Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu “Nyukasl”ın hücumçusu Aleksandr İsakı transfer etmək niyyətindədir.
90deqiqe.Az xəbər verir ki, ərəb klubu 25 yaşlı forvardı heyətinə qatmaq üçün çox sərfəli təklif hazırlayır.
Lakin, “Nyukasl” rəhbərliyi komandanın aparıcı üzvlərindən biri olan futbolçunu, hətta yüksək məbləğ qarşılığında belə satmaq istəmir.
Qeyd edək ki, daha öncə İngiltərənin digər nəhəngi “Liverpul”un da İsakla maraqlandığı bildirilmişdi. Mersisayd təmsilçisinin bu transfer üçün €100–120 milyon aralığında təklif hazırladığı iddia olunub.
Aleksandr İsak ötən mövsüm “Nyukasl”ın heyətində bütün turnirlər üzrə 42 oyuna çıxaraq 27 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. İsveçli forvardın klubla olan müqaviləsi 2028-ci ilin iyun ayının sonuna kimi qüvvədədir. Transfermarkt portalı futbolçunun dəyərini €120 milyon olaraq göstərir.