EN

Suriyada Türkiyə-İsrail müharibəsi hər an başlaya bilər...


Bəhruz Quliyev: “Hərbi qarşıdurma heç bir tərəfə fayda verməyəcək, əsas yol dialoq, anlaşma və regional əməkdaşlıqdır”

Məlum olduğu kimi, Suriyada daxili vəziyyət yenidən qarışıb. Suriyanın cənubunda druzların kompakt yaşadığı Suveyda vilayətində bir neçə gündür davam edən döyüşlərdən sonra hökumət qüvvələri vilayətin eyni adlı mərkəzinə daxil olub.

Druzlarla bədəvilərin vuruşduğu vaxtda İsrail də paytaxt Dəməşqə zərbələr vurmağa başlayıb. Belə ki, iyulun 17-də gecə saatlarında İsrail Hərbi Hava Qüvvələri Suriyanın paytaxtı Dəməşqə hava hücumları həyata keçirib. Zərbələr şəhərin strateji nöqtələrinə, o cümlədən Əməvi meydanı yaxınlığına endirilib.

Onu da qeyd edək ki, Suriyanın yeni hakimiyyəti ilə Türkiyənin çox yaxşı münasibəti var. Belə vəziyyətdə Suriyada Türkiyə və İsrailin müharibə meydanında üz-üzə gəlməsi mümkündürmü? İsrail-Türkiyə müharibəsinin qarşısını almaq üçün nə etmək lazımdır?

“Suriyanın yeni rəhbərliyinin Türkiyə ilə yaxın əlaqələr qurması bölgədə maraqların toqquşması ehtimalını artırır”

"Səs" qəzetinin Baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, son günlər Suriyada vəziyyət bir daha qarışıb. Druz və bədəvi tayfalarının silahlı qarşıdurması fonunda İsrail ordusunun Dəməşqə hava zərbələri endirməsi diqqət çəkir: “Eyni zamanda, Suriyanın yeni rəhbərliyinin Türkiyə ilə yaxın əlaqələr qurması bölgədə maraqların toqquşması ehtimalını artırır. Bu vəziyyətdə sual yaranır: Türkiyə və İsrail Suriyada qarşı-qarşıya gələ bilərmi?

Qeyd edim ki, Azərbaycan üçün həm Türkiyə, həm də İsrail yaxın və etibarlı tərəfdaşlardır. Türkiyə bizim qardaş ölkəmiz, İsrail isə strateji müttəfiqimizdir. Odur ki, biz bu iki ölkənin bölgədə birbaşa qarşıdurmaya gedəcəyini istəmirik və bu, regional sabitlik üçün ciddi təhlükə yarada bilər".

Ekspert hesab edir ki, Azərbaycan kimi neytral və dost ölkələr sülh mesajları verməli və üçüncü tərəf kimi çıxış etməlidir: "Biz regionda sabitliyin tərəfdarıyıq və dostlarımız arasında münasibətlərin gərginləşməsini istəmirik. Suriyada baş verənlərə soyuqqanlı və diqqətli yanaşmaq lazımdır. Hərbi qarşıdurma heç bir tərəfə fayda verməyəcək. Əsas yol dialoq, anlaşma və regional əməkdaşlıqdır”.

Günel CƏLİLOVA

Chosen
75
baki-xeber.com

1Sources