EN

Ankarada tank istehsalı zavodu qurulur

Bu il iyulun 15-dək Türkiyənin müdafiə sənayesi üzrə ixracatı 4 milyard Amerika Birləşmiş Ştatları (ABŞ) dollarına çatıb. Bu rəqəm ötən ilin eyni dövründə 3 milyard, ilin sonunda isə 7,1 milyard dollar təşkil edib. Ölkə şirkətləri son 6 ay yarım ərzində sahə üzrə ümumilikdə 6 milyard dollarlıq müqavilə imzalayıblar.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyasının Müdafiə Sənayesi Baş İdarəsinin sədri Haluk Görgün Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (“IDEF 2025”) çərçivəsində media nümayəndələri ilə görüş proqramında bildirib.

Görgün qeyd edib ki, hazırda Türkiyə müdafiə sənayesi sahəsində ixracat edən ölkələr arasında 11-ci yerdədir, lakin qısa müddət ərzində ilk 10-luqda yer almağı hədəfləyir. Ölkə üzrə müdafiə sənayesi sahəsində 3 min 500-dən çox firmanın fəaliyyət göstərdiyini bildirən sədr onların əksəriyyətinin KOBİ-lər olduğu, böyük layihələrdə isə yüzlərlə, bəzən minə yaxın firmanın iştirak etdiyini deyib. Görgün əlavə edib ki, sektor daxilindəki 3 min 500-dən çox firmanın 2 mini ixracatla məşğul və Türkiyədə 54 şəhər müdafiə sənayesi ixracatı potensialına malikdir. Hər il sektor üzrə ən azı 5 türk şirkəti dünya üzrə ilk 100 müdafiə sənayesi şirkəti siyahısına daxil olur. Artıq bu şirkətlər ilk 40-lıqda və 50-likdə yer almağa başlayıb.

O vurğulayıb ki, ötən il ixracatın təxminən 55 faizi NATO və Avropa İttifaqına üzv ölkələrə edilib: “Türkiyə inkişaf etdirdiyi texnoloji məhsulları, müdafiə sənayesində istehsal etdiyi orijinal sistemləri, platformaları və alt sistemləri əhəmiyyətli dərəcədə ABŞ və NATO ölkələrinə ixrac edib. Bu ilin ilk 6 ayında Türkiyə ixracatında ilk 5 dövlətin 4-ü Avropa ölkəsi olub. Bu da göstərir ki, Türkiyə maliyyət baxımından sərfəli və yüksək texnologiyalı məhsullar istehsal edir”.

Müdafiə sənayesində məhsul ixrac etməyin asan olmadığını bildirən Görgün silahlı pilotsuz uçuş aparatlarında (SİHA) 2018-ci ildən indiyədək dünya bazarının 65 faizinin Türkiyəyə aid olduğunu deyib.

İstanbulda keçiriləcək IDEF barədə danışan sədr bildirib: “Ötənilki sərgidə 187 nümayəndə heyəti, 35-ə yaxın nazir və nazir müavini iştirak edib. Tədbir əsnasında 5 mindən çox planlaşdırılmış görüş keçirilib, təxminən 150 müqavilə və niyyət protokolu imzalanıb. Bu il bu rəqəmlərin daha da çox olacağı proqnozlaşdırılır”.

IDEF çərçivəsində Atatürk Hava Limanından da istifadə ediləcəyinə diqqət çəkən Görgün deyib ki, sərgi açıq və qapalı məkanlarda keçiriləcək.

Türkiyənin bu il üç ədəd ALTAY tankını təhvil veriləcəyini bildirən sədr deyib: “Ankarada böyük bir tank istehsalı zavodu qururuq. Həm bu zavodun açılışı, həm də tankların təhvili birlikdə həyata keçiriləcək. Təhvil verilən tankların ixtisaslaşdırma testləri davam edir. Eyni zamanda, istifadəçi tərəfindən əlavə tələblər var. Tanklar milli bayramlardan birində təhvil veriləcək”.

Görgün Pakistan və İndoneziya ilə müdafiə sənayesi sahəsində qarşılıqlı görüşmələrin davam etdiyini söyləyib. O, Pakistana müdafiə sənayesi müşavirin təyin edildiyini xatırladaraq, yaxın zamanda İndoneziyaya da müdafiə sənayesi müşaviri göndəriləcəyini bildirib.

Chosen
13
1
ikisahil.az

2Sources