Futbol üzrə Azərbaycan milli komandasının mərkəz müdafiəçisi Mert Çelik bundan sonra “Sivasspor”un uğurları üçün çalışacaq.
Arena.az bu barədə Türkiyə klubunun rəsmi saytına istinadən xəbər verir.
Bu yay Azərbaycan Premyer Liqasını tərk etmiş “Səbail”dən azad agent kimi ayrılan futbolçu karyerasını Türkiyədə davam etdirməyə qərar verib. 25 yaşlı mərkəz müdafiəçisi “Sivasspor”la anlaşıb. Tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Qeyd edək ki, bu yay Super Liqanı tərk etmiş “Sivasspor” yeni mövsümdə Türkiyə Birinci Liqasında mübarizə aparacaq.
Mert Çelik futbola “Qalatasaray”ın futbol akademiyasında başlasa da, “Başakşəhər”, “Kırşehir Belediyespor” kimi klublarda oynayıb. 2020-ci ildə Azərbaycana üz tutmuş futbolçu burada “Neftçi” və “Səbail”in formasını geyinib. O, bir müddət icarə əsasında “Bandırmaspor”da çıxış edib.
Karyerası ərzində 120 oyunda 3 qola imza atmış Mert, bir müddət Türkiyənin U-19 və U-20 yığmalarında oynayıb, daha sonra Azərbaycan vətəndaşlığı alaraq U-21 millimizin uğurları üçün çalışmağa başlayıb. Bu ilə isə Mert Azərbaycanın əsas yığmasında da debüt şansı qazanıb.

