EN

Azərbaycan mətbuatı 150 illik yubileyini böyük  uğurlarla qarşılayır

Azərbaycan ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan Milli Mətbuatı iyunun 22-də özünün 150 illiyini qeyd edir. Bu illər ərzində mətbuatımız həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb. "Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının bayraqdarına çevrildi. Qəzet xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük əhəmiyyət daşıyıb. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb.

Müstəqillik illərində isə Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev bütün dövrlərdə mətbuatın inkişafına prinsipial diqqət ayırmışlar. Mətbuat işçiləri ilə mütəmadi təşkil olunan görüşlər, habelə institusional təşəbbüslər mətbuatın davamlı inkişafına səbəb olmuşdur. Milli Mətbuatın inkişafına göstərilən dəstəyə görə Ulu Öndər Heydər Əliyev 2002-ci ildə, Prezident İlham Əliyev 2010, 2013, 2017 və 2018-ci illərdə “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis olunmuş “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşlər.

Prezident İlham Əliyevin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Sərəncamı isə jurnalistlərə yeni əhval-ruhiyyə gətirib, böyük rəğbətlə qarşılanıb. KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar mətbuata və mətbuat işçilərinə qayğının göstəricisidir. Mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə Prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına çoxmərtəbəli yaşayış binaları inşa edilərək jurnalistlərin istifadəsinə verilib..

Prezident İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə Medianın İnkişafı Agentliyi yaradılıb. Bu gün Agentlik tərəfindən ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir.

Ən mühümüy isə İkinci Qarabağ müharibəsində və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında ölkə mətbuatının rolu və jurnalistlərin fəaliyyəti çox mühüm əhəmiyyət kəsb etmişdir. Jurnalistlərimizin fədakarlıq və çeviklik sayəsində dünya ictimaiyyətinə müharibə ilə əlaqədar, o cümlədən rəsmi İrəvanın törədiyi hərbi cinayətlər haqqında dolğun məlumatların çatdırılması təmin edilib. Eyni zamanda xeyli jurnalist Vətən müharibəsinin iştirakçısı olmuş, müxtəlif dövlət mükafatları ilə təltif edilmişlər.

Xüsüusilə Konstitusiyamızda söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib. Sözsüz ki, bütün bu proseslərin əsas iştirakçıları, əldə olunan nəticələrin əsas səbəbkarları Azərbaycan jurnalistləridir. Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir, mətbuatın bütün sahələrdə funksionallığı sürətlə artır. Bu gün jurnalistlərin, milli mediamızın qarşısında cəmiyyəti daha obyektiv, daha peşəkar şəkildə məlumatlandırmaq vəzifəsi dayanır. 2022-ci il dekabrın 14-də söz və mətbuat azadlığı sahəsində dövlətin yeni hədəflərini müəyyənləşdirməyə, onun iqtisadi bazasını, kadr potensialını və peşəkarlıq səviyyəsini artırmağa, KİV sahəsində suverenliyimizi qorumağa xidmət edəcək “Media haqqında” Qanun layihəsi dekabrın 30-da qəbul edilib. Təbii ki, bu Qanun da mətbuatımızın inkişafına dəyərli  töhfələr verəcəkdir.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri

Chosen
4
1
ikisahil.az

8Sources