EN

Şair Arif Fərzəli ilə görüş - MASALLIDA

Şair Arif Fərzəli ilə görüş - MASALLIDA

 

Masallıda Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair-publisist Arif Fərzəli ilə görüş keçirilib.
Şairin anadan olmasının 69 illiyi ilə bağlı mərkəzi kitabxanada təşkil olunan tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, yazarlar, mədəniyyət və təhsil işçiləri, oxucular iştirak ediblər. 
Əvvəlcə dünyasını dəyişmiş yerli ədiblərin və şəhidlərimizin xatirəsi ehtiramla anılıb.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev sevilə-sevilə oxunan Arif Fərzəlinin Azərbaycan ədəbiyyatında özünəməxsus mövqeyindən bəhs edib. 
Sonra yazıçı-publisist Əlizaman Baxış şairin həyat və yaradıcılığından danışıb.
Adı respublikanın ədəbi mühitində yetərincə tanınan istedadlı şairin tükənməz poetik dünyasından söz salan “Masallı Ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fətullayev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin sədri Rasim Nurullayev, millət vəkili Məşhur Məmmədovun köməkçisi Əli Nağıyev, Əməkdar jurnalist Zakir Abbas, veteran jurnalist Əyyub Mehdiyev, jurnalistlər Akif Ağayev, Cəfər Cəfərov, şair Məmmməd Əvəzoğlu, Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranlar Təşkilatı Masallı rayon şöbəsinin sədri Ramiz Tağıyev, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva, dostları Hikmət Xəlilov, Azadə Xəlilova qeyd ediblər ki, hər zaman olduğu kimi bu gün də Arif Fərzəlinin şeirləri, publisist yazıları oxucular tərəfindən maraqla qarşılanır, səmimiliyi ilə seçilir. Vətənpərvər şairin müxtəlif mövzulardakı əsərlərində adi detallardan ustalıqla istifadəsi diqqətçəkəndir. 
Çıxış edənlər şairə cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıb, poeziyasından nümunələr səsləndiriblər.
Balaca Zəhra babasını təbrik edib, şeirini söyləyib.
Tədbir zamanı filologiya elmləri doktoru, görkəmli tənqidçi Vaqif Yusiflinin, iqtisad elmlərim doktoru, professor, şair Rəsmiyyə Sabirin Arif Fərzəliyə təbrik məktubları oxunub. 
Qeyd edək ki, Arif Fərzəli (Arif Xudakərim oğlu Fərzəliyev) 1956-cı ildə Masallı rayonunun Xırmandalı kəndində, ziyalı ailəsində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) kimya fakültəsini bitirsə də, bədii yaradıcılığa ömürlük könül verib. M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunun poeziya şöbəsində ikinci təhsil alıb.
İlk şeirləri Masallıda çıxan “Çağırış” qəzetində dərc edilən şairin əsərləri sonradan respublikanın dövrü mətbuatında nəşr olunub. Pedaqoji fəaliyyəti ilə yanaşı ayrı-ayrı illərdə "Gənclik" jurnalının bölgə müxbiri, "Qala" qəzetinin baş redaktor müavini işləyib.
“Toxuma həsrət torpaq”, “Sizin dünya”, “Ömür yarımçıq qalmır”, “Yağışa düşən qərib”, “Tarix kitabı”, “Ömürdən iki yarpaq” kitablarının müəllifidir.

 

Akif AĞAYEV,

 

video-foto: Elsevər Əliyev.


 

Chosen
26
qht.az

1Sources