Bakı, 18 iyul, Aysel Azadqızı, AZƏRTAC
Bu il ali məktəblərə qəbul imtahanlarında III ixtisas qrupu üzrə ən yüksək nəticələrdən birini Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Aytac Baxşəliyeva əldə edib. Hər iki mərhələnin cəmi üzrə 691.8 bal toplayan Aytac bu ixtisas qrupunun ən yüksək nəticə göstərən abituriyentidir.
Təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşən Aytac deyir ki, qəbul imtahanlarına hazırlığa X sinifdən başlayıb: “Hazırlıq prosesinə vaxtında başlamağımın nəticəsini gördüm. Bütün fənlərə eyni dərəcədə diqqət ayırmağa çalışsam da, mənim üçün ədəbiyyat xüsusi əhəmiyyət daşıyırdı. Ona daha çox vaxt ayırırdım”.
Aytacın məqsədi ADA Universitetində hüquq sahəsində təhsil almaqdır: “Gələcəkdə isə magistratura təhsilimi xaricdə davam etdirib, Azərbaycana qayıdaraq burada fəaliyyət göstərməyi düşünürəm”.
Hazırlıq prosesində yalnız dərsə fokuslanmadığını vurğulayan abituriyent balanslı yanaşmanın vacibliyini önə çəkir: “Hazırlıq dövründə istirahətə daha çox vaxt ayırmağa çalışırdım. Filmə baxmaq, bədii kitablar oxumaq mənim üçün həm istirahət, həm də fərdi inkişaf vasitəsi idi”.
Təhsil müddətində qazandığı uğurlar da abituriyentin sistemli və məqsədyönlü yanaşmasını nümayiş etdirir. O, VIII, IX, X və XI siniflərdə Azərbaycan dili üzrə respublika fənn olimpiadalarında iştirak edib və bu yarışlardan 2 qızıl, 1 gümüş və 1 bürünc medalla ayrılıb.
Uğur yolunu getmək istəyən abituriyentlərə isə Aytacın tövsiyəsi belədir: “Özünüzə inanın. İnam olduqdan sonra qarşıya qoyulan istənilən məqsədə çatmaq mümkündür”.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə iyulun 6-da ikinci cəhd qəbul imtahanı keçirib.