EN

“Ustad Ələsgərin Göyçə harayı – Vətənə sarı” layihəsi çərçivəsində Saatlıda konsert proqramı keçirildi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Ustad Ələsgərin Göyçə harayı – Vətənə sarı” adlı layihə çərçivəsində Dədə Ələsgər Ocağı İctimai Birliyi tərəfindən növbəti tədbir Saatlı rayonunda təşkil olunub.

Herbiand.az">Herbiand.az xəbər verir ki, tədbir “Saatlı Gənclər Evi”ndə baş tutub. Əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycanın Dövlət Himni səsləndirilib. Tədbir çərçivəsində “Qərbi Azərbaycan həqiqətləri” adlı videoçarx nümayiş olunub.

Tədbirin aparıcısı, Dədə Ələsgər Ocağı İctimai Birliyinin İdarə Heyətinin üzvü Taleh Əliyev iştirakçılara layihə barədə qısa məlumat verib və tədbirin mahiyyətini vurğulayıb.

Daha sonra çıxış edən Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərli layihənin məqsədi haqqında danışaraq bildirib ki, Qərbi Azərbaycan yaddaşının bərpası, eləcə də ustad sənətkar Dədə Ələsgərin irsinin tanıdılması milli kimliyimizin mühüm dayaqlarındandır. O, həmçinin Dədə Ələsgərin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verərək, onun saz-söz məktəbinin yalnız Göyçə mahalı üçün deyil, ümumilikdə Azərbaycan mədəniyyəti üçün əvəzolunmaz dəyər daşıdığını qeyd edib.
Saatlı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Azər Həsənov çıxışında bildirib ki, Saatlıya 1948–1953-cü illərdə Qərbi Azərbaycandan minlərlə soydaşımız köçürülüb və hazırda rayonda 6 minə yaxın Qərbi Azərbaycan köçkünü yaşayır. O, belə layihələrin tarixi yaddaşın qorunmasına və soy-kökümüzə qayıdış baxımından önəmli rol oynadığını vurğulayıb.

Tibb elmləri doktoru, professor İbadulla Ağayev çıxışında Qərbi Azərbaycan torpaqlarını qarış-qarış gəzdiyini, folklor nümunələri topladığını qeyd edib. O, doğma torpaqlarımızda yenidən həyatın bərpa olunacağına və Qərbi Azərbaycanlı soydaşlarımızın öz dədə-baba torpaqlarına qayıdacağına inamını ifadə edib.
Tanınmış şair Ramiz Qusarçaylı tədbirdə “Ələsgər” adlı şeirini səsləndirib. O, çıxışında qeyd edib ki, “Dədə Ələsgər işığı bizi Göyçəyə, Qərbi Azərbaycana aparacaq. Bu gün onun sazı, sözü xalqımızın yolunu aydınladır.”
Tədbirdə Saatlıda yaşayan Ahıska türklərinin nümayəndəsi Həmzə Əliyev çıxış edərək, Qərbi Azərbaycanla bağlı mədəni tədbirlərin bütün türk xalqları üçün önəmli olduğunu bildirib. O, belə layihələrin həm milli həmrəyliyi, həm də tarixi gerçəkləri dirçəltdiyini vurğulayıb.

Konsert proqramında Əməkdar mədəniyyət işçisi, ustad aşıq Bəhmən Göyçəli, aşıq Ramin Qarayev, aşıq Təbriz Vəliyev, Dərya Mərdanzadə və aşıq İbrahim Gədəbəyli Qərbi Azərbaycan və Dədə Ələsgər ruhunu yaşadan ifalarla çıxış ediblər Öz çıxışları ilə tamaşaçılara yaddaqalan sənət axşamı yaşadıblar. Onları balabanda Əməkdar mədəniyyət işçisi Ələkbər Ələkbərov müşayiət edib. İfaçılar Qərbi Azərbaycan saz məktəbinin incə ruhunu, Dədə Ələsgər irsinin canlı nəfəsini musiqi və sözlə tamaşaçılara çatdırıblar. Aşıqların ifası tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Layihə çərçivəsində növbəti tədbirlər Sabirabad, Bərdə və Bakı şəhərində keçiriləcəkdir.



Chosen
20
1
herbiand.az

2Sources