MDB-nin baş katibi Sergey Lebedev hesab edir ki, rəsmi Bakının Moskvaya nümayəndə göndərməməsi “müvəqqətidir və bu vəziyyət tezliklə normallaşacaq”
“Ermənistanın MDB-dən çıxmaq istəyi ilə bağlı heç bir siqnal olmayıb, bu variant istisna edilir”. Musavat.com xəbər verir ki, bunu TASS-a MDB-nin baş katibi Sergey Lebedev deyib. “Mən bu variantı tamamilə istisna edirəm, bizdə Ermənistanın və eynilə, Azərbaycanın da MDB-dən çıxacağına dair heç bir işarə yoxdur” deyə, o bildirib. Lebedev Ermənistanın MDB-nin müxtəlif iclaslarında iştirakını davam etdirdiyini vurğulayıb. "Bu gün Ermənistanın səlahiyyətli nümayəndəsi MDB İqtisadi Şurasının iclasında olub, məsələlərin mahiyyəti barədə danışıb, bir sıra sənədləri imzalamaq səlahiyyətinə malikdir", - MDB sədri qeyd edib.
MDB-nin baş katibi ümid edir ki, Azərbaycandan olan nümayəndə heyətinin MDB-nin İqtisadi Şurasının iclasında iştirak etməməsi “müvəqqətidir və tezliklə vəziyyət normallaşacaq”. Lebedev Azərbaycan nümayəndəsinin Moskvadakı tədbirdə niyə iştirak etməməsinin səbəblərini bilmədiyini söyləyib.
“Onlar (Azərbaycanın nümayəndələri) bizə məlumat vermədilər, amma mən çox ümid edirəm ki, vəziyyət əvvəlki məcrasına qayıdacaq və Azərbaycan inteqrasiya əməkdaşlığının fəal iştirakçısı olub və elə də qalacaq”, o TASS-a bildirib.
MDB-nin baş katibi qeyd edib ki, həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də respublikanın baş naziri Əli Əsədov təşkilatın fəaliyyətində fəal iştirak etmək istəklərinə əminliklərini ifadə ediblər. Lebedev MDB çərçivəsində münasibətlərin tezliklə normallaşmasına ümid etdiyini bildirib.
Azərbaycan Nazirlər Kabinetinin mətbuat xidmətindən TASS-a bildiriblər ki, onlar ölkənin baş nazirinin müavininin iclasda iştirakı və ya iştirak etməməsi barədə məlumatlara malik deyillər.
Musavat.com