EN

Ərəb qəbilələri Suveyda uğrunda səfərbər oldu – bölgədə balans dəyişir

BAKI, TurkicWorld

Suveyda bölgəsində gərginlik artarkən, ərəb qəbilələri birləşərək druz qüvvələrinə qarşı səfərbərlik elan edib.

TurkicWorld xəbər verir ki, qadın və uşaqlar da daxil olmaqla dinc əhalinin hədəf alındığı silahlı qarşıdurmalar fonunda, İsrailin dəstəklədiyi druz silahlılarına qarşı Suriya daxilindən minlərlə qəbilə üzvü Suveyda istiqamətində yola düşüb.

İsrailə bağlı hava vasitələrinin bölgədə apardığı kəşfiyyat fəaliyyəti zamanı bədəvi qəbilələri ilə druzlar arasında silahlı toqquşmalar baş verib. Nəticədə, druz qüvvələrinin nəzarətində olan 9 kəndin ələ keçirildiyi bildirilir. Mezraa kəndinə edilən hava hücumlarının ardınca, bölgəyə 50 minə yaxın silahlı ərəb döyüşçüsünün toplaşacağı gözlənilir.

4 milyon üzvü olan Naim qəbiləsinin lideri Məmduh Mahmud Hammad əl-Naimi "Suveydanı azad edəcəyik" bəyanatı ilə çıxış edib. O bildirib ki, bu hərəkata qəbilələrin təşəbbüsü ilə start verilib və məqsəd dinc əhaliyə qarşı soyqırımı dayandırmaqdır. Əl-Naimi əlavə edib ki, Suriya dövlətinə sədaqətləri tam olsa da, hazırda hərbi koordinasiya həyata keçirilmir.

Qəbilə lideri druzların dinc əhaliyə qarşı zorakılığını pisləyərək, "Əgər İsrail müdaxilə etməsə, Suveyda tam azad ediləcək,"- deyə bildirib. Əl-Naimi həmçinin qeyd edib ki, qəbilələr arasında koordinasiya yolu ilə qadın və uşaqların qorunmasına çalışılır və mülki əhalinin hədəf alınmaması barədə sərt tapşırıq verilib.

Suriya tayfalarının birgə yaydığı bəyanatda Hicri silahlı qruplaşmalarının Suveydada bədəvi qəbilələrinə qarşı törətdiyi zorakılıqlar kəskin şəkildə pislənib. Bəyanatda qeyd olunub ki, tayfalar bölgədə qadınlara, uşaqlara və qocalara qarşı edilən hücumları dəf etmək üçün qanuni müdafiə haqqını həyata keçirir.

Suriya Qəbilə və Klanlar Şurası isə Dəra bölgəsindəki qəbilələri də səfərbərliyə qoşulmağa çağırıb. Şura sədri Şeyx Əbdülmunim Ən-Nasif verdiyi açıqlamada, “Şimaldan cənuba, şərqdən qərbə qədər bütün qəbilələrin üzvlərini Suveydaya doğru hərəkətə keçməyə çağırırıq”, – deyə bildirib. Parlamentin göstərişi ilə Suveyda əhalisinə qarşı heç bir zorakılığa yol verilməməsi əmr olunub.

Qeyd edək ki, Suveyda bölgəsində son günlərdə artan qarşıdurmalar Suriyanın ümumi təhlükəsizlik balansını dəyişə biləcək potensiala sahibdir. Regionda silahlı aktorların sayı artarkən, həm daxili, həm də xarici aktorların iştirakı qarşıdurmanın coğrafiyasını daha da genişləndirir.

Chosen
43
turkic.world

1Sources