Cənubi koreyalı ssenarist və rejissor Hwang Dong-hyuk 2009-cu ildə "Squid Game" adlı bir layihə yazdı, lakin heç bir prodakşn şirkəti bu ssenarini qəbul etmədi.
Valyuta.az xəbər verir ki, o vaxtlar ciddi maliyyə çətinlikləri ilə üzləşən Hwang, şəxsi borclarını ödəmək üçün hətta noutbukunu satmalı olmuşdu.
Onun bu layihəsi 10 il ərzində kənarda qaldı, lakin 2019-cu ildə "Netflix" Asiyada orijinal layihələrə sərmayə yatırmağa başladıqda bu ideyaya yenidən baxıldı.
2021-ci ildə yayımlanan “Squid Game” serialı "Netflix" tarixində ən çox izlənilən seriala çevrildi. Cəmi 28 gün ərzində 142 milyon evə yayıldı və platformaya 1,35 milyard dollarlıq kommersiya dəyəri gətirdi. Layihə nəinki kommersiya uğuru qazandı, həm də Hwang Dong-hyuka 2022-ci ildə “Emmy” mükafatı, eləcə də Cənubi Koreya dövlətindən “Geumgwan Order of Cultural Merit” – ən yüksək mədəniyyət ordenini qazandırdı.
Bütün bu uğurlara baxmayaraq, Hwang ilk sezondan çox gəlir əldə etmədi. O, sadəcə sabit əmək haqqı əsasında işləyib və bəzi xarici mənbələrə görə, bu ödənişin təxmini məbləği 200 min ABŞ dolları (təxminən 340 min manat) olub. "Netflix"ə gəlir isə təxminən 800–900 milyon ABŞ dolları (1,36–1,53 milyard manat) civarındadır.
Hwang öz müsahibəsində bildirib ki, serialdan milyoner olmayıb, çünki royalty və ya bonus gəlirləri əldə etməyib. O, 2-ci və 3-cü sezonlarda iştirak etməklə daha balanslı kompensasiya almağa ümid edir. Yeni sezonlar artıq yayımlanıb və qısa müddətdə milyonlarla baxış toplayıb.
Hazırda Hwang Dong-hyukun şəxsi sərvəti ilə bağlı dəqiq məlumat olmasa da, o, mediaya verdiyi açıqlamalarda “kifayət qədərim var, amma o qədər də varlı deyiləm” deyə bildirib. Bununla belə, bir fikri aydın qalır: 10 illik səbr və inam sayəsində bir ssenari dünya mədəniyyətində əfsanəyə çevrildi.
Mayya Hüseynova