Paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsi, keçmiş Frunze, indiki Namiq Allahverdiyev ünvanında yaşayan sakinlər qəzalı vəziyyətə düşmüş evlərin söküntüsünün yarımçıq saxlanılmasından narazıdırlar.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, onlar 30 ildən çox yaşadıqları bu qəzalı evlərin plana düşdüyünü eşidəndə çox seviniblər. Lakin sevincləri uzun çəkməyib.
Burada olan evlərin hamısı qəzalı vəziyyətdə olsa da, nədənsə söküntü qərarı 8 mənzilə şamil olunmur.
Sakinlər narahatdırlar ki, ərazidə genişmiqyaslı söküntü işləri başlasa onların kanalizasiya, su, eləcə də işıq xətləri təhlükə altında qalacaq.
Odur ki, narazı sakinlər qəzalı vəziyyətdə yaşadıqları evlərin də plana salınmasını və sökülməsini istəyirlər.
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etdik. Bildirildi ki, həmin evlər 3 saylı xüsüsi təyinatlı mənzil kommunal təsərrüfatı birliyinin nəzdindədir.
O qurumdan isə qeyd olundu ki, sözügedən ünvandakı bina qəzalı vəziyyətdə olduğu üçün tərəfimizdən akt tərtib olunub, aidiyyəti qurumlara göndərilib. Söküntü işləri isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçirilir.
Şəhərsalma və Arxitektura Komitəsindən isə bildirdilər ki, sözügedən mənzillər quruma təqdim edilən keçmiş Frunze 16 nömrəli bina ilə üzbəüz ərazidə yerləşir. Ona görə də aidiyyəti qurum tərəfindən Komitəyə təqdim edilmiş qəzalı binalarla bağlı siyahıda öz əksini tapmayıb. Fövqəladə Hallar Nazirliyindən isə məsələnin araşdırılacağı bildirildi.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.