EN

Xocalı nəhəng tikinti meydanını xatırladır

Qırx dörd günlük Vətən müharibəsindəki tarixi Qələbə nəticəsində işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun yenidən dirçəldilməsi üçün çox böyük layihələr həyata keçirilir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə etdikləri hər səfər xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır.  Çünki bu səfərlər zamanı Qarabağda və Şərqi Zəngəzurda yeni müəssisələrin təməli qoyulur, açılışlar edilir, həmin rayonların sosial-iqtisadi inkişafı üçün ciddi bazalar, infrastruktur yaradılır. Erməni vandalizminin qurbanı olan tarixi və dini abidələrimizin, məscidlərimizin bərpası istiqamətində də işlər uğurla həyata keçirilir. Həmin abidələrin yenidən qurulub ərsəyə gəlməsində Heydər Əliyev Fondu yaxından iştirak edir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri və rəhbərliyi ilə Fondun reallaşdırdığı layihələrin əhatə dairəsi olduqca genişdir.

Qarabağın və Şərqi Zəngəzurun zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün ciddi addımlar atılır. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamı bunun bariz nümunəsidir. Ekspertlərin qeyd etdikləri kimi, Dövlət Proqramının əsas hədəfləri infrastrukturun, iqtisadiyyatın formalaşması, inteqrasiyası, sosial inkişaf və ərazilərdə ekoloji mühitin yaxşılaşdırılmasıdır. Hədəflər müasir çağırışlara uyğundur. Qarabağ və Şərqi Zəngəzurda mənfur düşmən tərəfindən infrastruktur tamamilə dağıdılıb. Hazırda onun yenidən qurulması istiqamətində işlər gedir. Proqramda nəqliyyat və logistik imkanların genişlənməsi, şəhər, qəsəbə və kənd tipli yaşayış məntəqələrinin qurulması nəzərdə tutulub.

Bu gün genişmiqyaslı layihələrin uğurla reallaşdırılması sayəsində Qarabağ və Şərqi Zəngəzur nəhəng tikinti meydanını xatırladır. Artıq Zəngilan rayonunun Ağalı və Tərtər rayonunun Talış kəndlərində, Laçın, Füzuli şəhərlərində, Xocalıda və digər ərazilərdə keçmiş köçkünlər firavan həyat sürürlər. Sürətlə həyata keçirilən bərpa-quruculuq işlərində əsas məqsədlərdən biri də Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır. Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək.

 Uzun müddətin və böyük maliyyənin tələb olunmasına rəğmən hazırda Azərbaycan dövləti tərəfindən heç bir donorun-digər dövlətlərin və beynəlxalq təşkilatların yardımı olmadan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesi davam edir. Bütün bunların sayəsində vətəndaşlarımız öz yurdlarına, yeni evlərinə köçürülür.

Bu gün işğaldan azad edilmiş bütün ərazilərdə olduğu kimi, Xocalı rayonunda da həyat qaynayır. Xocalı bu gün sözün əsl mənasında tikinti meydanını xatırladır. Prezident İlham Əliyevin iyulun 18 də Xocalı kərpic zavodunun açılışında iştirak etməsi, rayounun Təzəbinə kəndində görülən işlərlə tanış olması 30 illik həsrətdən sonra öz dogma yurdlarına qayıdan ailələrə baş çəkməsi hər kəsin qəlbini iftixar hissi ilə doldurur.

Xocalı rayonunun Daşbulaq kəndində inşa olunan, dəyəri 8.5 milyon manat olan kərpic zavodunda 60 nəfər daimi işlə təmin edilib.  İşçilərin əksəriyyəti işğaldan azad edilmiş rayonların sakinləridir. Gələcəkdə zavodda iş yerlərinin sayının 120-yə çatdırılması nəzərdə tutulur. Müəssisənin illik istehsal gücü 16,2 milyon ədəd kərpic təşkil edir. Zavodda müasir alman və Türkiyə texnologiyaları, eyni zamanda, enerji səmərəliliyinə və ətraf mühitin qorunmasına yönəlmiş texnologiyalar tətbiq olunur. Zavod üçün əsas xammal mənbəyi Xocalı şəhərinin yaxınlığında yerləşən “Xocalı” gil yatağıdır. Müəssisənin sahəsi bir hektara yaxındır. Bundan əlavə, 6,5 hektar ərazi xammalın saxlanılması üçün ayrılıb. Müəssisə işğaldan azad edilmiş ərazilərin rezidentlərinə təqdim olunan bütün güzəşt və azadolmalardan yararlanacaq.

1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən, 2023-cü ilin sentyabrında şanlı Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror tədbirləri nəticəsində yağı tapdağından azad olunan Xocalı rayonunun Təzəbinə kəndi demək olar ki, yenidən qurulur. 2025-ci il iyulun 14-də 28 ailə - 125 nəfər yaşamaq üçün kəndə qayıdıb. Bu ilin sonunadək ümumilikdə 197 fərdi ev hazır olacaq. Gələn il isə daha 159 fərdi evin təmir-tikintisi yekunlaşacaq. Hazırda kəndin müasir sosial infrastrukturunun qurulması istiqamətində işlər davam edir. Belə ki, 15,5 kilometr uzunluğunda 10 kV-luq elektrik xətti təmir-bərpa olunub, sayğaclaşdırma prosesinə başlanılıb, 11,4 kilometr uzunluğunda təbii qaz xətti çəkilib, 1,2 kilometr uzunluğunda mövcud xətt isə bərpa olunub. Həcmi 300 kubmetr olan su anbarı və içməli su şəbəkəsi təmir edilib, 16 kilometr uzunluğunda rabitə xətti çəkilib və abonentlərin stasionar telefon, internet və İPTV xidmətləri ilə əhatə edilməsi üçün şərait yaradılıb. 3100 metr uzunluğunda kənddaxili yollara asfalt örtüyü salınıb, məktəbəqədər və ümumtəhsil müəssisələrinin binalarının təmir-bərpası istiqamətində hazırlıq işləri görülür, ambulatoriya mərkəzi və market üçün nəzərdə tutulmuş bina əsaslı təmir edilir. Kənddə sakinlərin istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün bir hektar ərazisi olan müasir istirahət parkı yaradılıb.

Böyük Qayıdış prosesi hazıda uğurla davam etdirlir. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan güclü iqtisadiyyata malik olan dövlətdir. Tarixinin ən qüdrətli və şərəfli dövrünü yaşayan Azərbaycan işğaldan azad edilmiş ərazilərdə yalnız öz iqtisadi gücünə arxalanaraq böyük işlər görür. Təbii ki, bu istiqamətdə həyata keçirilən tədbirlər Böyük Qayıdışın sevincini yaşayan insanlarımızda qürur hissi oyadır.

Zahid Rza, “İki sahil”

Chosen
9
ikisahil.az

1Sources