EN

Ağasəlim Mircavadov: “Sabah”ın futbolçularını qınamaq olmaz”

“Sabah” Avropa Liqasında mübarizəni dayandırıb. “Bayquşlar” I təsnifat mərhələsində “Selye” (Sloveniya) ilə duellərdən məğlub ayrılıb (2:3, 3:3).

İdman.biz xəbər verir ki, Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov “FutbolPress“ə açıqlamasında oyunuları dəyərləndirib.

Təcrübəli mütəxəssis iki oyunun arasında böyük fərq olduğunu deyib: "Cavab matçında “Sabah” daha diri, istəkli, aqressiv görünürdü. Komandada bəzi şeylər dəyişmişdi. Mərhələ adlamaq arzularında olduqları görünürdü. Lakin oyunun əlavə vaxta getməsi və komandanın yorulması rəqibin fərqlənməsinə səbəb oldu. “Sabah”ın futbolçularını qınamaq olmaz. Onlar əllərindən gələni etdilər, çox çalışdılar, lakin alınmadı”.

O, “Sabah”dakı çatışmazlıqlara toxunub: “Futbolda vacib amillərdən biri istəkdir. Düzdür, komanda istəkli idi, psixoloji baxımdan oyuna yaxşı hazırlaşdıqları görünürdü. Ancaq ilk oyundakı səhvlər, xüsusilə, müdafiədəki problemlər turun getməsinə səbəb oldu. Birinci oyunun son dəqiqəsində “Sabah”ın mərkəz müdafiəçisinin rəqibini qaçırması, hərəkətsiz qalması qolla yekunlaşdı və bəlkə də bu, turun əldən çıxmasına səbəb an idi. Müdafiədə problemlər aşkardır. Dünənki oyunda da komandanın sağ cinahı yaxşı görünmürdü və “Çelye” əsas hücumlarını burdan edirdi. Onların bərabərlik qolunda da müdafiəçimiz rəqib oyunçunu qaçırmışdı. Müdafiədən əlavə, komandanın yarımmüdafiə xəttində də yaradıcılıq çatmırdı. Komandanın cinahları hücumda aktiv olsa da, mərkəzdən oyun qurmaqda çatışmazlıqlar görünürdü. “Sabah”ın bu məsələni həll etməsi lazımdır. Həm yeni transferlərə ehtiyac var, həm də komanda oyun baxımından inkişaf etməlidir”.

Mircavadov komandanın yeni baş məşqçisi Valdas Dambrauskasın işindən danışdı və “Sabah”ın Premyer Liqadakı çıxışından gözləntilərini bölüşüb: “Baş məşqçi yeni gəlib. 10 günə ondan nəsə iş tələb etmək, qiymət vermək olmaz. Amma onu deyə bilərəm ki, iki oyun arasında kifayət qədər böyük fərq oldu. Səhvlərin üzərində işlənilmiş, bəzi dəyişikliklər edilmişdi. Amma yenə deyirəm, nəsə danışmaq hələ tezdir. Komandanın çempionatdakı hədəflərinə gəlincə… Bilirsiz necədir, 15 il əvvəl liqada 5-6 komandanın çempionluğa oynayacağını demək olurdu. İndi isə elə deyil. Bircə “Qarabağ” var. Başqa kiminsə çempionluğa iddia edəcəyini demək olmur. Lakin namizədlərin sayı çox olsa, “Qarabağ” üçün də faydalı olar, oyunlara daha ciddi yanaşar, rəqabət və səviyyə artar. “Sabah”ın çempionluq üçün mübarizə aparacağını indidən deyə bilmərəm”.

Sabiq məşqçi “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Petrokub” (Moldova) haqda danışıb: “Komanda Avropa Liqasına vida etsə də, yoluna davam edir. Budəfəki rəqib “Çelye”dən səviyyəcə aşağıdır və “Sabah” mərhələni adlamalıdır. Vaxta bir həftə qalıb və inanıram ki, yaxşı hazırlaşıb, turu keçəcəklər”.

İdman.biz

Chosen
13
1
idman.biz

2Sources