"İz Mədəniyyətin İnkişafına Dəstək" İctimai Birliyinin sədri Fəridə Mirişova QHT.az-a açıqlamasında keçmişdə mədəniyyətin təşəkkülündə mühüm rol oynamış kitabxana, klub və mədəniyyət evlərinin hazırkı durumu ilə bağlı narahatlığını ifadə edib.
Onun sözlərinə görə, Sovet dövründə ölkənin demək olar ki, bütün kənd və rayonlarında fəaliyyət göstərən bu mədəniyyət ocaqları insanların dünyagörüşünə, estetik zövqünün formalaşmasına və ictimai əlaqələrin güclənməsinə ciddi təsir göstərib:
"Sovet dövründə hər kənddə, rayonda fəaliyyət göstərən kitabxanalar, klublar və mədəniyyət evləri insanların mədəni dünyasını formalaşdıran əsas məkanlardan biri idi. O dövrdə gənclər də, yaşlılar da bu yerlərdən bəhrələnir, oxuyur, öyrənir, dinləyir və paylaşırdılar. Təəssüf ki, bu ocaqların əksəriyyəti zamanla fəaliyyətini itirdi və bunun mədəni həyatımıza təsiri hələ də hiss olunur. İndi daha çox texnologiya və fərdiləşmə ön plandadır, amma məhz bu səbəbdən kollektiv mədəniyyətə, ortaq dəyərlərə və canlı ünsiyyətə ehtiyac daha da artıb. Bu keçmiş təcrübənin gündəmə gətirilməsi həm yaddaşımızın dirçəldilməsi, həm də gələcək üçün mühüm bir addımdır."
Pərvanə Fərhadqızı