AMEA Mərkəzi Elmi Kitabxanasında Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illiyinə həsr edilmiş tədbir keçirilib.
"Unikal" xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Mərkəzi Elmi Kitabxananın inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri düzüb, Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra Mərkəzi Elmi Kitabxanada kitab sərgisinə baxış keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, “Mətbuat pr.529-cu məhəllə” (Respublika qəzeti) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Respublika qəzetinin baş redaktoru Hümbət Musayev, Azərbaycan qəzetinin şöbə redaktoru İradə Əliyeva, Milli Məclisin deputatı, “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə çıxış ediblər.
Qeyd olunub ki, Azərbaycan milli mətbuatının yaranmasının 150 illik yubileyinin qeyd olunması ilə bağlı Prezident İlham Əliyevin müvafiq Sərəncamı dövlətin mətbuata, jurnalistika və onun təmsilçilərinə olan dəyərinin növbəti nümunəsidir.
Vurğulanıb ki, Azərbaycan Milli Mətbuatı xalqımızın maariflənmə və milli oyanış tarixinin ayrılmaz hissəsidir. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi tərəfindən nəşrə başlayan “Əkinçi” qəzeti ilə Azərbaycan milli mətbuatının əsası qoyuldu. Qəzetin 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, o, Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rol oynayıb.
Qeyd olunub ki, müasir dövrdə milli mətbuatımızın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu. Ulu Öndərin mətbuata göstərdiyi diqqət və qayğı Ümummilli Liderin layiqli varisi Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
Çıxışlarda Vətən müharibəsində və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolundan ətraflı bəhs edilib.
Sonra 22 İyul - Milli Mətbuat Günü münasibətilə bir qrup jurnalistə fəxri fərman təqdim edilib.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.