Martın 16-dan başlayan tikinti işləri tam gücü ilə davam etdirilir. Hazırda olduğumuz ərazidə tikinti işlərinin 80 faizi tamamlanıb.
Trend xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Tikinti şöbəsinin meneceri Sübhan Manafzadə “Formula 1” Azərbaycan Qran-Prisi 2025-in paddok ərazisinə təşkil olunan media-tur çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, iyulun sonunda və avqustun əvvəlində trekin tikintisinə başlamaq planlaşdırılır.
“Bu göstərici əvvəlki illərlə müqayisədə 12 həftədən 6 həftəyə endirilib. Çalışırıq ki, tikinti prosesi nəqliyyatın hərəkətinə və əhalinin asudə vaxtının təşkilinə maneə yaratmasın. Maksimum çalışırıq ki, işlərin müddətini qısaldaraq onları daha tez tamamlayaq.
Tikinti işlərinə 1500–1700 nəfər arası insan cəlb olunub. Podratçılar yerli Azərbaycan şirkətləridir. Trekin daha sürətli qurulması və sökülməsi üçün sistemlərin 60 faizi yenilənib”, - deyə o qeyd edib.
O bildirib ki, bu il paddok daxilində iki yeni bina tikilib.
“Ötən illə müqayisədə 18 min nəfərlik tamaşaçı tribunalarının tutumu 20 min nəfərə çatdırılıb”, – deyə BŞH rəsmisi əlavə edib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.