EN

Azercell abunəçilərinin nəzərinə

Şərqlə Qərb arasındakı strateji mövqedə yerləşən və zəngin enerji ehtiyatlarına malik Azərbaycan xarici siyasət kursunda mütləq bu amili nəzərə alır, yürütdüyü sərrast diplomatiya ilə bölgənin üstünlüklərindən milli maraqlar çərçivəsində maksimum yararlanaraq müxtəlif ölkələr arasında hərtərəfli faydalı əməkdaşlıq körpüləri qurulmasında fəal iştirak edir. 

Bu gün dünyanın əksər ölkələri ilə qarşılıqlı siyasi, iqtisadi, mədəni və digər əlaqələrə malik olan Azərbaycan Yaxın Şərq ölkələri ilə də əlaqələrini inkişaf etdirir. Buna görə də çoxvektorlu siyasət yürüdən dövlətimizin xarici siyasətində sözügedən ölkələrlə əməkdaşlığı genişləndirmək prioritet təşkil edir. 

Bu mənada Azərbaycanın ərəb ölkələri ilə dostluğa və əməkdaşlığa əsaslanan əlaqələri diqqət çəkir. Yaxın günlərdə Ermənistan və Azərbaycan liderləri arasında keçirilən və sülh prosesində irəliyə addım kimi dəyərləndirilən tarixi ikitərəfli görüş üçün ünvanın da məhz Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhəri seçilməsi təsadüfi deyildi. 

Eyni zamanda Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana ilk səfəri mühüm əhəmiyyətə malik oldu. Bu səfər bir daha göstərdi ki, Azərbaycanın xarici siyasətində Yaxın Şərq regionunun da xüsusi yeri var.

Ərazi bütövlüyünü və suverenliyini tam təmin edərək Cənubi Qafqazda yeni reallıqlar yaradan Azərbaycan həm də dünyada gərginlik yaşayan ölkələr arasında barışdırıcı rol oynaması ilə tanınır. Buna Bakının Suriya ilə İsrail arasında gərginliyin aradan qaldırılması üçün məsələlərin dialoq vasitəsilə çözümünə tərəfdar çıxması və görüşlərin təşkil olunmasına mühüm töhfə verməsini, eyni zamanda Türkiyə ilə İsrail arasında və Suriya mövzusunda yaşanan gərginliyin aradan qaldırılmasında qaynar xətt mexanizmi yaradılmasında mühüm rolunu, ümumiyyətlə bu gərginliklərin yumşaldılmasında diplomatik resurslarını səfərbər edərək fəal rol oynamasını nümunə gətirmək olar.  

Azərbaycan tarixi əlaqələrə malik olduğu Suriya ilə hər zaman münasibətlərinin yaxşı olmasına çalışıb. Ancaq məlum olduğu kimi, Əsəd rejiminin rəhbərlik etdiyi Suriya hökumətinin vaxtında Azərbaycana qeyri-dost münasibət göstərilib. Bu səbədən də Azərbaycan-Suriya münasibətləri kifayət qədər soyuq olub. 

Ancaq bədnam rejimin çöküşündən sonra iki ölkə arasında əlaqələr özünün yeni və uğur vəd edən inkişaf mərhələsinə qədəm qoyub. Aprelin 11-də Antalyada Suriya Prezidenti Əhməd Əl Şaraa ilə görüşü zamanı Suriyada baş vermiş dəyişikliklərlə əlaqədar məmnunluğunu bildirən Prezident İlham Əliyev bununla bağlı onu təbrik edib. Həmin görüşdə Suriyada sabitliyin möhkəmləndirilməsi üçün zəruri olan bərpa prosesində Azərbaycanın iştirak etməyə hazır olduğu qeyd olunub.

Vurğuladığımız kimi, Azərbaycanın Yaxın Şərq siyasətində Suriya ilə  münasibətlərin inkişafı önəmli yer tutur və bu istiqamətdə məqsədyönlü iş aparılır. İyulun 12-də Suriya Prezidenti Əhməd Əl Şaraanın ölkəmizə ilk səfəri, həmçinin iki ölkə liderinin məhdud və geniş tərkibdə görüşləri münasibətlərimizin gələcək inkişaf trayektoriyasını daha da dəqiqləşdirmək üçün mühüm əhəmiyyətə malik oldu. Görüş zamanı dövlətimizin başçısı İlham Əliyev vurğuladı ki, Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın ölkəmizə səfəri ikitərəfli əlaqələrimizin inkişafında mühüm əhəmiyyət kəsb edir. Əhməd Əl Şaraa isə öz növbəsində əvvəlki hakimiyyətin Suriyanın bir çox ölkə ilə, o cümlədən Azərbaycanla əlaqələrə xələl gətirdiyini qeyd etdi. O, ölkəsinin Azərbaycanla siyasi, iqtisadi-ticari, mədəni, humanitar və digər sahələrdə əməkdaşlıqda maraqlı olduğunu vurğuladı. 

Görüşdə ölkələrimiz arasında xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyi qeyd edilib, Suriyanın hazırda ciddi enerji problemi ilə üzləşdiyi bildirilib. Bu xüsusda yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçiriləcəyi vurğulanıb və bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verəcəyi, Azərbaycanın Suriyanın energetika sahəsinin bərpasına töhfə vermək iqtidarında olduğu diqqətə çatdırılıb.

Azərbaycanla Suriya arasında humanitar, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa toxunulub, o cümlədən suriyalı tələbələrə Azərbaycanda təqaüdlərin verilməsi və mədəni abidələrin bərpası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın Suriyanın üzləşdiyi ciddi enerji problemlərinin həllində töhfəsi Suriyanın inkişafı üçün xüsusi əhəmiyyət daşıyır. Ümumiyyətlə, qlobal enerji təhlükəsizliyində vacib yerə malik Azərbaycan təkcə Avropa bazarına deyil, Yaxın Şərq ölkələrinə də qaz ixrac etməyə başlayıb və tezliklə mavi yanacağımız Suriyaya da ixrac ediləcək. 

Türkiyə üzərindən 1 milyard kubmetr qazın Suriyaya ixracı məsələsi Suriya rəhbərinin Bakıya səfəri çərçivəsində müzakirə olunub. Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın ölkəmizə işgüzar səfəri çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb.

Türkiyə ilə Suriyanı birləşdirən qaz kəməri artıq bərpa edilib. Suriyanı İordaniya ilə birləşdirən qaz kəməri dağıdılsa da, onun bərpası mümkündür. Bu, Azərbaycan qazının Suriyadan keçməklə Misirə qədər çatdırılması üçün imkan yaradacaq. 

Göründüyü kimi, Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində dünyada etibarlı və güvənili tərəfdaş kimi tanınan Azərbaycan Yaxın Şərq ölkələri ilə də hərtərəfli əməkdaşlıq edir. Obrazlı ifadə etsək, Yaxın Şərq Azərbaycan üçün daha yaxın olur.

 

Yasəmən MUSAYEVA, 

“Azərbaycan”

1Sources