1875-ci ildə nəşr olunan və bununla da böyük işıq qaynağına çevrilən "Əkinçi" qəzeti Həsən bəy Zərdabinin maarifçilik əzminin nəticəsi olaraq meydana gəlmişdir. Qəzet təhsil, mədəniyyət və kənd təsərrüfatı mövzularına geniş yer ayırmaqla yanaşı, Azərbaycan dili və milli mədəniyyətin təbliğində mühüm rol oynamışdır. Bu nəşr Azərbaycanda müasir milli mətbuatın əsasını qoymaqla yanaşı, ölkəmizdə medianın inkişafına da təkan vermişdir. «Əkinçi»dən başlayan mətbuat tariximiz sonrakı illərdə də keşməkeşli yollar keçərək xalqımızın maariflənməsində mühüm işlər görmüşdür. Bu il ölkəmizdə Azərbaycan milli mətbuatının 150 illiyi qeyd olunur. Dövlət başçımız İlham Əliyevin təşəbbüsü ilə 2025-ci il 3 fevral tarixində “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” Azərbaycan Respublikasının yubiley medalı təsis olunmuşdur. O cümlədən, cənab Prezident 2025-ci ilin 25 aprel tarixində “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır.
Milli mətbuatımızın inkişafı ölkədə həyata keçirilmiş köklü islahatlarla sıx bağlıdır. 1993-cü ildən etibarən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə cəmiyyətin bütün sahələrini əhatə edən islahatlar həyata keçirilmiş, bu proses mətbuat sektorunu da əhatə etmişdir. Söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılmış, senzura ləğv edilmiş, medianın hüquqi və iqtisadi əsasları gücləndirilmişdir. Mətbuatın azad və müstəqil fəaliyyət göstərməsi üçün mütərəqqi qanunvericilik bazası formalaşdırılmış, vətəndaş cəmiyyəti quruculuğunda medianın rolunun artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir.
Ölkəmizdə mətbuatın inkişafı Ulu Öndər Heydər Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində mümkün olmuşdur. “Jurnalistlərin dostu” kimi tanınan Heydər Əliyev, ölkənin müharibə şəraitində yaşadığı dövrdə belə, mətbuat azadlığının qorunmasına xüsusi diqqət yetirərək 1998-ci ildə dövlət senzurasını tamamilə ləğv etmişdir. Bu tarixi addım milli mətbuatın azad inkişafına geniş imkanlar yaratmışdır. Hazırda ölkədə çoxsaylı qəzet və jurnallar nəşr olunur, onlayn media və internet qəzetçilik geniş yayılıb.
Milli mətbuatın inkişafına və tarixi irsin yaşadılmasına yönəlmiş təşəbbüslər Prezident İlham Əliyevin sərəncamları ilə ardıcıl şəkildə həyata keçirilmişdir. Milli mətbuatın 125, 130, 135, 140 və 145 illik yubileyləri dövlət səviyyəsində qeyd olunmuş, bu yubileylər vasitəsilə həm jurnalistika tariximizə ədalətli qiymət verilmiş, həm də gələcək nəsillərə dəyərli irs ötürülmüşdür. Bu tədbirlər mediamızın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində əvəzsiz oynamışdır. Prezident İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” sənəd imzalanmış, bu sənəd çərçivəsində yeni institusional mexanizm – Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) yaradılmışdır. Agentlik mətbuat orqanlarının dayanıqlı inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi və müasir media mühitinə uyğunlaşdırılması məqsədilə mühüm layihə və təşəbbüslər həyata keçirir.
2021-ci il 30 dekabr tarixində qəbul edilən “Media haqqında” Qanun informasiya məkanının hüquqi və institusional tənzimlənməsi istiqamətində mühüm bir mərhələ olmuşdur. Bu qanun medianın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyənləşdirir, informasiya təhlükəsizliyi, yerli medianın rəqabət qabiliyyətinin artırılması və jurnalistikanın peşəkar nüfuzunun gücləndirilməsi üçün hüquqi zəmin yaradır.
Azərbaycan dövlətinin medianın inkişafına verdiyi şiymətin rəmzi olaraq, “Ruh” Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis olunmuş “Jurnalistlərin dostu” mükafatı müxtəlif illərdə ölkə başçılarına təqdim olunmuşdur. Ulu Öndər Heydər Əliyev 2002-ci ildə, Prezident İlham Əliyev isə 2010, 2013, 2017 və 2018-ci illərdə bu mükafata layiq görülmüşdür. Bu mükafatlar, dövlətin mətbuata açıq siyasətinin və medianın müstəqil inkişafına verdiyi dəstəyin təcəssümüdür. Ölkə başçısı İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, söz və mətbuat azadlığı Azərbaycan demokratiyasının əsas sütunlarından biridir: “Azərbaycanda aparılan siyasi islahatların əsas məqsədi ondan ibarətdir ki, ölkədə hər kəs bütün azadlıqlardan istifadə etsin. Söz və mətbuat azadlığı bu baxımdan bizim üçün prioritet məsələdir.”
Ən sevindirici məqam isə odur ki, milli mətbuatımız həm Birinci, həm də İkinci Qarabağ müharibəsi zamanı informasiya cəbhəsində üzərinə düşən missiyanı layiqincə yerinə yetirib. Xüsusilə 44 günlük Vətən Müharibəsində jurnalistlər təkcə informasiya yayımı ilə kifayətlənməyib, həm də erməni dezinformasiyasına qarşı mübarizədə aktiv iştirak ediblər. Onlar düşmən təbliğatını ifşa etmək, dünya ictimaiyyətinə Azərbaycanın haqlı mövqeyini çatdırmaqla informasiya savaşında əsl qəhrəmanlıq nümunəsi göstəriblər.
Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri