, Bakının müxtəlif ərazilərində çəyirtkələrin çoxalması sakinlərin narahtlığına səbəb olub. Sosial şəbəkələrdə bununla bağlı müxtəlif görüntülər paylaşılır, şərhlər verilir. Əsas diqqət çəkən məqam isə çəyirtkə yeməyin İslam dinində halal olduğu barədə verilən şərhlərdir.

 

İlahiyyatçı Tural İrfan Pravda.az-a açıqlamasında bu məlumatı təsdiqləyib.

 

O bildirib ki, İslam dininə görə, bəzi heyvanların əti halal, bəzilərininki isə haramdır: “Çəyirtkə əti halal qismə aiddir. Bu, əsasən isti ölkələrdə, ərəb ölkələrində istifadə edilir. Dovşan kimi heyvanların ətinin yeyilməməsi, yaxud yeyilməsi haqda ziddiyyətli hədislər olsa da, çəyirtkə haqda belə deyil. Birmənalı olaraq çəyitkə yemək caizdir, təmizdir və yeyilə bilər. Lakin ola bilsin, çəyirtkənin müxtəlif növləri var ki, o növlərin hamısı yeyilməyə bilər. Xüsusi şəraitdə saxlanılan, ancaq yeyilməsi üçün nəzərdə tutulan çəyirtkə növlərindən daha geniş istifadə olunur. Çəyirtkə təmiz və halal həşəratdır. Amma bu o demək deyil ki, hamı yeməlidir. Sadəcə, kim yemək istəsə, bilsin ki, haram deyil. Çəyirtkənin yeyilməsinin halal və caiz olması barədə Məhəmməd Peyğəmbərdən nəql edilən hədislərdə müsəlmanlar arasında həmrəylik var. İstəyən bişirib yeyə bilər. İnsana da heç bir ziyanı yoxdur”.

 

T.İrfan paytaxtda kütləvi şəkildə artan çəyirtkələrin yandırılması barədə verilən ekspertlərin şərhlərinə isə belə cavab verib: “Normal şəraitdə, adi vaxtda çəyirtkəni öldürmək olmaz. Yemək üçün, yaxud digər ehtiyacları ödəmək üçün öldürmək isə icazəlidir. Ziyan verməsinə gəlincə də, Məhəmməd Peyğəmbər buyurub ki, zərər verən heyvanı əzab verməmək şərti ilə öldürmək olar. Fəqət, bu öldürmələr heyvanın nəslini kəsməyə qədər gedib çıxmamalıdır. Yalnız zərər vurduğu yerdə və zamanda zərərsizləşdirmək icazəlidir. İmkan daxilində öldürməkdən başqa yollarla uzaqlaşdırmaq lazımdır. Bu, mümkün olmasa, əkinə, təsərrüfata zərər vurarsa, çəyirtkəni öldürməkdə bir qəbahət yoxdur”.

 

Aytəkin Qardaşova

Tarix: 19 İyul 2025, 13:08   
Chosen
64
1
pravda.az

1Sources