EN

Ermənistan Azərbaycanla sülhə məcburdur -

Rusiya Erməniləri İttifaqının rəhbəri Nikol Paşinyanı istefaya çağırıb. O bildirib ki, Paşinyan ya baş nazir postundan getməlidir, ya da növbəti parlament seçkilərində iştirak etməməlidir. Bəs Ermənistanın baş naziri hakimiyyətdən gedərsə, Azərbaycanla münasibətlər necə dəyişəcək? Millət vəkili Aydın Mirzəzadə Metbuat.az-a açıqlamasında bildirib ki, Ermənistanın daxili siyasi prosesləri həmin ölkənin daxili işidir və kimin hakimiyyətdə olmasını Ermənistan özü müəyyənləşdirir: “Azərbaycan hüquqi səlahiyyəti olan legitim hakimiyyətlə danışıqlar aparır. Hazırda hakimiyyətdə baş nazir Nikol Paşinyandır və Azərbaycan onunla sülh müqaviləsinin imzalanması və bu istiqamətdə şəraitin yaradılması ilə bağlı danışıqlar aparır. Əgər Ermənistan Konstitusiyasında dəyişiklik edərsə və eyni zamanda ATƏT-in Minsk qrupunun buraxılması üçün hər iki tərəfin birgə müraciəti olarsa, sülh müqaviləsi imzalana bilər. Bu mərhələdən sonra ölkələr arasında normal qonşuluq münasibətlərinin yaranması mümkündür”. A.Mirzəzadə qeyd edib ki, Ermənistanın siyasi rəhbərliyində kimin olmasından asılı olmayaraq, onlar mütləq Azərbaycanla sülhə nail olmağa çalışacaq: “Çünki Ermənistanın çıxış yolu Azərbaycanla sərhədləri tanımaqdan, Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətləri qurmaqdan, ticarət əlaqələrini inkişaf etdirməkdən, humanitar əlaqələri genişləndirməkdən və ərazi iddialarına son qoymaqdan keçir. Hesab edirəm ki, bu gün sülh müqaviləsi Azərbaycandan daha çox Ermənistana lazımdır. Ermənistanda gedən daxili proseslər isə, əslində, həmin müqaviləyə kimin imza atacağı uğrunda aparılan mübarizədən ibarətdir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Chosen
19
metbuat.az

1Sources